Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Novruz bayramı yüksək əhval-ruhiyyə ilə qeyd olundu
SDU-da Novruz bayramı yüksək əhval-ruhiyyə ilə qeyd olundu
Baharın təravətli nəfəsini özü ilə gətirən Novruz sevinci artıq hər bir yerdə duyulur. Ölkəmizin bütün guşələrində olduğu kimi, Sumqayıt Dövlət Universitetində də martın 17-də Novruz bayramı ilə əlaqədar tədbir keçirildi. Universitetin İdman zalında təşkil olunmuş tədbirdə fakültələrin bayram xonçalarına baxış keçirildi.
Milli geyimdə səhnəyə çıxan aparıcılar hər kəsi salamlayıb Novruz bayramının özəlliklərindən, ənənələrindən bəhs etdilər. Bildirdilər ki, hər bir dövləti, xalqı dünyada tanıdan onun siyasəti ilə yanaşı, milli-mənəvi dəyərləri, adət-ənənələri, mədəniyyəti və elmi potensialıdır. Zəngin tarixə, adət-ənənələrə malik olan Azərbaycan xalqı daim öz tarixi kökləri, milli-mənəvi dəyərləri, zəngin tarixi ilə fəxr edib. Tarixi çox qədim olan Novruz bayramının xalqımız tərəfindən hər il böyük təntənə ilə qeyd olunması da bu bağlılıqdan qaynaqlanır. Bahar bayramı müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz yadigarıdır.
Aparıcılar onu da diqqətə çatdırdılar ki, artıq iki ildir, xalqımız birlik, həmrəylik, bolluq, bərəkət rəmzi olan Novruz bayramını fərqli ovqatda, xoş əhval-ruhiyyə ilə qeyd edir. 2020-ci il Azərbaycan tarixinə Qələbə ili kimi yazıldı. Dövlətimizin başçısı cənab İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Xalqımız bu anı səbirsizliklə gözləyirdi. Cıdır düzündən alovlanan tonqallar xalqımıza 30 illik torpaq həsrətini unutdurub Qələbə sevinci yaşatdı. Bu günlər işğaldan azad edilmiş torpaqlarımızda alovlanan bayram tonqallarının böyük rəmzi və tarixi əhəmiyyəti var.
Ulu öndər Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” fikirlərini xatırladan aparıcılar vurğuladılar ki, ümummilli lider torpaqlarımızın işğaldan azad ediləcəyinə tam əmin idi. Bu əminliyə əsas verən Azərbaycanın düşünülmüş siyasəti, ən əsası, tarixi faktlara, real məsələlərə əsaslanan təbliğatı və onların uğurlu nəticələri idi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyev ümummilli liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini xüsusi qeyd etdi. Ali Baş Komandan İlham Əliyev ilk dəfə  Şuşaya səfər edərək, Cıdır düzündən, Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramını keçirdiyi ərazidən bir daha bəyan etdi ki, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, bayraq, ürəklərində Vətən sevgisi: “Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi”. Nə gözəldir Novruz bayramını qalib xalq olaraq qeyd etmək. Bizə bu günü, bu təntənəni, bu sevinci yaşatmaq üçün canlarını sipər edən igid əsgərlərimizə, müdrik Ali Baş Komandanımıza borcluyuq və şəhidlərimizin ruhu qarşısında baş əyirik. 
Daha sonra universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək tədbir iştirakçılarını  salamladı və hər kəsi Novruz bayramı münasibətilə təbrik edərək xalqımızın zəngin milli-mənəvi dəyərlərini özündə əks etdirən ümumxalq bayramının bütün ailələrə ruzi-bərəkət və firavanlıq gətirməsini arzuladı. Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman övladların unudulmaz xatirəsini bir daha ehtiramla yad edərək onlara Allahdan rəhmət, yaxınlarına səbir dilədi.
Bu bayramın əhəmiyyətindən danışan rektor qeyd etdi ki, Novruz həyatın yenilənməsi, dirçəlişin rəmzidir.  Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramı olmaqla həm də əcdadlarımızın bizə mirası olduğunu bildirdi. Diqqətə çatdırdı ki, Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründən Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil olub. Bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli-mənəvi irsimizə xüsusi qayğı ilə yanaşırlar. Xalqımız bu bayramı daha böyük şövqlə, yüksək əhval-ruhiyyə ilə qeyd edir. Novruz bayramı 2009-cu il sentyabrın 30-dan UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunub. Tarixən milli düşüncə tərzinin formalaşmasında, insanların yüksək əxlaqi dəyərlərinin zənginləşməsində böyük rol oynayan Novruz bayramı özündə paklığı, saflığı birləşdirir.  Rektor onu da qeyd etdi ki, yaz bayramının Odlar diyarına gəlişi xüsusən əlamətdardır. Artıq Novruzu tamam başqa ab-havada, qalib ölkənin vətəndaşları kimi qeyd  edirik. 
Sonra rektor professor Elxan Hüseynov bir daha  universitetin bütün əməkdaşlarını qarşıdan gələn bahar təravətli Novruz bayramı münasibətilə təbrik etdi, onlara bol ruzi-bərəkət, əmin-amanlıq və yeni-yeni nailiyyətlər arzuladı.
Tədbirdə  müxtəlif milli oyunlar, Novruz adətləri, xüsusi zövqlə bəzədilmiş rəngarəng Novruz xonçaları, uzaqdan belə ətri ilə insanı məst edən, dadından- tamından doyulmayan milli mətbəximizin nümunələri nümayiş etdirildi. Əsl kənd ab-havası yaradan milli samovar çayı, Novruzun əsas qəhrəmanlarından olan Kosa və Keçəl, Bahar qızının məzəli-duzlu söhbətləri isə hər kəsdə xoş ovqat yaratdı. 
Konsert proqramı ilə davam edən bayram tədbirinə respublikamızın tanınmış incəsənət xadimlərinin ifaları və universitetin “Səma” rəqs qrupunun maraqlı nömrələri rəng qatdı.
Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan tədbir iştirakçıları tərəfindən böyük coşğu ilə qarşılandı.
Sonda bayram tədbirində el ağsaqqalı Dədə Qorqud Novruzun gəlişi münasibətilə xalqımıza xeyir-dua verdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az