Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Qarabağın tarixi: siyasi, iqtisadi, mədəni aspektlər” mövzusunda Beynəlxalq elmi konfrans onlayn formatda öz işinə başladı
SDU-da “Qarabağın tarixi: siyasi, iqtisadi, mədəni aspektlər” mövzusunda Beynəlxalq elmi konfrans onlayn formatda öz işinə başladı
Martın 17-də Sumqayıt Dövlət Universitetində “Qarabağın tarixi: siyasi, iqtisadi, mədəni aspektlər” mövzusunda Beynəlxalq elmi konfrans onlayn formatda öz işinə başladı.
Konfransda Millət vəkili, professor Anar İsgəndərov və Azərbaycan universitetləri ilə yanaşı, Türkiyə, Rusiya,  Gürcüstan və digər ölkələrin aparıcı universitetlərinin alimləri iştirak etdilər.
İlk olaraq Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq qonaqları salamladı, konfransın əhəmiyyətindən bəhs etdi. Diqqətə çatdırdı ki, beynəlxalq konfransın keçirilməsində məqsəd Qarabağ tarixinin coğrafi, iqtisadi, siyasi və mədəni aspektlərinin ən qədim dövrlərdən günümüzədək hərtərəfli işıqlandırılması və mövzu ətrafında obyektiv fikir mübadiləsinin təşkilindən ibarətdir. Prorektor konfransın çox aktual və önəmli bir məsələyə ‒ Qarabağa həsr olunduğunu qeyd edərək bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, Azərbaycan Ordusu Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa edərək 30 illik işğala son qoydu. Böyük qəhrəmanlıq, şücaət göstərərək tariximizin ən şanlı səhifəsini yazdı. Bir çox əlamətdar və ağrılı-acılı hadisələrlə tarixə qovuşan 2020-ci ilin son aylarında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı yerə-göyə sığmayan sevinc və qürur hissi ilə Qarabağ zəfərini qeyd etdi. Prorektor onu da diqqətə çatdırdı ki, qələbəyə gedən yol Ulu öndər Heydər Əliyevin siyasi varisinə vəsiyyəti ilə başlandı. Ulu öndər Azərbaycan xalqına müraciətində bu sözləri bildirirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu öndərin ümidlərini gerçəyə çevirən Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı. 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı. Bu zəfər yolunda bizi yalnız qoymayan, daim bizə dəstək olan ölkələr oldu. Bunlardan biri də qardaş ölkə Türkiyədir. Qazanılan zəfərimiz bütün dünyaya səs saldı. Bizim gücümüz birliyimizdədir. Prorektor bu qələbədə Sumqayıt Dövlət Universitetinin tələbə və məzunlarının iştirakını da xüsusi vurğuladı, 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını, qazilərimizlə fəxr etdiyini diqqətə çatdırdı. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarda bərpa-quruculuq işləri uğurla həyata keçirilir.
Çıxışının sonunda konfransın işinə uğurlar arzulayan prorektor onun əhəmiyyətini yüksək dyərləndirdi. 
Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, Millət vəkili, professor Anar İsgəndərov “Qarabağ xanlığı ‒ Kürəkçay müqaviləsindən Türkmənçay müqaviləsinə qədər” adlı məruzə ilə çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsası qoyuldu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Tarixin sınağından, imtahanından üzüağ çıxan böyük ordu və xalq olaraq biz bu gün çox qürurluyuq. 
Türkiyənin Milli Savunma Universitetinin Kara Harp Okulu dekanı, professor İbrahim Ethem Atnur Kafqas “İslam Ordusundan ‒ Karabağ zaferine Türkiyə Azerbaycan ilişkilerinin genel bir analizi” mövzusunda məruzə  ilə çıxış edərək konfransda yer alan məruzələrin böyük əhəmiyyətini vurğuladı və bu konfransın mövzusunun Qarabağ olmasının təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün də qürurverici olduğunu diqqətə çatdırdı.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafredrasının professoru Elçin Əhmədov “İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi qələbəsini şərtləndirən amillər və diplomatik uğurlar”, Gürcüstan Respublikasının Suxumi Dövlət Universitetinin professoru Marxuliya Quram Rojdenoviç “Azərbaycan xalqının azadlıq müharibəsi və regionda Rusiya geosiyasətinin sintetik xarakteri”, Ufa Dövlət Neft Texniki Universitetinin Beynəlxalq münasibətlər, tarix və şərqşünaslıq kafedrasının dosenti Vildanov Ruslan Raisoviç “Orta əsr dövrü və erkən yeni zamanda Qarabağ tarixi”, Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “İkinci Qarabağ müharibəsində xalq‒iqtidar birliyi” mövzularında məruzə ilə  çıxış edərək Qarabağ zəfərinin qazanılmasının tarixi, hərbi-siyasi və mənəvi səbəbləri, onun doğurduğu nəticələr barədə fikirlərini bildirdilər. Qeyd etdilər ki,  bu konfrans elm sahəsindəki müxtəlif problemlərin həllində ciddi rol oynayacaq.
Konfransın sonrakı işi haqqında məsul katib professor Şirxan Səlimov məlumat verərək bildirdi ki, konfransın gündəliyinə 172 məruzə daxil edilib, onlardan 9-u xaricdən, 161-i isə ölkənin müxtəlif ali məktəblərindən təqdim edilib.
Konfrans öz işini 3 bölmə üzrə iki gün davam etdirəcək.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az