Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Heydər Əliyev məktəbində “Heydər Əliyevin dövlət qadın siyasəti” mövzusunda onlayn formatda növbəti məşğələsi keçirildi
SDU-nun Heydər Əliyev məktəbində “Heydər Əliyevin dövlət qadın siyasəti” mövzusunda onlayn formatda növbəti məşğələsi keçirildi
Martın 1-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Heydər Əliyevin dövlət qadın siyasəti” mövzusunda onlayn formatda növbəti məşğələ keçirildi.
Tədbirdə universitetin pofessor-müəllim və tələbə heyətinin bir qrupu iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan rektor professor Elxan Hüseynov iştirakçıları salamladı, qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik etdi, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs etdi. Bildirdi ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan qadını respublikamızın ictimai-siyasi həyatında böyük rol oynayır. Biz bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında daha aydın görürük. Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Onun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi təhsilimizin, mədəniyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasında misilsiz xidmətləri var. Rektor həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da Azərbaycanın tanıdılması, xüsusilə də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərdiyini qeyd etdi.
Rektor professor Elxan Hüseynov ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyini, hazırda bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onların fədakar əməyinin yüksək qiymətləndirildiyini, müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verildiyini, onların orden və medallarla təltif olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ölkə başçısı cənab İlham Əliyev qadınlara hər zaman diqqət və qayğı göstərir, onun rəhbərliyi altında təhsildə, səhiyyədə, idarəetmə orqanlarında, mətbuatda və digər sahələrdə qadınlar hər zaman vəzifədə irəli çəkilirlər. Bu gün ölkəmizin təhsil həyatında öz yeri olan Sumqayıt Dövlət Universitetində də çox sayda xanımlar çalışır, təhsil alır. Bununla elmimizə və təhsilimizə böyük töhfə verirlər.
Rektor həmçinin tarix boyu qadınlarımızın göstərdiyi şücaətlərdən danışaraq bildirdi ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdə qadınlarımızın, xüsusilə də analarımızın rolu danılmazdır. Onların vətənə, xalqa layiqli vətəndaş kimi yetişdirdiyi övladlar Azərbaycanın işğal olunmuş ərazilərini düşməndən azad edərək hər birimizə qələbə sevinci yaşadıblar. Rektor şəhid analarına, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, əsgər analarına bayram təbriklərini çatdıraraq yüksək hörmət və ehtiramını bildirdi, vətənimizin işıqlı sabahı naminə üzərlərinə düşən çətin, lakin şərəfli missiyanın icrasında uğurlar arzuladı.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev də öz növbəsində bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, “Heydər Əliyevin dövlət qadın siyasəti” mövzusunda məruzə ilə çıxış etdi. O, cəmiyyətdə qadınların rolundan, onların tariximizə yazdıqları parlaq səhifələrdən ətraflı söhbət açdı. Həmişə olduğu kimi, qadınların bu gün də ölkəmizdə hüquqi dövlət quruculuğunda, demokratik cəmiyyətin inkişafında yaxından iştirak etdiklərini diqqətə çatdırdı.
Tədbirdə Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva “Azərbaycanın qadın obrazı Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın timsalında”, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi Günel Adıgözəlova “Azərbaycan dövlət qadın siyasətində gender bərabərliyi”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Samin Qocayev “44 Günlük Vətən müharibəsi və Azərbaycan qadını”, Fizika və elektroenergetika fakültəsinin II kurs tələbəsi Musa Xəlilov “Azərbaycan cəmiyyətində 8 Mart ‒ Beynəlxalq Qadınlar Günü” mövzularında çıxış etdilər. Bildirdilər ki, hər bir cəmiyyətin xoşbəxt sabahı onun qadınlarından asılıdır. Bu gün Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq, qadınların bərabər hüquqlarını və bərabər imkanlarını təmin etməyə yönəlmişdir. Əminliklə demək olar ki, bu siyasət daimi və dönməz səciyyə daşımaqla, bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub-saxlamağa imkan verir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az