Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun professoru Cavanşir Məmmədovun yubileyi qeyd olundu
SDU-nun professoru Cavanşir Məmmədovun yubileyi qeyd olundu
Müəllim ömrü yanar şama bənzəyir. Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev bu barədə həmişə deyirdi: “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”. Bu şərəfli adın sahibləri gözlərinin nuru, qəlblərinin hərarəti ilə yetirmələrinin elm və təhsilə uzanan yoluna işıq salır, onların bilikli, savadlı, yaradıcı, Vətənə və cəmiyyətə layiq insan olmalarına zəmin yaradırlar. Yetirmələri etimadı doğruldanda, həyatda uğurlar qazananda əməyinin bəhrəsini görən müəllimləri bundan zövq alır, mənən gəncləşirlər.
Haqqında fəxrlə danışmaq istədiyimiz, sözün əsl mənasında, pedaqoq, gözəl insan, çox səmimi iş yoldaşı, dürüst, mədəni, saf əqidə sahibi, tanınmış alim professor Cavanşir Məmmədovdur. O, çalışdığı universitetin nüfuzunu daima uca tutan bir çox layihələrə imza atmış, Sumqayıt Dövlət Universitetinin Elmi-Tədqiqatların Tətbiqi İnnovasiya Mərkəzinin fəaliyyətini genişləndirmiş, Startap layihəsi təcrübəsində, “Sabahın alimləri” layihəsi üzrə hazırladığı şagirdlər ABŞ-da keçirilən sərgilərdə iştirak etmiş və beynəlxalq sərgilərdə təmsil olunaraq mükafata layiq görülmüşlər.
Fevralın 15-də ömrünü elmə həsr edən alim professor Cavanşir Məmmədovun 60 yaşı tamam oldu. Bu məqsədlə, karantin qaydalarına riayət olunaraq, universitetin rektoru professor Elxan Hüseynov Mühəndislik fakültəsinin Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri texnika elmləri doktoru, professor Cavanşir Məmmədovu qəbul etdi. Yubilyarın alim və pedaqoq kimi səmərəli elmi-pedaqoji fəaliyyətindən danışaraq onu təbrik etdi. Bildirdi ki, ömrünün böyük bir hissəsini mühəndislik elminin tədrisinə, bu sahənin elmi araşdırılması və ixtisaslı kadrların hazırlanmasına həsr edən professor onlarla dərslik, dərs vəsaiti və kitabın müəllifidir. Rektor professor Elxan Hüseynov onu da qeyd etdi ki, o həm də 1968-ci ildən taleyini Sumqayıt Dövlət Universiteti ilə bağlayan baş müəllim, dosent, dekan, vəzifələrində çalışmış Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Professor Firudin Məmmədovun elmi məktəbinin davamçısı olaraq ölkəmizdə yüksəkixtisaslı kadrların yetişdirilməsində fəal iştirak edir. Rektor çıxışının sonunda “Uzunmüddətli səmərəli elmi-pedaqoji və ictimai fəaliyyətinə görə və anadan olmasının 60 illik yubileyi münasibətilə professor Cavanşir Məmmədova fəxri fərman və pul mükafatı təqdim etdi.
Sonda Cavanşir Məmmədov ona ünvanlanan xoş sözlərə və təbrikə görə universitetin rektoru professor Elxan Hüseynova minnətdarlığını bildirdi.
Qeyd edək ki, Cavanşir Firudun oğlu Məmmədov Sumqayıt Dövlət Universtetinin Mühəndislik fakültəsinin Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri, texnika elmləri doktoru, professorudur. O, 1962-ci il fevralın 15-də Sumqayıt şəhərində ziyalı ailəsində doğulmuşdur. İlk təhsilini Sumqayıt şəhər 5 saylı tam orta məktəbdə almışdır. 1997-ci ildən SDU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində, 2011-ci ildən isə professor vəzifəsində işləyir. 2017-ci ildən Proseslərin avtomatlaşdırılması kafedrasının müdiridir. 2006-cı və 2013-cü illərdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. 2017-ci ildə Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinin döş nişanı, 2019-cu il noyabr ayında Sumqayıt şəhərinin 75 illiyi ilə əlaqədar olaraq “Tərəqqi” medalı ilə təltif edilmişdir. Onu da qeyd edək ki, 2012, 2013 və 2014-cü, 2017, 2018, 2019, 2020 və 2021-ci illərdə, ABŞ-ın İSEF beynalxalq elm mühəndislik forumunun təşkilatçılığı ilə Azərbaycanda keçirilən “Sabahın alimləri” Respublika müsabiqəsinin təşkilat komitəsinin üzvü seçilib. Sumqayıt şəhərində orta məktəb şagirdlərinin İntell İSEF-in “Sabahın alimləri” müsabiqəsinə hazırlıq komitəsinə rəhbərlik edir. Rəhbərlik etdiyi elmi layihələrdə 11 qızıl, 33 gümüş və 45 bürünc medalla təltif edilib, 1 qrant (kompüter elmləri üzrə) və Bakı Dövlət Universitetinin xüsusi mükafatına layiq görülüb. Rəhbərlik etdiyi layihə 2012-ci ildə ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində İSEF elmi forumda nümayiş etdirilib. Kompüter elmləri üzrə rəhbərlik etdiyi layihəsi isə 2014-cü ildə Los-Anceles şəhərində nümayiş etdirilib. 2013-cü ildə İNTEL İSEF-in “Sabahın alimləri” Respublika müsabiqəsində fəal iştirakına görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin diplomuna, 2019-cu ildə Sankt-Peterburq Dövlət İqtisad Universitetində Elmi tədqiqat işlərinin nəticələrinin kommersiyalaşdırılması ixtisası üzrə ixtisasartırma kursunu keçərək, sertifikata layiq görülmüşdür.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az