Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin rektoru könüllülərlə görüşdü
Sumqayıt Dövlət Universitetinin rektoru könüllülərlə görüşdü

İyulun 3-də Sumqayıt Dövlət Universitetində I Avropa Oyunlarının könüllüləri ilə görüş keçirildi.
Universitetin rektoru, professor Elxan Hüseynov çıxışında qeyd etdi ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarına uğurla başa çatdı. Qitənin 50 ölkəsindən 6 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ədalətli idman mübarizəsi nəticəsində ən güclülər qalib gəldi. İlk Avropa Oyunlarının standartlarını müstəqil Azərbaycan müəyyənləşdirdi və Avropada yeni tarix yazdı. Avropanı bir araya gətirən idman və dostluq bayramından sonra Azərbaycanın idman ölkəsi kimi nüfuzu qitənin sərhədlərini aşaraq dünyada daha da artdı. Bütün bunlar müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin qoyduğu siyasətin davamıdır. Ulu öndərin Azərbaycanın inkişafında xüsusi önəm verdiyi sahələrdən biri də idman siyasəti idi. Bu sahədə Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirməsi Azərbaycanı dünyanın idman mərkəzlərindən birinə çevirmişdir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı,  birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşkilatçılığı ilə I Avropa Oyunları yüksək səviyyədə öz işini yekunlaşdırması ilə dünya idman tarixinə qızıl hərflərlə yazıldı.
Rektor Elxan Hüseynov bu parlaq qələbə münasibəti ilə Prezident cənab İlham Əliyevi və ölkəmizin birinci xanımı Mehriban Əliyevanı, o cümlədən Azərbaycan xalqını Sumqayıt Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti adından təbrik etdi.
Rekor vurğuladı ki, “Bakı 2015” I Avropa Oyunlarının dünyaya səs salması, ilk növbədə bu beynəlxalq idman yarışına Azərbaycanın ev sahibi kimi ciddi hazırlıqları ilə bağlıdır.  Ölkəmizin tarixinə qızıl medallarla yazılan I Avropa Oyunlarının keçirildiyi günlərdə Sumqayıt Dövlət Universitetinin tələbə-gənclərinin könüllü kimi xidmət göstərmələri fərəhləndirici haldır. Universitetimizin könüllüləri üzərinə düşən  şərəfli və olduqca məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəldilər. Azərbaycanın tarixi abidələri, mədəniyyəti haqqında turistlərin məlumatlandırılması üçün könüllülərimizin bir neçə xarici dildən istifadə etməsi universitetimizdə tədris olunan təhsilin keyfiyyətindən xəbər verir.
Professor Elxan Hüseynov könüllülərimizin I Avropa Oyunlarında fəal iştirakını təşkil etdiklərinə görə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazova və Tələbə Həmkarlar İttifaqının sədri Nemət İbayevə təşəkkür etdi. Həmçinin bildirdi ki, fəal iştirak etmiş könüllülər mükafatlandırılacaqdır.
Filologiya fakültəsinin II kurs tələbəsi Sevil Yusifova yarışların keçirildiyi müddətdə könüllü olaraq bu mötəbər beynəlxalq idman bayramının iştirakçısı olmaqdan qürur duyduğunu bildirdi.  Müxtəlif ölkələrdən gələn idmançılara lazımi köməklik göstərirdik. Qazancımız həm də müxtəlif ölkələrdən gələn insanlarla dostluq qurmağımızdır. Bunun üçün də xarici dil bilməyimiz vacib idi. Universitetimizin müəllimləri mənə bir ay müddətində alman dilini öyrətdiklərinə görə onlara öz dərin təşəkkürümü bildirirəm.
Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Fərid Vaqifli tələbə-gənclər adından rektor Elxan Hüseynova I Avropa Oyunlarında könüllü olduqları müddətdə onlara göstərilən diqqət və qayğıya görə təşəkkür etdi.
Tələbələr o tarixi günlə bağlı unudulmaz xatirələrini bölüşdülər və qələbəni bir daha alqış sədaları ilə qeyd etdilər.

 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az