Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalandı
SDU ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalandı
Dekabrın 10-da Sumqayıt Dövlət Universiteti ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında kadr hazırlığı, elmi-tədqiqat və istehsalatın elmi əsaslarla təşkili sahəsində əməkdaşlıq müqaviləsi imzalandı.
Görüşdə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov, prorektorlar, dekanlar və AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər doktoru, professor Əlövsət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etdilər.
SDU-nun rektoru professor Elxan Hüseynov qonaqları salamladı və onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi, ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsi, kadr və intellektual potensialın möhkəmləndirilməsinin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, hakimiyyətinin hər iki mərhələsində ölkəmizdə elmin və təhsilin inkişafına xüsusi diqqət ayıran Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə elm və elm adamlarına həmişə yüksək dəyər verilib. Ölkənin elmi potensialının yenidən formalaşması, Avropa dəyərlərinə inteqrasiya istiqamətində mühüm lahiyələr gerçəkləşdirilib. Ulu Öndərin dövlətçilik təlimində mühüm mərhələ olan bu sahənin Prezident cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğısı ilə əhatə olunması mühüm nailiyyətlərin əldə edilməsinə təkan verir.
Sumqayıt Dövlət Universiteti ilə AMEA arasında imzalanacaq əməkdaşlıq müqaviləsinin hər iki elm müəssisəsi arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacağını bildirən rektor rəhbərlik etdyi ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verdi. Bildirdi ki, SDU-nun tarixində ilk dəfə olaraq Dissertasiya şurasının yaradılması və elmlər doktoru proqramı üzrə doktorant hazırlığının həyata keçirilməsi, fəlsəfə doktoru proqramı üzrə doktorant hazırlığının genişləndirilməsi təmin olunmuşdur. SDU ölkəmizin və dünyanın bir çox universitetləri ilə ikitərəfli və çoxtərəfli formatda müqavilələr imzalamış, əməkdaşlıq əlaqələrini genişləndirmişdir.
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru aqrar elmlər doktoru, professor Əlövsət Quliyev rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verdi, qazanılan uğurlardan söhbət açdı və səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi. Qeyd etdi ki, institut torpaq və aqrokimyəvi tədqiqatlar apararaq son nəticələrin tətbiqini istehsalata yönəldir. Həmin nəticələr kənd təsərrüfatının müxtəlif sahələrində şoranlaşmaya və irriqasiya erroziyasına qarşı mübarizə yollarına, torpaqda münbitliyin bərpasına, gübrənin norma əsasında verilməsinə, sonda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının alınmasına xidmət edir.
Sonra əməkdaşlıq müqaviləsini SDU-nun rektoru professor Elxan Hüseynov və AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev imzaladılar.
Müqavilənin imzalanmasında məqsəd SDU ilə əməkdaşlıq çərçivəsində yüksək dərəcəli elmi kadrların tədrisə cəlb olunmasına, magistrantların AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun bazasından yararlanmasına şərait yaratmaqdır. Müqavilədə torpaqşünaslıq, aqrokimya, və ekologiya elmlərinin qarşılıqlı maraq doğuran sahələrində və innovasiya istiqamətli elmi kadr hazırlığında birgə iştirak, SDU-nun professor-müəllim heyətinin, elmi işçilərinin, magistrant və doktorantlarının AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun müvafiq şöbələrində, elmi-tədqiqat laboratoriyalarında ixtisasartırmaya cəlb olunması və digər məsələlər öz əksini tapıb.
Daha sonra SDU və AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında qarşılıqlı maraq doğuran digər fəaliyyət sahələrində əməkdaşlığa dair müzakirələr aparıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az