Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Bərabərsizliyə son, AİDS-ə son!” devizi altında maarifləndirici tədbir keçirildi
SDU-da “Bərabərsizliyə son, AİDS-ə son!” devizi altında maarifləndirici tədbir keçirildi
Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunmuşdur. Bu məqsədlə dekabrın 7-də Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında karantin qaydalarına əməl olunmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi ilə birgə “Bərabərsizliyə son, AİDS-ə son!” devizi altında maarifləndirici tədbir keçirildi.
Tədbiri Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov açaraq iştirakçıları salamladı. COVID-19 pandemiyasının beynəlxalq səhiyyə sistemi üçün bir sıra qlobal problemlər yaratdığı bir dövrdə ölkəmizin Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlərdən danışdı. Qeyd etdi ki, QİÇS (qazanılmış immun çatışmazlığı sindromu) bəlası da dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Bu infeksiyanın qarşısını almaq məqsədilə maarifləndirici tədbirlərin keçirildiyinin əhəmiyyətini qeyd edən prorektor diqqətə çatdırdı ki, SDU-da bu istiqamətdə ənənəvi tədbirlərin keçirilməsi gənclərin sağlamlığına göstərilən diqqət və qayğının nəticəsidir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən danışan prorektor respublikamızda gənc nəslə həmişə böyük qayğı ilə yanaşıldığını qeyd etdi.
Prorektor çıxışında zərərli vərdişlərin insan orqanizminə məhvedici təsirindən, cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyandan və törətdiyi sosial bəlalardan, narkomaniyadan bəhs etdi. Bildirdi ki, narkomaniya yoluxucu xəstəlikdir. Üstəlik, QİÇS-ə aparan dəhşətli bir yoldur. Narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq məqsədilə onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə milli-mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verilməlidir. Ramiz Hüseynov çıxışının sonunda XXI əsrin bəlası olan narkomaniyanın mənfi cəhətlərindən danışaraq, yeniyetmə və gənclərə zərərli vərdişlərdən uzaq olmağı, müxtəlif idman növləri, intellektual oyunlara maraq göstərməyi tövsiyə etdi.
Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin rəhbəri Mətanət Məhərrəmova çıxış edərək bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniya, siqaret və alkoqolizmin insan həyatına vurduğu zərbə, onların törətdiyi fəsadlar haqqında tələbələr arasında maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı, narkomaniya ilə mübarizədə bütövlükdə dövlətin, cəmiyyətin və nəhayət, hər birimizin üzərinə düşən məsuliyyətin vacibliyini xüsusi vurğuladı.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt Regional laboratoriyasının şöbə müdiri Lamiyyə Şahməmmədova “İİV infeksiyası/ QİÇS-lə bağlı məlumat” adlı təqdimatla çıxış etdi. İİV infeksiyası, infeksiyanın kəşfi, tədqiqi tarixi, sosial xüsusiyyətləri, həmçinin yoluxma yolları haqqında geniş məlumat verdi. Qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd QİÇS xəstəliyinin qarşısının alınması, onunla mübarizəyə kompleks yanaşılmasına dəstək olmaq və tələbələrin maarifləndirilməsidir.
Sonra mövzu ətrafında müzakirələr aparıldı və tələbələri maraqlandıran suallar cavablandırıldı.
Daha sonra QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt şöbəsinin əməkdaşları tərəfindən tələbələr üçün insanın immun çatışmazlığı virusuna görə laborator testlər keçirildi. Tələbələrə QİÇS-in profilaktikası istiqamətində hazırlanan buklet və broşürlər, tibbi maska, dezinfeksiyaedici məhlullar verildi.
Tədbirin sonunda təşkilatçılar yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür etdilər.
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az