Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Bir İnci” adlı tədbir keçirildi
Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Bir İnci” adlı tədbir keçirildi
2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Tarix və coğrafiya fakültəsinin və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Bir İnci” adlı tədbir keçirildi.
Tədbiri Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev açaraq, “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçirilən tədbirlər haqqında iştirakçıları məlumatlandırdı. Qeyd etdi ki, Prezident cənab İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsidir. Azərbaycanın dahi şairi Nizami Gəncəvi dünya ədəbiyyatında parlaq səhifə açmış nadir şəxsiyyətlərdəndir. Xalqımızın milli irsinin dəyərli hissəsi olan Nizami Gəncəvi yaradıcılığının araşdırılmasının, gənc nəslə aşılanmasının əhəmiyyətindən bəhs edən dekan bu istiqamətdə universitetdə keçirilən silsilə tədbirlərin əhəmiyyətindən danışdı.
Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzazadə, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Pərviz Cəfərov çıxış edərək, Nizami Gəncəvi yaradıcılığından, onun dünya və Şərq ədəbiyyatının bədii fikir tarixində əhəmiyyətli rolundan söz açaraq dahi şairin əsərlərinin hər zaman dünya şərqşünaslıq elminin diqqət mərkəzində olduğunu qeyd etdilər. Bildirdilər ki, şairin bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir.
Tədbirdə fakültənin tələbələrindən Orxan Dadaşov “Nizami və söz cütlüyü” mövzusunda çıxış etdi, Vasif Mirzəyev və Elsevər Cəfərov Nizami ilə şagirdi Zeydin kamillik haqqında söhbətini səhnələşdirdilər. Qeyd olundu ki, Nizaminin hər sözü və hər kəlməsi “Bir inci”dir.
Böyük maraqla qarşılanan tədbir dahi şairin əsərlərində yer alan mənəvi-əxlaqi və tərbiyəvi fikirlərin müzakirəsi ilə davam etdi.
Tədbirin sonunda “Sənsiz” romansı (Bülbülün ifasında) səsləndirildi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az