Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrin Nizami Gəncəvi yaradıcılığına aid rəsm əsərləri tanınmış rəssamlar tərəfindən yüksək qiymətləndirildi
Tələbələrin Nizami Gəncəvi yaradıcılığına aid rəsm əsərləri tanınmış rəssamlar tərəfindən yüksək qiymətləndirildi
Ölkə başçısının müvafiq sərəncamı ilə elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində Sumqayıt Dövlət Universitetində şairin yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Noyabrın 26-da Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında karantin qaydalarına əməl olunmaqla universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş SDU və SDU-nun nəzdindəki Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri arasında “Nizamidən zərif izlər” adlı rəsm əsərlərinə baxış müsabiqəsi keçirildi. Müsabiqənin keçirilməsində məqsəd gənc nəsildə humanist prinsipləri, ümumbəşəri dəyərləri, sevgi, mənəvi zənginlik və kamillik hisslərini formalaşdırmaqdır.
İştirakçılara xoş hisslər, əvəzsiz duyğular bəxş edən müsabiqədə münsif heyəti qismində şəhərimizin tanınmış rəssamları: Sumqayıt Dövlət Dram Teatrının quruluşçu rəssamı, “Tərəqqi” medallı Nizami Dadaşov, Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəssamı, “Tərəqqi” medallı Murad Kərimov, həmin mərkəzin rəssamları: Rəşidə Bağırova və Xeyransa Cəlilli iştirak etdilər. Rəssamlar sərgidə nümayiş olunan əsərlərə sənətkar nəzəri ilə dəyər verdilər, gənc və həvəskar rəssamlara yeni-yeni uğurlar arzuladılar, gənclərin Nizami Gəncəvi irsinə üz tutmalarını yüksək qiymətləndirdilər. Bildirdilər ki, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir. Nizami yaradıcılığı xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. Onun qəhrəmanları ədalət, xalqın xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır. Nizami Gəncəvi həm də vətənpərvər şair idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətəninin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir. İrsimiz və müasirimiz Nizami Gəncəvinin mütəfəkkir şair olaraq dünya durduqca var olacağını diqqətə çatdırdılar.
Sonra tələbələrin rəsm əsərləri tanınmış rəssamlar tərəfindən 10 ballıq sistem üzrə gizli səsvermə yolu ilə qiymətləndirildi. Müsabiqənin nəticəsinə görə, I yerə İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Türkan Seyfullayeva, II yerə Kimya və biologiya fakültəsinin III kurs tələbəsi Malak Bairamova, III yerə Kimya və biologiya fakültəsinin III kurs tələbələri: Nilufər Əliyeva və Elxan Qəmbərov layiq görüldülər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az