Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti onlayn formatda iclası keçirildi
Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti onlayn formatda iclası keçirildi
Noyabrın 19-da Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti onlayn formatda iclası keçirildi.
Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamladı, gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırdı və universitetin tədris-elmi fəaliyyəti üzrə inkişafından danışdı.
Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov 2021‒2022-ci tədris ilinin I semestrində tədris prosesinin 30 dekabr 2021-ci il tarixində başa çatması ilə əlaqədar olaraq, dərs qrafikinin tənzimlənməsi barədə məlumat verdi. Qeyd etdi ki, 2021‒2022-ci tədris ilinin payız semestrində tədris prosesinin 29.09.2021-ci il tarixindən başlanması ilə əlaqədar olaraq, bütün fakültələrdə dərs qrafikinin tənzimlənməsi həyata keçirilmiş və əlavə dərslərin keçirilməsi üçün qrafiklər hazırlanmışdır.
Fakültə dekanları 2021‒2022-ci tədris ilinin payız semestrində keçirilmiş I kollokviumun nəticələri və II kollokviuma hazırlıq barədə məlumat verdilər. Qeyd etdilər ki, kollokviumların keçirilməsi tələbələrin imtahanlara hazırlaşmalarına köməklik məqsədi daşıyır. Bu istiqamətdə kollokviumlar üzrə suallar əvvəlcədən tələbələrə verilmiş və kollokviumların keçirilməsinə ciddi nəzarət olunur.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva 2021-ci ilin dekabr ayında Sumqayıt Dövlət Universiteti və Türkiyənin Yıldız Texniki Universitetinin birgə keçirəcəyi beynəlxalq elmi konfransa hazırlıq barədə geniş məlumat verdi.
Rektor professor Elxan Hüseynov Sumqayıt Dövlət Universiteti və Türkiyənin Yıldız Texniki universitetinin birgə keçirəcəyi beynəlxalq elmi konfransın yüksək səviyyədə keçirilməsinin təmin olunmasını Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədova, Elmi hissənin müdiri dosent Samir Orucova və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayevaya tapşırdı. Qeyd etdi ki, universitetdə keçirilən beynəlxalq, respublika və universitet səviyyəli elmi və elmi-praktiki konfranslar yüksək səviyyədə təşkil olunur, konfrans materialları, bir qayda olaraq, nəfis formatda konfrans gününədək hazırlanır.
Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova SDU üzrə peyvəndlənmə ilə əlaqədar (tələbələr arasında) keçirilən yoxlamanın nəticələri barədə çıxış etdi. Bildirdi ki, ölkəmizdə “COVID‒19 xəstəliyi əleyhinə 2021‒2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə hər 2 doza vaksin qəbul etmiş insanların 3-cü doza (buster doza) ilə peyvəndlənmələri tövsiyə edilir. Bu prosesdə tələbələrin aktiv iştirak etməsi üçün oktyabrın 8-də universitetin əsas tədris binasında 2-ci doza vaksinasiyası qalan və peyvənd olunmamış tələbələrin Sumqayıt şəhər 3 saylı poliklinikasının həkim briqadası tərəfindən vaksinasiya prosesi aparıldı. Oktyabrın 25-də əməkdaşların və tələbələrin 3-cü gücləndirici doza vaksinasiyasına start verilib. Universitetdə tibbi heyətin iştirakı ilə peyvəndlənmə prosesi aparılmış, bu da tələbələrin vaxtında peyvənd olunması işini sürətləndirmişdir.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi. Bununla da, rektorluğun onlayn iclası başa çatdı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az