Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | UDNTU və SDU-nun birgə təşkilatçılığı ilə “Kimya texnologiyası və mühəndisliyinin innovativ inkişaf perspektivləri” mövzusunda onlayn formatda II Beynəlxalq elmi konfrans keçirildi
UDNTU və SDU-nun birgə təşkilatçılığı ilə “Kimya texnologiyası və mühəndisliyinin innovativ inkişaf perspektivləri” mövzusunda onlayn formatda II Beynəlxalq elmi konfrans keçirildi
Noyabrın 18-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi, Ufa Dövlət Neft Texniki Universitetinin və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə “Kimya texnologiyası və mühəndisliyinin innovativ inkişaf perspektivləri” mövzusunda onlayn formatda II Beynəlxalq elmi konfrans keçirildi. Konfrans dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuşdur.
Konfransda Azərbaycan və Rusiya universitetlərinin alimləri iştirak etdilər.
Konfransı giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov açaraq konfrans iştirakçılarını salamladı, qeyd etdi ki, 2021-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Nizami Gəncəvi İli” elan edilmişdir. Dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya Federasiyasında dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir. Rektor Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Kimya texnologiyası və mühəndisliyinin innovativ inkişaf perspektivləri” mövzusunda keçirilən II Beynəlxalq elmi konfransı dahi Nizami Gəncəvi yaradıcılığına verilən ali dəyər kimi qiymətləndirdi və UDNTU-nun rektoru Oleq Aleksandroviç Baulinə dərin minnətdarlığını ifadə etdi. Qeyd etdi ki, dahi şair ensiklopedik biliyə malik olmaqla, fizika, astronomiya, kimya, coğrafiya, biologiya elmlərinə və tibb sahəsinə dair olduqca qiymətli fikirlər söyləmiş, şairin “Xəmsə”si bir çox Avropa dillərinə tərcümə edilmişdir.
Sonra rektor Elxan Hüseynov rəhbərlik etdiyi ali məktəbin beynəlxalq proqram və layihələr üzrə əldə etdiyi nailiyyətlər barədə məlumat verdi. Bugünkü konfransın universitetlərarası əməkdaşlığın daha da möhkəmlənməsinə, habelə kimya elminin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi. Qeyd etdi ki, bu elmi konfrans ənənəvi xarakter daşıyır. Keçirilən konfransın təşkilində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan, ümumi maraq və problemlər ətrafında birləşən elm adamlarını, kimyaçıları eyni coğrafi məkana toplamaq, professor-müəllim və elmi işçi heyəti, eləcə də universitetlərimizin məzunları və tələbələrinin iştirakı ilə birgə səmərəli və rəqabətədavamlı sənayelərin yaradılmasına töhfə vermək üçün ölkələrimizdə kimya texnologiyası və mühəndisliyinin innovativ inkişafına real köməklik göstərməkdir. Rektor onu da bildirdi ki, Sumqayıt Dövlət Universiteti bir neçə beynəlxalq layihələrdə tərəfdaş qismində işini uğurla davam etdirir. Bu uğurların nəticəsidir ki, 2015-ci ildə SDU ilə UDNTU arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki Universiteti arasında sıx çoxşaxəli əlaqələr Rusiya ‒ Azərbaycan Universitetləri Assosiasiyasının yaradılmasından sonra qurulub. Əlaqələrin genişlənməsində Rusiya tərəfindən akademik Ramil Nazifoviç Baxtizinin böyük rolu olmuşdur. Hazırda bu əlaqələrimiz yeni rektor, əziz dostumuz Baulin Oleq Aleksandroviçin rəhbərliyi altında uğurla davam etdirilir.
UDNTU-nun rektoru Oleq Aleksandroviç Baulin çıxış edərək Assosiasiyanın Azərbaycan tərəfindən həmsədri, SDU-nun rektoru professor Elxan Hüseynovu və konfrans iştirakçılarını salamladı, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında olan iqtisadi, mədəni, möhkəm dostluq əlaqələrindən, ölkələrində elm və təhsil sahəsində həyata keçirilən islahatlardan danışaraq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı və konfransın işinə uğurlar arzuladı. Bildirdi ki, belə konfransların keçirilməsi gənc tədqiqatçıların elmi işlərində mühüm əhəmiyyətə malikdir. Əminliklə ifadə etdilər ki, bu əlaqələr hər iki ölkənin təhsilinə öz töhfəsini verəcəkdir.
SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov, UDNTU-nun Planetin Maye Karbohidrogen Ehtiyatlarının Rasional İnkişafı üzrə Dünya Səviyyəli Elm Mərkəzinin baş elmi işçisi, SDU-nun Fəxri doktoru, akademik Ramil Baxtizin, UDNTU-nun Beynəlxalq fəaliyyətin inkişafı üzrə prorektoru Nail Canişev, SDU-nun Kimya və biologiya fakültəsinin dekanı Mahal Muradov, UDNTU-nun Texnologiya fakültəsinin dekanı Fərhad Vildanov çıxış edərək hər iki universitet arasında sıx əməkdaşlıq əlaqəsindən söz açdılar və dahi şair Nizami Gəncəvinin yaratdığı əvəzsiz xəzinənin əhəmiyyətindən bəhs etdilər. Dahi şairin ədəbi irsinin təkcə Şərq mədəniyyətində deyil, bütün bəşəriyyətə məxsus olduğunu bildirdilər.
Qeyd etdilər ki, bu cür konfransların keçirilməsi Nizami Gəncəvi irsinin öyrənilməsinə və araşdırılmasına öz töhfəsini verir.
SDU-nun Neft kimyası və kimya mühəndisliyi kafedrasının professoru Qafar Ramazanov “Xüsusi təyinatlı polimer materiallarının alınması sahəsində tədqiqatlar”, SDU-nun Ekologiya kafedrasının dosenti Nərgiz Aşurova “Abşeron yarımadasında neftlə çirklənmiş boz-qonur torpaqların mikrobioloji parametrləri”, SDU-nun Tətbiqi kimya elmi-tədqiqat laboratoriyasının elmi işçisi Fizuli Şahgəldiyev “Elektrokimyəvi sistemdə benzoy turşusunun xlorhidrid efirlərinin sintezi”, UDNTU-nun alimləri: Prosoçkina Tatyana Rudolfovna “Kimyəvi-texnoloji proseslərin rəqəmsal sistemlərinin optimallaşdırılması və nəzarətinin yaradılmasının perspektiv istiqamətləri”, Konstantin Kiçatov “Neft, qaz və kimyəvi proseslərin modelləşdirilməsi zamanı maşın tədrisi metodlarının tətbiq edilməsi”, Lilina Valeriya Anatolyevna “Dizel yanacağının kükürd tərkibli ilkin fraksiyalardan hidrotəmizlənməsi texnologiyasının perspektivləri”, Çaykina Yana İqoryevna “Neftin sənayesi üsulu ilə hazırlanmasında sabit maqnit sahəsinin tətbiqi”, Devlikamova Qalina Vladimirovna “Rusiya ŞİNŞ-in Albaniyada strateji mövcudluğu problemləri”, Quşşamova Viktoriya Nadimovna “Düşən pərdə ilə buxarlanma aparatının istilik mübadiləsi borusunda ikimərhələli axının hidrodinamikasına faydalı temperatur müxtəlifliyinin təsiri”, Semyonov Albert Yevgeniyeviç “Karbon molekulyar ələklərin istehsalında propan-propilen fraksiyalarının bölünməsi üçün benzolun yüksək temperaturlu pirolizi texnologiyası”, Bıkov Vladislav İqoryeviç “Elektrodializ bölünməsinin inkişaf perspektivləri” mövzularında məruzə etdilər.
Konfrans işini iki gün ərzində bölmələr üzrə davam etdirəcək.
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az