Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetində tələbələrlə görüş keçirilib
“44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetində tələbələrlə görüş keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə noyabrın 10-da “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib.
Sumqayıt Dövlət Universitetində təşkil olunmuş görüşdə ilk olaraq şəhidlik zirvəsinə ucalan tələbə və məzunların universitetin həyətində yaradılmış xatirə abidəsi ziyarət olundu, abidə önünə gül dəstələri düzüldü. Tədbir himnimizin səslənməsi ilə başladı, sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Universitetin rektoru professor Elxan Hüseynov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və Böyük Qayıdış Gənclər Təşkilatının icraçı direktorunun müşaviri Elşən Qəhrəmanovun açılış nitqləri ilə görüş davam etdi. Çıxış edənlər öz nitqlərində 44 günlük Vətən müharibəsi haqqında belə maarifləndirici görüşlərin keçirilməsinin diqqətəlayiq olduğunu bildirərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqillik tariximizin ən böyük zəfərini xalqımıza yaşatmış Vətənin qəhrəman oğullarının tanıdılması və gənc nəslə örnək olmasının vacibliyini qeyd etdilər.
Çıxışların ardınca qəhrəmanlarımızın 44 günlük müharibə yolunun həkk olunduğu kadrlar və xalqımızın zəfər sevincini əks etdirən videoçarx nümayiş olundu. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Üzv təşkilatlar və tələbə klubları ilə iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadə Gənclər Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Azərbaycan Gəncliyi Vətən Müharibəsində” adlı jurnal, “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktor müşaviri Elşən Qəhrəmanov isə https://shehidimiz.az/ saytı barədə ətraflı məlumat verdilər.
Daha sonra “Böyük Qayıdış” təşkilatının idarə heyətinin üzvü, bir çox xüsusi döyüş əməliyyatlarının və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun 30 illik Vətən həsrətinə necə son qoyduğunu və xalqımızı illərdir düşmən tapdağı altında olan torpaqlarımıza necə qovuşdurması haqqında çıxış etdi.
Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri: Tərlan Həmdullayev, Əfəndi Balacanov və Azim Nuruyev çıxışları zamanı Vətən müharibəsi ilə bağlı xatirələrini tələbələrlə bölüşdülər. Onlar Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası ilə mərd oğullarımızın yüksək peşəkarlıqla nümayiş etdirdiyi Vətənimizin ərazi bütövlüyünü təminetmə əməliyyatının dünya hərb tarixinə düşməsi ilə qürur duyduqlarını bildirdilər. Çıxış edən qazilər Sumqayıt Dövlət Universitetinin məzunlarının da Vətən müharibəsində böyük şücaət nümayiş etdirdiklərini vurğulayıb, vətənpərvər və mərd gənc nəslin yetişməsində müəllimlərin rolunu qeyd edərək, bu kontekstdə Sumqayıt Dövlət Universitetinin kollektivinə minnətdarlıqlarını ifadə etdilər.
Çıxışların ardınca qonaq qazilərin tələbələrlə sual-cavab sessiyası baş tutdu. Sessiya zamanı qəhrəmanlarımız uğurlarının ən başlıca səbəbi kimi Ali Baş Komandanın qüsursuz strategiyası, ordumuzdakı birlik və ruh yüksəkliyi olduğunu bildirərək tələbələrə ətraflı cavablar verdilər.
Son olaraq, görüşə ev sahibliyi edən universitetin tələbələri adından Sumqayıt Dövlət Universitetinin tələbəsi Fidan Bağırova və Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı çıxış edərək qəhrəmanlarımıza təşəkkür etdilər, qazilərin Vətən müharibəsi zamanı yaşadıqları təəssüratları, göstərdikləri şücaəti və birlik nümunəsini digər tələbələrlə də bölüşəcəklərini qeyd etdilər.
Qeyd edək ki, layihə çərçivəsində paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin görüşləri mütəmadi olaraq davam etməkdədir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az