Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Heydər Əliyev məktəbinin növbəti onlayn formatda məşğələsi keçirildi
SDU-da Heydər Əliyev məktəbinin növbəti onlayn formatda məşğələsi keçirildi
Noyabrın 5-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev məktəbinin “Heydər Əliyevin daxili və xarici siyasət kursunun davamı ‒ 44 günlük zəfər tariximiz” mövzusunda onlayn formatda məşğələsi keçirildi.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq, iştirakçıları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik etdi və tarixi qələbənin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyinin əbədiliyinin və dönməzliyinin təmin olunması üçün Azərbaycan xalqı qarşısındakı ən böyük xilaskarlıq missiyası məhz sağlığında öz layiqli siyasi davamçısını müəyyənləşdirməsi oldu. Tarix və zaman Heydər Əliyevin bu qərarının da nə dərəcədə doğru olduğuna şahidlik etdi. Dahi Heydər Əliyev məktəbinin yetirməsi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə əldə olunan möhtəşəm siyasi, iqtisadi, diplomatik uğurlar, Azərbaycanın ildən-ilə yüksələn müsbət beynəlxalq nüfuzu, hərbi qüdrəti 44 günlük şanlı zəfər hərəkatı nəticəsində ən ağrılı və yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həll olunması və cəmiyyətimizdə uzun müddətdir mövcud olan sarsılmaz Xalq-İqtidar-Ordu birliyinin, həmrəyliyinin inamlı, parlaq zəfəri, əzəli düşmənlərimiz üzərində tarixi qələbəmiz və işğal altındakı torpaqlarımızın mənfur düşmən tapdağından azad olunması ilə nəticələndi. “Xalqımızın, Müzəffər Ali Baş Komandanımızın, rəşadətli ordumuzun bu tarixi Qarabağ Zəfəri, sözsüz ki, Ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasətinin və Xalq-İqtidar-Ordu birliyinin təcəssüm etdiyi “Dəmir Yumruğ”un təntənəsidir. Rektor onu da bildirdi ki, Azərbaycan müasir tariximizin iki qüdrətli Liderinin ‒ müstəqil Azərbaycan dövlətinin qurucusu olan ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müdriklik, qətiyyət və qəhrəmanlıq salnaməsidir. Əminik ki, bu qəhrəmanlıq və şanlı qələbə salnaməsinin ilk təməllərini formalaşdıran, Azərbaycan xalqı üçün müxtəlif tarixi dövrlərdə mümkün olan, hətta mümkünsüz görünən hər şeyi siyasi dühanın bənzərsiz fədakarlığı ilə reallaşdıran ümummilli lider Heydər Əliyevin ruhu bu gün şaddır. Çünki canından çox sevdiyi Azərbaycanın ərazi bütövlüyü, dövlət sərhədləri uzun illərin həsrətindən sonra bərpa olundu. Doğma Qarabağ artıq aid olduğu Ana Vətəninə qovuşdu və bu möhtəşəm nəticələr məhz döyüş meydanında, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan Ordusunun, Azərbaycan əsgər-zabitinin dillərə dastan olan misilsiz qəhrəmanlığı nəticəsində əldə olundu. Düşmən rəzil-rüsvay vəziyyətdə təslim olmağa məcbur oldu və Azərbaycan xalqının əzəli düşmənlərindən bütün şəhidlərimizin, faciə qurbanlarının qisası alındı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bütün erməni miflərini, yalanlarını ifşa etdi, düşməni döyüş meydanında darmadağın etdi, Azərbaycan BMT-nin 4 qətnaməsini özü təkbaşına icra etdi. Azərbaycan xalqının bu tarixi hərbi-diplomatik qələbəsi hələ uzun illər təhlil olunacaq və dərk olunacaqdır. Azərbaycan bütün dünya üçün son dərəcə mürəkkəb il olan 2020-ci ildə üç cəbhədə mübarizə apardı: döyüş meydanında və beynəlxalq informasiya mübarizəsində qətiyyətli qələbə qazandı.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsinin rəisi, general-mayor Natiq Qarayev “Heydər Əliyevin daxili və xarici siyasət kursunun davamı ‒ 44 günlük zəfər tariximiz” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu öndərin əmanətinə ləyaqətlə sahib çıxdı, atanın müqəddəs vəsiyyətini yerinə yetirdi, mənfur düşmənin işğalına son qoydu və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Müstəqilliyin ilk illərində Azərbaycanda elə bir böhran yaranmışdı ki, xalqımızın gələcəyə heç bir ümidi qalmamışdı, hakimiyyətdə olan rəhbərlərə etimad yox idi. Birinci Qarabağ müharibəsində qələbəyə inam yox idi, çünki nizami ordu, bu ordunu idarə edən və rəhbərlik edən Ali Baş Komandan yox idi. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycan xalqına, müstəqil dövlətçiliyimizə sahib çıxdı, müstəqilliyimizi qorudu, möhkəmləndirdi və Ulu öndərin yaratdığı bünövrələr, təməllər üzərində Azərbaycan xalqı, Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Ordumuzun gücü, xalqımızın birliyi, Liderimizə olan etibar xalqımızın bu qələbəsini təmin etdi. 10 dekabr tarixində keçirilən Zəfər paradı Azərbaycanın şanlı qələbəsini və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan bundan sonra da Ulu öndərin əbədiyaşar ideyaları və müzəffər sərkərdəmiz, Prezidentimiz İlham Əliyevin düşünülmüş siyasi kursu ilə inkişaf edəcək və ildən-ilə qüdrətlənəcəkdir.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Heydər Əliyev ideyaları böyük Zəfərin təntənəsidir”, İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin təşkili və menecment kafedrasının baş müəllimi Səxavət Məmmədova “Qələbəyə aparan yolda İlham Əliyevin uğurlu xarici siyasəti”, Kimya və biologiya fakültəsinin Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının baş müəllimi Bilal Əhmədov “II Qarabağ müharibəsi və regionda yaranmış yeni reallıqlar”, Filologiya fakültəsinin II kurs magistrantı Sahibə İbadlı “Müstəqil dövlətimizin atributlarından biri – Azərbaycan Bayrağı!” mövzularında çıxış etdilər, tarixə 44 günlük müharibə kimi düşmüş Vətən müharibəsindən, Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Zəfərdən danışdılar. Bildirdilər ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az