Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tədrisdə yeni nəşrlər
Tədrisdə yeni nəşrlər

Universitetimizin Humanitar məsələlər üzrə prorektoru, dosent Nizami Namazovun “Göbələklərin sistematikası” və “Mikologiyadan praktikum”  dərs vəsaitləri işıq üzü görmüşdür.
Prorektor 2 dərs vəsaitinin, 1 izahlı biologiya lüğətinin, 1 test kitabının, 2 tədris proqramının, ölkəmizdə və xaricdə nəşr olunan 35-dən çox elmi məqalə və tezislərin, həmçinin ölkəmizin qəzet və jurnallarında dərc olunmuş bir sıra publisistik məqalələrin müəllifidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xəttilə  biologiya fənni sahəsində çap olunan bir sıra orta məktəb dərsliklərinin, dərs vəsaitlərinin, test tapşırıqlarının və digər tədris-metodik vəsaitlərin ərsəyə gəlməsində yaxından xidmət göstərmiş, mütəxəssis kimi onlara rəy vermişdir.
Elmi fəaliyyətini uğurla davam etdirən prorektor universitetimizin əməkdaşları ilə birlikdə oxucularımızın istifadəsinə təqdim olunan “Göbələklərin sistematikası” (Müəlliflər dosent Nizami Namazov və dosent Xanəhməd Həsənovdur) və “Mikologiyadan praktikum” (Müəlliflər dosent Nizami Namazov və dosent Natella Sultanovadır) dərs vəsaitləri elmə məlum olan göbələklərin sistematik vəziyyəti ilə bərabər, göbələk orqanizminin quruluşu, çoxalması, yayılması və onlarda baş verən bəzi fizioloji proseslərin mahiyyəti haqqında qısa və ümumi məlumatlar öz əksini tapmış, eləcə də göbələklərin praktik cəhətdən öyrənilməsi üçün labarator göstərişlər hazırlanmışdır.
Kitab haqqında  məlumat verən prorektor Nizami Namazov bildirdi ki, canlılar aləminin müstəqil qrupu hesab olunan göbələklər, öz xeyirli və ziyanlı cəhətləri ilə həmişə insanların diqqət mərkəzində olmuşdur. Ona görə də göbələklərin təbiətdə və insan həyatında rolu daim araşdırılmış, nəticədə insanlar göbələklərin həm ziyanlı təsirlərini müəyyən qədər aradan qaldırmağa müvəffəq olmuş, həm də ondan öz məqsədləri üçün istifadə etməyin yollarını müəyyən edə bilmişlər. Baxmayaraq ki, göbələklər haqqında istər dünya, istərsə də ölkəmizin görkəmli alim və pedaqoqları tərəfindən çoxlu əsərlər, sanballı kitablar yazılmışdır, lakin bu sahədəki gündən- günə artan və yeniləşən məlumatlar göbələklər haqqında yeni- yeni əsərlərin və kitabların yazılmasını, xüsusən də Respublikamızın ali məktəblərinin bakalavr və magistr təhsil pillələrinin yeniləşdirilmiş tədris proqramı, bu sahədəki işlərin daim təkmilləşməsini tələb edir.
Onu da qeyd edək ki, vəsaitin hazırlanması zamanı müvafiq mövzularla bağlı illustrativ şəkillərə geniş yer verilmişdir ki, bu da əyaniliyi təmin etməklə bərabər, həm də mövzunun daha dərindən və keyfiyyətli mənimsənilməsini asanlaşdırmaq məqsədi daşıyır. Vəsaitlərdə verilmiş məlumatların və şəkillərin mənbəyi kimi mikologiya sahəsində mövcud olan bir sıra dünya alimlərinin əsərlərindən, o cümlədən 1976- cı ildən geniş oxucu kütləsinin istifadəsinə verilmiş, lakin bu gün də öz aktuallığını saxlayan- M.V. Qorlenkonun redaktəsi ilə “Жизнь растений” (“Bitkilərin həyatı”) ensiklopedik kitabın II cildindəki məlumatlardan və şəkillərdən, internet resurslarından, həmçinin ölkəmizin çox tanınmış mikoloq alimləri professor A.Ş.İbrahimovun və professor N.Ə.Mehdiyevanın “Mikologiya” kitablarından, eləcə də vəsaitin ədəbiyyat siyahısında adları qeyd olunan digər hörmətli alimlərimizin çox dəyərli əsərlərindən də istifadə olunmuşdur.
Prorektor vurğuladı ki, təqdim olunan dərs vəsaitlərinin müəllifləri bu vəsaitlərdən istifadə edəcək hər bir kəsə, xüsusən ona yaradıcılıqla və obyektiv şəkildə tənqidi yanaşaraq, öz fikirlərini bildirən, beləliklə vəsaitin gələcək nəşrində həmin nöqsanların aradan qaldırlmasına kömək edəcək insanlara əvvəlcədən öz dərin təşəkkür və ehtiramlarını bildirir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az