Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Yaz imtahan sessiyası
Yaz imtahan sessiyası

Ölkəmizdə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Qeyd olunanlarla yanaşı, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımlar atılır və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində işlər aparılır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sərəncamı ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün  genişmiqyaslı tədbirləri həyata keçirir.
Ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi Sumqayıt Dövlət Universitetinin fəaliyyətinin də müasir səviyyədə qurulmasına və inkişafına təkan vermişdir. Ötən illərlə müqayisədə tələbə kontingenti 2 dəfədən çox artaraq 5 minə, tələbə qəbulu 645-dən 1242-yə, magistrların sayı isə 90-dan 350-yə çatdırılmışdır.  Bu il isə 1695 tələbə qəbuluna hazırlaşırıq.
Universitetimizdə yeni informasiya texnikalarının quraşdırılması, təhsil müəssisəsinin portalının yaradılması, akademik təhsil sisteminin, infrastrukturunun qurulması ilə bağlı mühüm işlər görülmüşdür.  Bundan əlavə, informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə nail olmaq üçün təlim metodları və tədris resursları yaradılmış, yeni təlim texnologiyalarından, ağıllı lövhələrdən istifadə etməyi bacaran mütəxəssis hazırlığına başlanmışdır.
Mühazirə və seminarlarda akademik biliklərlə yanaşı təcrübi bilik və bacarıqların, qabiliyyətlərin öyrədilməsinə, fənnlər üzrə proqram və dərsliklərin, dərs vəsaitlərinin, mühazirə mətnlərinin elektron variantlarının, işçi tədris proqramlarının yüksək səviyyədə hazırlanması daim universitetin rəhbərliyinin diqqət mərkəzində saxlanılır.
Obyektiv, şəffaf həyata keçirilən yaz imtahan sessiyasında universitetin  rektoru, professor  Elxan Hüseynov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbov, Tədris hissəsinin müdiri, dosent İsabal Qurbanovun nəzarəti altında  imtahan zamanı tələbələrlə görüşmüş, tələbələrin fikirlərini dinləmiş, dekan və kafedra müdirlərinə müvafiq tapşırıqlar vermişdir.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbovun verdiyi məlumata əsasən universitetimizdə yaz imtahan sessiyası iki mərhələdə təşkil olunub. Aprelin 29-dan mayın 30-a qədər birinci mərhələdə IV kurs tələbələri imtahan vermişdir. İyunun 3-dən iyulun 3-ə kimi I-III kursların tələbələri imtahan verəcəklər. IV kurs tələbələrinin imtahanları başa çatmış və onların artıq yekun dövlət imtahanlarına hazırlaşırlar. Imtahanların müvəffəqiyyətlə verilməsi üçün fakültələrdə imtahana düşən fənnlərdən icmal mühazirələr təşkil olunmuşdur. Bu ilki yaz imtahan sessiyasında IV kurs imtahanlarında 708 tələbə, I-III kurs imtahanlarında isə 3062 tələbə imtahana buraxılmışdır.
Dosent bildirdi ki, hazırda magistrantlar da imtahanlara yüksək səviyyədə hazırlaşırlar. Bütün imtahanlar yazılı aparılır. İmtahanlarda şəffaflığı təmin etmək üçün hər bir auditoriyada 2 nəfər müəllim-koordinator nəzarət edir. Müəllim-koordinatorların nəzarəti ilə keçirilən imtahan başa çatdıqdan sonra tələbələrin cavab blankları kodlaşdırılır və işlər fənni tədris edən müəllim tərəfindən yoxlanılır.
Prorektor xüsusi olaraq qeyd etdi ki, bu il tələbələrimiz üçün yaradılmış ən yüksək şəraitdən biri də  Elmi şurada təsdiqini tapmış şifahi sorğudur. Yazılı imtahandan müsbət qiymət almış tələbələr istəsələr aldıqları qiyməti yüksəltmək üçün ərizə ilə dekanlığa müraciət edərək şifahi sorğu yolu ilə öz biliyini, savadını  göstərməklə qiymətinin artırılmasını xahiş edə bilər.  
Onu da vurğuladı ki, imtahanlar normal qaydada aparılır. Tələbələrin şikayət və təkliflərini nəzərə almaq üçün “İmtahan qərargahı” və “Apelyasiya komissiyası” fəaliyyət göstərir.
İmtahan zamanı gənclərimizin elmə-təhsilə, biliyə olan marağı sözün həqiqi mənasında bizi  ruhlandırdı. Tələbələr universitet rəhbərliyinə, dekanlarına, professor-müəllim heyətinə onlara yaradılan şəraitə görə təşəkkür etdilər. Qeyd etdilər ki, son dövrlər universitetimizin zəngin kitabxanasından çoxsaylı məlumatlar alırıq, kompüter mərkəzlərindən səmərəli istifadə edirik, proyektorlarla təmin olunmuş auditoriyalarda maraqlı dərslər keçirik.
Bu gün də buna nümunə olaraq imtahandan sonra şifahi sorğuda özümüzü bir daha sınamağımız bizə göstərilən diqqət və qayğının ən ali formasıdır. Bunun üçün də universitetin rəhbəri Elxan Hüseynova öz təşəkkürümüzü bildiririk.
İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Leyla Mədətova İmtahanda düşən suallardan çox razıyam.  Semestr ərzində fənnlərimi oxuduğum üçün imatahanda düşən suallara cavab yazmaqda çətinlik çəkmədim. Sumqayıt Dövlət Universitetini seçdiyim üçün çox şadam. Burada keyfiyyətli təhsil almağımız üçün yaradılan şəraitdən tam razıyam.
İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Püstə Piriyeva 
İmtahan zamanı həyəcan keçirdim lakin bileti çəkib sualları görəndən sonra rahatlaşdım.  Çunki semestr ərzində dərslərimə məsuliyyətlə hazırlaşdığım üçün heç bir çətinlik çəkmədim. Fakültəmizin dekanı Aynurə Yəhyayevaya və müəllimlərimizə təşəkkür edirəm.
Fizika və elektroenergetika fakültəsinin III kurs  tələbəsi Əfsanə Əsgərli imtahan zamanı tələbələr tərəfindən heç bir qayda pozuntusu qeydə alınmadı, nizam-intizam yaratmaq üçün bizə 2 koordinator nəzarət edirdi, onlar üzərilərinə düşən öhdəliyi lazımınca yerinə yetirdilər. Biz də öz biliklərimizi nümayiş etdirməkdə heç də çətinlik çəkmədik, tez bir zamanda sual  vərəqələrini cavablandrıb koordinatorlara təhvil verdik.
Fizika və elektroenergetika fakültəsinin III kurs  tələbəsi İlhamə Əlizadə mən imtahandan 78 bal aldım. Ərizə ilə dekanlığa müraciət edərək şifahi sorğuda iştirak etmək istədiyimi bildirdim. Dekanımız Tamella Əhmədova, Bərk cisimlər kafedrasının müdiri Ramiz İsmayılov, müəllimlərimiz Ramiz Hüseynov və Sevda Rzayevanın iştirakı ilə keçirilən sorğuda 95 bal aldım. Bunun üçün çox sevinirəm.
Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Şəbnəm Bəkirova
Mən Rus dili fənni imtahanından 72 bal topladım. Universitetin rəhbərliyi tərəfindən yaradılan şifahi sorğuda iştirak etmək üçün dekanlığa ərizə ilə müraciət etdim. Dekanımız Adil Baxşəliyev, Rus dili kafedrasının müdiri Sona Məmmədova, baş müəllimlər Gülnarə Hüseynova və Səadət Məhərrəmovanın iştirakı ilə  rus dili qrammatikası və mətnlərlə bağlı sualları cavablandıraraq əla qiymət aldım.
Filologiya fakültəsinin II kurs tələbəsi Bikə Şirəliyeva
Mən “Müasir Azərbaycan dili” fənnindən imtahan  verərək 64 bal topladım. İmtahan zamanı həyəcanlı olduğum üçün biliyimi kifayət qədər nümayiş etdirə bilmədim. Bunun üçün də univrsitet rəhbərliyinin tələbələrimiz üçün yaratdığı şifahi sorğuda iştirak etmək üçün ərizə yazdım və mövzu ətrafında verilən sulları cavablandıraraq 79 bal aldım.
Riyaziyyat fakültəsinin III kurs tələbəsi Şəfəq  Məmmədova
Semestr boyu dərslərimi yaxşı oxuduğum üçün imtahandan 93 ballıq göstərici ilə yüksək nəticə əldə etdim. Müəllimlərimiz imtahana rahat hazırlaşmağımız üçün bizə 2 ay əvvəldən imtahan suallarını təqdim etdilər. Özləri də çətinlik çəkdiyimiz mövzuları tapmaqda bizə kömək göstərirlər. Bunun nəticəsi olaraq da biz imtahanlardan yüksək nəticə əldə edirik.
Riyaziyyat fakültəsinin III kurs tələbəsi Şəfiqə  Camalova 
İmtahan qabağı məsləhət saatlarında iştirak etməyimiz  imtahana daha yaxşı hazırlaşmağımıza səbəb oldu.  Elə buna görə də bu günkü imtahanda 91 balla “A” kateqoriyası ilə qiymətləndirildim. Bizə yaradılan şəraitə görə universitetimizin rəhbərliyinə və dekanımız Zəfər Hüseynova minnətdarlıq edirəm.
Riyaziyyat fakültəsinin II kurs magistrantı Nigar Bədirli
Mən bakalavr təhsilimi də universitetimizdə almışam. Burada təhsil sistemini müəllimlərimi çox sevdiyim üçün magistr təhsilimi də bu universitetdə davam etmək mənim üçün böyük şərəfdir. İmtahanda nəzarət çox güclü keçdi. İmtahanlara yaxşı hazırlaşdığım üçün nəticəm də əla oldu.
Kimya-biologiya fakültəsinin III kurs tələbəsi Yaqut Yusifova
İmtahanlar rahat keçir. Köçürmə hallarına icazə verilmir.  Semestr ərzində davamiyyətində, seminarlara cavabında problemi olmayan, orta səviyyədə hazırlaşan tələbə belə imtahanlara hazırlaşıb normal qiymətini ala bilir. Mən yaradılmış belə obyektiv şəraitə görə universitet rəhbərliyinə təşəkkür edirəm.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az