Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları şəhid Hüseyn Sultanovun anım mərasimində iştirak etdilər
İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları şəhid Hüseyn Sultanovun anım mərasimində iştirak etdilər
Xaçmaz rayonunda Böyük Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidimiz Sultanov Hüseyn Fərhad oğlunun oktyabrın 22-də anım mərasimi keçirildi. Mərasimdə Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, məzunu olduğu Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Araz Mirzəbəyov, İqtisadiyyat kafedrasının müdiri Lalə Mahmudova, həmin kafedranın baş müəllimi İlqar Osmanov, baş laborantı Səbinə Qazıyeva və tələbələr iştirak etdilər, şəhidin məzarı önünə Sumqayıt Dövlət Universitetinin rəhbərliyi adından əklil qoydular.
Şəhid Hüseyn Sultanovun valideyni oğlunun qısa, şərəfli həyat yolundan, Vətən müharibəsində göstərdiyi igidliklərdən söz açdı. Bildirdi ki, Hüseyn Sultanov 1996-cı il aprelin 26-da Xaçmaz rayonunun Hacıqurbanoba kəndində anadan olub. Hüseyn ailədə 3 qardaşın ən kiçiyi idi. O, Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsini müvəffəqiyyətlə bitirib. Dövlət qulluğuna qəbul imtahanlarında da uğurla iştirak etmişdir. Amma Vətən müharibəsinin başlaması onun karyera arzularının ikinci plana keçməsi ilə nəticələndi. Səfərbərlik çağırışı əsasında cəbhəyə yollandı. Hüseyn müharibənin ilk günlərindən döyüşlərə qoşulub və düşmənin məhv edilməsi zamanı fəallıq nümayiş etdirdi. El yolunda, azadlığımız uğrunda, hələ gənc olmasına baxmayaraq, yaşıdlarına, gələcək nəslə nümunə, təkrar-təkrar öyrəniləcək şücaət göstərdi.
Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları: Araz Mirzəbəyov, Lalə Mahmudova, İlqar Osmanov şəhid Hüseyn Sultanovla bağlı xatirələrini bölüşdülər, onun olduqca mədəni, təvözəkar, intizamlı, çalışqan tələbə olduğunu söylədilər. Bildirdilər ki, Hüseyn vətənə bağlılığı ilə digər tələbələr arasında seçilib, hər zaman universitetin ictimai işlərində fəal iştirak edib. Onun qısa, lakin olduqca mənalı, şərəfli ömür yolunun gələcək nəsillər üçün örnək olduğunu vurğuladılar. Qeyd etdilər ki, Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misli görünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar. 30 illik Qarabağ yarasına məlhəm çəkdilər. Zəfər sevincini onu bizə yaşadan, adlarını qızıl hərflərlə tarixə yazan şəhidlərimizə, qazilərimizə borcluyuq. Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun rəhbərliyi ilə universitetin professor-müəllim və tələbə heyəti vaxtaşırı şəhid ailələrini ziyarət edir, onlara hörmət və ehtiram göstərilir. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.
Qeyd edək ki, Sultanov Hüseyn Fərhad oğlu Cəbrayıl və Füzulinin azad olunması uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Füzuli istiqamətində döyüşərkən mərminin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az