Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Tarix və coğrafiya fakültəsinin əməkdaşları şəhid məzun Elgün Quliyevin xatirəsinə inşa edilmiş Şəhid bulağının açılışında iştirak etdilər
SDU-nun Tarix və coğrafiya fakültəsinin əməkdaşları şəhid məzun Elgün Quliyevin xatirəsinə inşa edilmiş Şəhid bulağının açılışında iştirak etdilər
Sentyabrın 17-də Şamaxı rayonunun Göylər kəndində şəhid Quliyev Elgün Vasif oğlunun xatirəsinə inşa edilən bulağın da açılışı oldu.
Açılış mərasimində şəhidin təhsil aldığı Sumqayıt Dövlət Universitetinin kollektivi, ailə üzvləri, döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri və kənd camaatı iştirak etdilər.
Əvvəlcə bulağa gül dəstələri düzüldü və şəhidin əziz xatirəsi ehtiramla yad edildi.
Tədbirdə çıxış edənlər şəhid Elgün Quliyevin vətənpərvər, elə-obaya bağlı insan olmasından söz açdılar.
Şəhidin valideynləri oğluna göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlığını bildirdi.
Çıxış üçün söz alan Tarix və coğrafiya fakültəsinin dosenti Cavid Məmiyev Ali Baş komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən danışdı. Bildirdi ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı cənab İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə yeni bir səhifəni – Zəfər Gününü yazdı. Qürur hissi keçiririk ki, həmin gənclər arasında Sumqayıt Dövlət Universitetinin də yetirmələri var.
Dosent Cavid Məmiyev tələbəsi olmuş Elgün Quliyev haqqında danışaraq, onun vətənpərvər, nümunəvi tələbə olduğunu bildirdi. Hətta Elgün Quliyevin son sözləri – "Tarix müəllimi olmadıq, tarix yazarıq" ifadəsi onun nə qədər Vətənə, torpağa bağlı olduğunu bir daha göstərdi. Cavid Məmiyev onu da qeyd etdi ki, Sumqayıt Dövlət Universiteti hər zaman öz şəhidləri ilə fəxr edib,onlarla qürur duyur. Hələ Qanlı 20 Yanvar gecəsində canlarını Vətənə fəda edən igid tələbələrimiz doğma Azərbaycanımızın müstəqilliyinə öz qanları ilə imza ataraq, müqəddəs Şəhidlik Zirvəsini fəth etdilər. Gənclərə vətənpərvərlik hissini aşılayan universitetimiz Şəhidlərimizin əziz xatirəsini daima anır və onların ailələrini vaxtaşırı ziyarət edir, maddi-mənəvi problemləri ilə maraqlanır. Təsadüfi deyil ki, Vətən müharibəsi başlayan zaman universitetimizin tələbə və əməkdaşlarından bir qrupu da Ali Baş Komandanımız qismən səfərbərlik elan edəndə könüllü kimi orduya yazıldılar. Onlardan bir qrupu hərbi xidmətə gedərək, müzəffər ordumuzun sıralarında düşmənə qarşı döyüşlərdə iştirak etdi.Cavid Məmiyev onu da diqqətə çatdırdı ki, Sumqayıt Dövlət Universitetinin həyətində şəhidlik zirvəsinə ucalan tələbə və məzunların xatirələrini əbədiləşdirmək üçün abidə kompleksi yaradılmış, həmçinin universitetin foyesində Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının professor-müəllim heyətinin ərsəyə gətirdiyi “Şanlı Zəfərə gedən yol” stendinin də açılışı olmuşdur.
Qeyd edək ki, Elgün Quliyev 17 sentyabr1992-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. 1998-ci ildə T.Kərimov adına Şamaxı rayonu Göylər kəndindəki 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olub. Sonrakı illərdə İsmayıllı və Şəki şəhərlərində orta məktəb təhsilini davam etdirib. Eyni zamanda 2008-ci ildə Şəki İslam Kollecindən məzun olub. 2009-cu ildə tam orta təhsilini başa vurduqdan sonra 2010-2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsində Tarix müəllimliyi ixtisasına yiyələnib. 2020-ci ildə müəllimlərin işə qəbul imtahanından keçərək, Lerik rayonunun Sors kəndində tarix müəllimi kimi işə təyin olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Quliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Allah rəhmət eləsin!
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az