Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Elmi Şuranın onlayn formatda ilk iclası keçirildi
SDU-da Elmi Şuranın onlayn formatda ilk iclası keçirildi
Sentyabrın 15-də Sumqayıt Dövlət Universitetində 2021– 2022-ci tədris ilinin başlanması ilə bağlı Elmi Şuranın onlayn formatda ilk iclası keçirildi.
Rektor Elmi Şuranın üzvlərini, professor-müəllim heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi. Qeyd etdi ki, Elmi Şuranın gündəliyinə yeni tədris ilinə hazırlıq, pandemiya ilə əlaqədar SDU-da keçirilən sanitar-epidemioloji tədbirlər, əməkdaşların və tələbələrin vaksinasiya prosesində iştirakı, 27 Sentyabr –Anım Günü və 8 Noyabr – Zəfər Günü ilə əlaqədar universitetdə keçiriləcək tədbirlərin planının müzakirəsi və cari məsələlər daxil edilib.
Rektor Mühəndislik fakültəsinin dosenti Valeh Məmmədovu 80 illik yubileyi münasibətilə Elmi Şura üzvləri adından təbrik etdi, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzuladı. Onun fəxri fərmanla təltif olunduğu və mükafatlandırıldığı qeyd olundu.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov 2021–2022-ci tədris ilinə hazırlığın vəziyyəti, SDTK-nın direktoru dosent Mətanət Pirquliyeva SDU nəzdində SDTK-da 2021–2022-ci tədris ilinə hazırlığın vəziyyəti barədə məlumat verdilər. Qeyd etdilər ki, tədrisin ənənəvi formada təşkili üçün zəruri işlər görülüb, texniki imkanlar yoxlanılıb, tədrisin ənənəvi formada təşkili nəzərə alınaraq, dərs bölgüsü və dərs cədvəllərinin hazırlığı aparılıb.
İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev, Kadrlar şöbəsinin müdiri Nofəl Əhmədov, Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov koronavirus pandemiyası ilə əlaqədar SDU-da keçirilən sanitar-epidemioloji tədbirlər və əməkdaşların, tələbələrin vaksinasiya prosesində iştirakının vəziyyəti barədə çıxış etdilər. Bildirdilər ki, SDU-da COVID–19 infeksiyasına yoluxmanın qarşısını almaq üçün universitetin hər üç tədris korpusunda mütəmadi dezinfeksiya işləri həyata keçirilir, sanitar-epidemioloji tədbirlər daim diqqət mərkəzində saxlanılır və yerinə yetirilir. SDU əməkdaşlarının vaksinasiya prosesində iştirakı, universitetdə yüksək səviyyədə təşkil olunmuşdur, kadrlar şöbəsinin müdiri Nofəl Əhmədov tərəfindən gündəlik məlumatlar rektora təqdim olunur, həftəlik məlumatlar isə Təhsil Nazirliyinə göndərilir. Tələbələr könüllü olaraq vaksinasiya prosesində aktiv iştirak edərək peyvənd olunurlar. Qeyd edək ki, SDU-da, ilk növbədə, yaşı 65-dən çox olan professor-müəllim, inzibati və texniki heyət, sonra isə digər yaş kateqoriyalarına aid əməkdaşlar mərhələli şəkildə vaksinasiya prosesində iştirak ediblər. Sağlamlıqlarına, ölkəmizdə olan sanitar-epidemioloji vəziyyətə həssas yanaşan və peyvənd olunmağı vətəndaşlıq borcu hesab edən kollektivimizin 90 faizindən çoxu artıq vaksinasiyadan keçib. Hazırda bu prosesdə tələbələrin aktiv iştirak etməsi üçün hər bir fakültənin dekan və müəllimləri tərəfindən təbliğat işləri aparılır.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov 27 Sentyabr –Anım Günü ilə əlaqədar görüləcək işlər və 8 Noyabr – Zəfər Gününün qeyd olunması ilə bağlı keçiriləcək tədbirlər barədə məlumat verdi. Diqqətə çatdırdı ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanda Anım Gününün və Zəfər Gününün təsis edilməsi haqqında Sərəncamlar imzalayıb. Sərəncamlara əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü, noyabrın 8-i isə Zəfər Günü kimi qeyd ediləcək. Sərəncamlara uyğun olaraq, Sumqayıt Dövlət Universitetində keçiriləcək silsilə tədbirlərin planı təsdiq edildi.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov Sumqayıt Dövlət Universitetində “Nizami Gəncəvi” adına təqaüdün təsis edilməsi barədə məlumat verdi. Qeyd etdi ki, Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Təhsil nazirinin müvafiq əmrinə əsasən ali təhsil müəssisələrində “Nizami Gəncəvi” adına təqaüdün təsis edilməsi nəzərdə tutulmuşdur. Uyğun olaraq Sumqayıt Dövlət Universitetində “Nizami Gəncəvi” adına təqaüdün təsis edilməsi məsələsi və təqaüdün əsasnaməsi Elmi Şura üzvlərinə təqdim edildi. İstedadlı və akademik göstəriciləri yüksək olan tələbələr üçün nəzərdə tutulmuş “Nizami Gəncəvi” adına təqaüdün cari tədris ilinin I semestrində Filologiya fakültəsinin əlaçı tələbəsi Oruclu Nəzrinə verilməsi qərara alındı.
Elmi katib professor Muxtar Səmədov yeni təhsil proqramlarına uyğun olaraq hazırlanmış tədris planlarının, sillabusların təsdiqi və tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə məlumat verdi.
Elmi Şuranın iclasını yekunlaşdıran rektor professor Elxan Hüseynov qarşıdakı tədris ilində bütün kollektivə uğurlar arzu etdi.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az