Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun tələbəsi “Tələbə baharı” ümumrespublika yaradıcılıq festivalında I yerə layiq görüldü
SDU-nun tələbəsi “Tələbə baharı” ümumrespublika yaradıcılıq festivalında I yerə layiq görüldü
İyunun 23-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Tələbə baharı” – tələbələrin XV Ümumrespublika bədii yaradıcılıq festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, ADBTİA-nın rektoru Fuad Hacıyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) idarə heyətinin sədri Pərviz Mirələmli, Milli Məclisin deputatları və digər şəxslər iştirak etdilər.
Nazir müavini İntiqam Babayev tədbirdə çıxış edərək “Tələbə baharı” XV Ümumrespublika bədii yaradıcılıq festivalının Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə hər il təşkil edildiyini qeyd etdi. İ.Babayev bildirdi ki, gənclər bu festivala böyük maraq göstərirlər. Festivalın təşkilində əsas məqsəd gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq, onların ictimai həyatda daha fəal iştirakını təmin etməkdir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar builki festivalın mövzusu Nizami Gəncəvi yaradıcılığıdır.
Akademiyanın rektoru Fuad Hacıyev ADBTİA-nın son illər gənclərin hərtərəfli inkişafı, onların bilik və bacarıqlarının artırılması istiqamətində gördüyü işlərdən danışdı. “Tələbə baharı" festivalının gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasında əhəmiyyətini qeyd edən F.Hacıyev festivalın qalibləri arasında akademiyanın tələbələrinin də yer aldığını vurğuladı.
ATGTİ-nin idarə heyətinin sədri Pərviz Mirələmli “Tələbə baharı” Ümumrespublika bədii yaradıcılıq festivalının hər il müxtəlif mövzulara həsr edildiyini, gənclərin bu tədbirdə böyük həvəslə iştirak etdiklərini bildirdi. Tədbirin auditoriyasının ildən-ilə genişləndiyini vurğulayan P.Mirələmli “Tələbə baharı”nın qaliblərinin beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil etdiklərini diqqətə çatdırdı.
Sonda festivalın qalibləri mükafatlandırıldılar.
Qeyd edək ki, “Tələbə baharı” Ümumrespublika yaradıcılıq festivalında SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Alı Alıyev muğam nominasiyası üzrə I yerə layiq görüldü.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az