Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru magistrantların onlayn formatda müdafiəsində iştirak etdi
SDU-nun rektoru magistrantların onlayn formatda müdafiəsində iştirak etdi
İyunun 23-də rektor, professor Elxan Hüseynov universitetin II kurs magistrantlarının magistr dissertasiyalarının müdafiəsində onlayn formatda iştirak etdi.
Müdafiə edən gənclərə uğurlar arzulayan rektor bildirdi ki, müasir dövrdə elm və təhsilin rolu, təsir dairəsi artdıqca bütün dünyanın inkişaf etmiş dövlətləri bu sahəyə xüsusi diqqət yetirirlər. Bu gün ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf siyasəti, elm və təhsilə göstərdiyi xüsusi diqqət və qayğı təhsil ictimaiyyətinə geniş imkanlar yaradır. Bütün bunlar ölkə başçısının elmə, təhsilə və gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısı tərəfindən ölkəmizdə elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, gənclərin təhsilə, elmə, intellektual fəaliyyətə cəlb edilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin maddi vəziyyətlərinin, sosial rifahının yaxşılaşdırılması, gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində qəbul edilən qərarlar ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və gənc nəsildə elmlə, tədqiqat işləri ilə məşğul olmağa marağın yaranmasında əhəmiyyətli rol oynayır.
Filologiya fakültəsinin Dilşünaslıq (ingilis dili) ixtisası üzrə təhsil alan magistrantı Xəyalə İsmayılova “İngilis dilində feili tərkiblərin sinonimliyi (Şarlotta Brontenin “Ceyn Eyr” əsərinin materialı əsasında)”, Mühəndislik fakültəsinin İdarəetmədə informasiya sistemləri ixtisaslaşması üzrə magistrantı Məhbubə Şirinova “Süni intellekt sistemlərinin qurulma prinsipləri”, İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisası üzrə magistrantı Rəfail Bayramlı “İstehsal sferasında vergiyə cəlb olunma əməliyyatları üzrə uçotun təşkili və təkmilləşdirilməsi istiqamətləri” və Fizika və elektroenergetika fakültəsinin Elektrik mühəndisliyi ixtisası üzrə magistrantı Niyazi Əhmədov “İnduksiya sobasının reaktiv gücünün idarə edilməsi üçün qeyri-səlis kontrollerin işləməsi” adlı dissertasiya işlərini təqdim etdilər.
Qeyd edək ki, Fizika və elektroenergetika fakültəsinin magistrantı Niyazi Əhmədovun magistr dissertasiyasının müdafiəsində Ufa Dövlət Neft Texniki Universitetinin əməkdaşları – Elektrotexnika və elektrik avadanlığı kafedrasının müdiri professor Xakimyanob Marat İlqizovic, Elektrotexnika və elektrik avadanlığı kafedrasının müdirinin elmi işlər üzrə müavini dosent Xazieva Regina Taqirovna, İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini dosent Kalimqulov Ayrat Rinatoviç də onlayn formatda iştirak etdilər.
Rektor iştirakçıları salamladı və diqqətə çatdırdı ki, Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri günbəgün genişlənir. Universitetlərimiz arasında elmi-pedaqoji fəaliyyət sahəsində bu cür əməkdaşlıq bir-birinin nailiyyətlərindən bəhrələnmək, təcrübə mübadiləsi həyata keçirmək, birgə konfranslar təşkil etmək, bakalavr və magistratura səviyyələri üzrə kadr hazırlığında birgə müdafiələr təşkil etmək və universitetlərin fəaliyyətinin müasir tələblər səviyyəsinə qaldırmaq istiqamətində əsaslı zəmin yaradır. Belə ki, cari ilin 7-8 iyun tarixində SDU-nun Fizika və elektroenergetika fakültəsinin alimləri - Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov və Elektrotexnika və energetika kafedrasının müdiri dosent Nadir Hacıbalayev UDNTU-nun Rəqəmsal Sistemlər, Avtomatlaşdırma və Energetika İnstitutunun Müəssisələrin elektrik avadanlığı və elektrotexnika kafedrasının Elektroenergetika və elektrotexnika ixtisası üzrə magistrantlarının distant formatda dissertasiya işlərinin müdafiəsində iştirak etmişdilər. Rektor UDNTU-nun rektoru Oleq Alaksandroviç Baulinə təşəkkür edərək bildirdi ki, onun təşəbbüsü ilə hər iki universitetin alim və müəllimləri qarşılıqlı olaraq keçirilən magistr dissertasiyalarının müdafiələrində iştirak etmək imkanı əldə etmişlər. Rektor onu da diqqətə çatdırdı ki, biz nəinki magistr dissertasiyalarının müdafiələrində iştirak etmək, həm də magistrantlara qarşılıqlı surətdə elmi rəhbərlik edilməsinin də həyata keçirilməsi təşəbbüsünü irəli sürürük. Bu təşəbbüs keyfiyyətli mütəxəssis hazırlığına köməklik göstərər və biz bu cür gənc kadrları elmi fəaliyyətə cəlb etmiş olarıq. Fakültədən bu istiqamətdə təkliflər gözləyirik.
Ufa Dövlət Neft Texniki Universitetinin alimləri SDU-nun rektoru professor Elxan Hüseynovu və iştirakçıları salamladılar və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında olan iqtisadi, mədəni, dostluq əlaqələrindən, ölkələrində elm və təhsil sahəsində həyata keçirilən islahatlardan danışdılar, Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirdilər. İki ali məktəb arasında əməkdaşlığın pandemiya dövründə də uğurla davam etdirildiyini bildirdilər.
Magistr dissertasiyası ilə bağlı magistrant Niyazi Əhmədovun elmi rəhbəri dosent Zakir Fərhadov və komissiya üzvləri öz fikirlərini bildirdilər. Dissertasiya işində təklif olunan qurğunun patentə layiq görüldüyü üçün magistrant və onun elmi rəhbərini təbrik etdilər.
Rektor müdafiələrdən razı qaldığını bildirdi. Magistratura səviyyəsini bitirən gəncləri təbrik etdi, belə yüksək biliyə sahib olan gənclərin gələcəkdə universitetimizdə ixtisaslı kadr kimi çalışmalarını arzuladı.
Gənclər çıxışlarında rektor professor Elxan Hüseynova təhsil aldıqları müddətdə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər və SDU-da əldə etdikləri bilik və təcrübənin onların gələcək fəaliyyətlərində mühüm rol oynayacağına əminliklərini ifadə etdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az