Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun gənc ixtiraçıları “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının qalibləri sırasında
SDU-nun gənc ixtiraçıları “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının qalibləri sırasında
Avrasiya Patent Təşkilatının 25 illiyinə həsr olunmuş “Gələcəyə baxış” Avrasiya Patent Universiadası uğurla başa çatdı. Bilik yarışmasında Avrasiya Patent Konvensiyasının üzvü olan dövlətlərin təhsil müəssisələrinin tələbələri və 18–25 yaş arasında digər maraqlanan gənclər iştirak etdilər. Yarışmaya Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşəbbüsü ilə ölkəmizin nümayəndələri də fəal qoşuldular. Universiadanın qalibləri arasında Sumqayıt Dövlət Universitetinin tələbələri də yer aldılar. Universitetin Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədovun rəhbərliyi ilə Mühəndislik fakültəsinin tələbələrindən ibarət komanda: III kurs tələbəsi Seymur Talıbov və II kurs tələbəsi Qüdrət Ağazadə müsabiqədə uğurla çıxış edərək II yeri qazandılar. Seymur Talıbov və Qüdrət Ağazadənin “Tibb müəssisələrində koronavirusun (COVID-19) aşkarlanması və avtomatik aradan qaldırılması üçün mobil robot” layihəsi “Virusdan qorunma – düşmən keçməz! Həkimlərin və xəstələrin infeksiyadan fərdi qorunma sistemləri” mövzusu 2-ci yerə layiq görüldü. Onlar Gənc Tədqiqatçıların Beynəlxalq Assambleyasının finalına dəvət aldılar.
İyunun 17-də “Gələcəyə baxış” Avrasiya Patent Universiadası – 2021 müsabiqəsinin qaliblərini mükafatlandırmaq üçün Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi Avrasiya Patent Təşkilatının vitse-prezidenti Emil Məmmədovla birgə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin Proseslərin avtomatlaşdırılması ixtisasının 2-ci kurs tələbəsi Qüdrət Ağazadə və 3-cü kurs tələbəsi Seymur Talıbov ilə görüş keçirdi. Universiadanın qaliblərinin mükafatlandırma mərasimində həmçinin Sumqayıt Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov SDU-nun Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlığı, görülən işlər, SDU-nun əməkdaşlarının elmi işlərinin patentləşdirilməsi ilə bağlı məsələləri müzakirə etdilər.
Sonra Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi sədrinin müavini Sənan Tapdıqov tərəfindən universiadanın qalibləri ilə görüş təşkil olundu. Giriş sözü ilə tədbiri açan Sənan Tapdıqov vurğuladı ki, cari ildə keçirilən universiadanın qalibləri arasında SDU-nun və BDU-nun tələbələri olmuşdur. SDU-nun tələbələri universiadanın 2-ci mükafatçısı olaraq, Velikiy Novqorodda Gənc Tədqiqatçıların Beynəlxalq Assambleyasında öz layihələrini onlayn rejimdə ingilis dilində uğurla təqdim etmişlər.
Mükafatlandırma mərasimində Avrasiya Patent Təşkilatının vitse-prezidenti Emil Məmmədov APT adından qaliblərə qiymətli mükafatlar təqdim edərək, onlara uğurlar arzuladı.
SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov tədbirdə çıxış edərək qalibləri təbrik etdi. Həmçinin qaliblərin elmi rəhbəri professor Cavanşir Məmmədov da Avrasiya Patent Universiadasının təşkilat komitəsinin və Əqli Mülkiyyət Agentliyinin rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Sonda tədbirdə iştirak edən şəxslərlə xatirə fotoları çəkildi.
Qeyd edək ki, Avrasiya Patent Təşkilatı 1994-cü ildə yaradılıb. Ölkəmiz 1994-cü il 9 sentyabr tarixində Avrasiya Patent Konvensiyasını imzalayıb, 1995-ci ildə isə konvensiyanın ratifikasiya edilməsi ilə təşkilatın tam hüquqlu üzvü olub.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az