Oktyabrın 17-də Azərbaycan Respublikasının Dövlət Müstəqillik  gününə həsr olunmuş bayram tədbiri keçirildi.
Öncə  universitetin rəhbərliyi və professor-müəllim heyəti ulu öndərin büstü önünə  gül dəstələri düzərək dərin  hörmət və  ehtiramlarını bildirdilər. 
Azərbaycanın Dövlət himninin  səsəndirilməsindən sonra tədbir açıq elan olundu. 
Tədbiri  giriş sözü ilə açan universitetin rektoru Elxan Hüseynov bu günün  mühüm tarixi   əhəmiyyətindən danışaraq vurğuladı ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub  saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Onun üçün də gərək zamanın bütün sınaqlarına  hazır olasan, hər bir  əziyyətə və çətinliyə dözməyi bacarasan.  Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqillik  əldə etməklə, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 1918-ci ildə  qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet  imperiyasının dağılması prosesi Azərbaycan xalqına öz milli müstəqilliyini  bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası  Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında  Konstitusiya Aktı" qəbul olundu.
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı  1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl  müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi.  1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər  Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz milli liderin  zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz  sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.Ulu öndər  qarşıya çıxan bütün çətinliklərə xalqın xoşbəxt gələcəyi naminə sinə gərdi və  qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların  kürsüsündən gəldi.
Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və  xalqın tarixi taleyində çox önəmli  rol oynadığını böyük qürur hissi ilə  bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi yaşar  və dönməz etdi.     
Rektor onu da vurğuladı ki, əsl  müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü ilin  20  sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi “Əsrin  müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin  sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin və qabaqcıl  şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və  nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropanın və bütövlükdə  dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət  müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan  məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.  Bir sözlə əgər müstəqillik Azərbaycanın suveren dövlət kimi  mövcud olması  tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyinin  əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə  bağlı olan müasir tariximizin danılmaz faktıdır. Məhz dövlətimizin müstəqilliyi,  bu müstəqilliyin yaradıcısı və memarı  Heydər Əliyev  yeni və qlobal dünyada ölkələrin sırasında  Azərbaycanın öz yerini müəyyənləşdirdi. 1992-ci ildən Azərbaycan BMT-nin Baş  məclisinin üzvü olmasına baxmayaraq, yalnız 1994-cü ildən ulu öndərimiz  cıxışları ilə dünyanın beynalxalq siyasi aləminə öz imzasını atdı.Ulu öndərin  siyasi kursu onun layiqli davamçısı olan cənab İlham Əliyev tərəfindən uğurla  davam etdirilir. Onlar bizim xalqımızın fəxri,   qürurudurlar.
Mən  sizin hər birinizi bu günkü gün münasibəti ilə təbrik edirəm.    Qoy Azərbaycanımızın müstəqilliyi daimi və  əbədi yaşar olsun.
Tədbirdə “Fəlsəfə və hüquq  kafedrası”nın baş müəllimi Osman Hacıyev –“Azərbaycan Dövlət müstəqilliyini  təmin edən tarixi şərtlər və şəxsiyyətlər ”, “Avropa və Amerika ölkələrinin  yeni və ən yeni tarixi kafedrası”nın baş müəllimi Nofəl Abdullayev “Müstəqil  Azərbaycanın dövlətçiliyinin formalaşmasında Heydər Əliyevin rolu ”, SDU-nun  YAP gənclər təşkilatının sədri, Kimya və biologiya fakültəsinin III kurs  tələbəsi Səma Əsədova “Azərbaycan Dövlətinin müstəqilliyinin və suverenliyinin  möhkəmlənməsində Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı  İlham Əliyevin rolu” mövzusunda çıxış etdilər
Sonda “Müstəqillik günü” nə  həsr olunmuş videofilm nümayiş olundu..
Mətbuat xidməti
 
                 
             