Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Riyaziyyat fakültəsinin tələbələri arasında tədrisin keyfiyyətinə nəzarət məqsədilə anket sorğu keçirildi
SDU-nun Riyaziyyat fakültəsinin tələbələri arasında tədrisin keyfiyyətinə nəzarət məqsədilə anket sorğu keçirildi
Artıq bir ildən çoxdur ki, COVID-19 pandemiyası ilə əlaqədar ali təhsil müəssisələrində tədris prosesi distant formada həyata keçirilir. Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin II, III, IV və V kurs tələbələri arasında tədrisin keyfiyyətinə nəzarət məqsədilə anket sorğu keçirildi. Riyaziyyat fakültəsinin dekanı dosent Zəfər Hüseynov bu barədə bildirdi ki, “COVID-19 pandemiyası bütövlükdə təhsilverən və təhsialanların tədris və öyrənmə fəaliyyətlərində əsaslı və yeni dəyişikliklərə səbəb oldu. Tələbələr həm onlayn təhsilə keçdi, həm də dostları və ailələri ilə sosial məsafə saxlamalı oldular. Əlbəttə, bəzi tələbə və müəllimlərin yeni formatda təhsilə uyğunlaşması müəyyən mənada çətinliklər yaratdı. Fakültəmizin tələbələrinin distant təhsillə bağlı fikirlərini öyrənmək istədik. Bu məqsədlə Riyaziyyat və onun tədrisi metodikası kafedrasının dosenti Məftun Heydərova ilə birlikdə məlumat toplamaq məqsədilə tələbələr üçün distant öyrənmə ilə bağlı bir sorğu hazırladıq və tələbələrə göndərdik. Nəticələri əldə etdikdən sonra tələbələrin mövcud təhsil sistemində nəyi sevdiyini və nəyi dəyişdirmək istədiklərini öyrəndik. Ümumilikdə 416 nəfər tələbə arasında aparılan sorğunun nəticəsində gördük ki, tələbələrin əksəriyyəti universitetdə təhsili üstün tutduqları halda, çox az hissəsi distant təhsili seçmişlər. Onların bəziləri avadanlıq nasazlığından şıkayətçi olduqları halda, böyük əksəriyyəti virusa yoluxma riskinin aşağı olması baxımından distant təhsilin vacib olduğu fikrində oldular. Tələbələrimizin yenə də böyük əksəriyyəti distant təhsil prosesindəki dəyişikliklər barədə vaxtında məlumat aldıqlarını, müəllim heyətinin işini müsbət qiymətləndirdiklərini, evdən öyrənmək üçün mənbələr təklif etməkdə müəllimlərinin onlara köməklik göstərdiklərini və universitetin qiymətləndirmə üsullarını bəyəndiklərini qeyd etdilər. Bəzi tələbələr isə öyrənmə motivasiyalarının azaldığını və bəlkə də, bu səbəbdəndir ki, öz nailiyyətlərini orta səviyyədə qiymətləndirdiklərini qeyd etdilər. Onu da diqqətə çatdıraq ki, tələbələrin əksəriyyəti evdə internetin zəif olmasından narazı olduqlarını bildirdilər. Distant təhsili bəyənmək məsələsinə gəldikdə isə, bu barədə fikirayrılığı nəzərəçarpan qədərdir. Belə ki, onların, demək olar ki, yarısı təhsilin distant formasını bəyəndikləri halda, digər yarısı təhsilin bu formasını bəyənmədiklərini qeyd etmişlər”.
Riyaziyyat və onun tədrisi metodikası kafedrasının dosenti Məftun Heydərova qeyd etdi ki, “Yeni keçid aldığımız distant təhsil müddətində fakültəmizin tələbə və müəllimlərinin rəqəmsal mühitdə rahat və məhsuldar işin təşkili və distant təhsil prosesinin həyata keçirilməsini təmin etmək üçün lazımi alətlər, mənbələr və xidmətlər təqdim etmək qabiliyyətinin nə dərəcədə yüksək olduğunu öyrənmək lazımdır. Biz bunu tələbələr arasında apardıq və yaxın müddətdə müəllimlər arasında da belə bir sorğunu keçirməyi planlaşdırırıq. Araşdırmamız, universitetimizin təhsilin distant formasına gözlənilmədən və qısa müddətdə keçməsinə baxmayaraq, bir tərəfdən tələbələrin təhsil prosesində distant təhsil texnologiyalarından istifadə etməyə hazır olduqlarını, digər tərəfdən onların tətbiqində müəyyən texniki çətinliklərin olduğunu göstərdi. Sorğunun nəticələrinin geniş və ətraflı şərhini əhatə edən məqalə də hazırlamışıq və bu məqalə Sumqayıt Dövlət Universitetinin “Elmi xəbərlər” jurnalında öz əksini tapacaqdır. Maraqlananlar jurnalın növbəti nömrəsində məqalə ilə tanış ola bilərlər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az