Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU –nun müəllimi və bir qrup tələbəsi onlayn formatda orta məktəb şagirdlərinə hazırlıq kursları təşkil etdilər
SDU –nun müəllimi və bir qrup tələbəsi onlayn formatda orta məktəb şagirdlərinə hazırlıq kursları təşkil etdilər
Gənclik millətin gələcəyidir. Milləti düşünərək addım atmaq, onun işıqlı gələcəyini elmin təhsilə inteqrasiyasında görmək SDU- nun prioritetlərindəndir.
Yüksəkixtisaslı kadr potensialı və tələbə heyəti ilə seçilən bu təhsil ocağında vətənin inkişafı, tərəqqisi üçün yeni -yeni layihələr gerçəkləşdirilir.
Vətən müharibəsində, Qarabağ uğrunda savaşlarda adını qəhrəmanların sırasına yazan tələbə və məzunlarımız cəsarətli addımları, xeyirxah təşəbbüsləri ilə seçilirlər.İndi sizə təqdim edəcəyimiz layihə SDU-nun riyaziyyat fakültəsinin məzunu olmuş hal-hazırda müəllimi kimi fəaliyyət göstərən Nicat Həsənliyə məxsusdur. Dinlədikcə qürur duyur, sevinc hissi keçirir, düşünürsən: Xeyirxahlıq etmək üçün insana yüksək vəzifə,geniş imkan gərək deyil. Sadəcə İnsan olmaq, İnsanlığa və haqqa xidmətdə bulunmaq gərəkdir.
SDU –nun Riyaziyyat fakültəsinin müəllimi və bir qrup tələbəsi onlayn formatda orta məktəb şagirdlərinə hazırlıq kursları təşkil etdilər.
Nicat Həsənli gerçəkləşdirdiyi layihə barədə məlumat verərək bildirdi ki, artıq beş aydır ki, biz orta məktəblərdə Riyaziyyat fənnindən videodərslər hazırlayırıq və bunu bir çox sosial platformalarda paylaşırıq. Pandemiya ilə əlaqədar olaraq belə bir iş görmək qərarına gəlmişik. Həm də fikirləşdik ki, hər kəsin hazırlığa getmək üçün maddi imkanı yoxdur. Ona görə də sistemli və ardıcıl şəkildə bütün dərsləri keçib YouTube kanalına yerləşdiririk. İnanıram ki, siz də bu işdə bizə dəstək olacaqsınız və bu məlumatı kifayət qədər çox insanlara çatdıra biləcəksiniz. Hər kəsə faydalı və xeyirli ola biləcək işlə məşğul olan zəhmətkeş tələbələrə sadəcə dəstək olmaq və qayğı göstərmək lazımdır.
Tələbə olmaq, bu adı qazanmaq və bu illəri yaşamaq həqiqətən çox gözəldir. Bu adı qazanmaq üçün çox əziyyət çəkmişik.
Yüksək əzmkarlıq göstərərək dərslərini ardıcıl və səliqəli oxuyan şagird tələbə adını qazana bilər. Məhz bu zaman insanın qarşısında yeni qapılar açılır, yeni hədəflər yaranır. Xəyalınızda olan həyatı məhz tələbə olduqdan sonra inşa edə bilərsiniz...
Əziz məktəblilər, biz sizə tələbə adını qazanmağınız üçün kömək etmək istəyirik. Buna görə bir qrup dostlarımızla, tələbə yoldaşlarımızla birlikdə keçirilən bütün dərsləri lap əvvəldən izah etmək qərarına gəldik. Dərslərimiz ardıcıl olaraq keçirilir. Gəlin, xəyallarınızı birlikdə inşa edək! Xeyirxahlıq köhnəlməyən libasdır. Heç bir təmənna gözləməyən xeyirxah əməldən gözəl nə ola bilər axı?!
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az