Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “ Zərifə xanım Əliyeva – Ana, Qadın və Alim” mövzusunda onlayn formatda növbəti məşğələ
SDU-da “ Zərifə xanım Əliyeva – Ana, Qadın və Alim” mövzusunda onlayn formatda növbəti məşğələ
Aprelin 28-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü münasibətilə "Zərifə xanım Əliyeva – Ana, Qadın və Alim " mövzusunda onlayn formatda növbəti məşğələ keçirildi.
Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq, oftalmologiya sahəsində görkəmli alim, ictimai xadim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Zərifə Əliyevanın Azərbaycan üçün gördüyü misilsiz xidmətlərdən danışdı. Bildirdi ki, görkəmli alim Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir. Alim özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş etmiş, ən ağır, mürəkkəb əməliyyatlar aparmış, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırmışdı. Bu işdə ona təkcə biliyi, savadı və səriştəsi deyil, həm də gendən və böyüdüyü ailədən gələn yüksək keyfiyyətlər dəstək olurdu. Zərifə xanım görkəmli həkim və alim, dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya gəlmişdi. Bu insan ömrü boyu onu əhatə edənlərin hörmətini qazanmışdı. O, rektor, nazir, baş nazirin müavini olmuş və həmişə də bacarığı və qabiliyyəti ilə böyük nüfuz qazanmışdı. Dövrünün partiya və dövlət xadimləri arasında özünəməxsus geniş siyasi və mədəni dünyagörüşü ilə seçilmişdir. Əsil-nəcabətli bir ailədə böyüməsinə, adlı-sanlı kişinin övladı, Ulu öndər Heydər Əliyev kimi dahi bir şəxsiyyətin ömür-gün yoldaşı olmasına, özünün də görkəmli alim kimi tanınmasına baxmayaraq, həmişə təvazökar idi. Həkimlik sənəti də ona çox yaraşırdı. Çünki qəlbən insansevər idi.
Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş,həmin xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Təsadüfi deyil ki, görkəmli alimin bu istiqamətdə apardığı elmi-tədqiqat işləri böyük nəzəri və təcrübi əhəmiyyət daşıyaraq bu gün də dünya tibb ədəbiyyatında analoqu olmayan unikal tədqiqatlar sırasındadır.
Rektor onu da diqqətə çatdırdı ki, Zərifə xanım Əliyevanın xeyirxahlığı, insanpərvərliyi onun övladları və nəvələri tərəfindən daha geniş şəkildə davam etdirilir. Ulu öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva ocağının yetirməsi olan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müasir Azərbaycan dövlətinin çiçəklənməsi, tərəqqisi və dünyada tanıdılması istiqamətindəki yorulmaz fəaliyyəti isə hər bir azərbaycanlının qəlbində qürur və iftixar hissi yaradır. Torpaqlarımızı işğaldan azad edə biləcək yeganə şəxsiyyət ümumxalq məhəbbəti qazanmış, xalqın mərd oğlu, sərkərdəsi, lideri, Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik siyasəti Vətənimizə yeni sima, yeni ucalıq, hörmət, ehtiram gətirdi, bütöv bir xalqı bəxtiyar, xoşbəxt həyata qovuşdurdu.
Həmçinin Zərifə Əliyeva ocağındakı xanımların xeyirxahlığı, xalq üçün etdikləri bu ənənənin davamıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqının milli mədəniyyətinin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır. Bu gün Leyla xanım Əliyevanın milli ideallar naminə məqsədyönlü fəaliyyəti onun istedadlı və vətənpərvər gənc olduğunu nümayiş etdirməklə yanaşı, həm də irsi-genetik kökdən, sağlam ailə ocağından irəli gəlir. Leyla xanım Əliyeva Azərbaycanın dünya miqyasında tanınmasına, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına çalışır.
Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva "Zərifə xanım Əliyeva – Ana, Qadın və Alim " mövzusunda məruzə ilə çıxış etdi. Akademik Zərifə Əliyevanın Azərbaycanın tibb elminin inkişafında, ictimai həyatında mühüm rol oynadığını bildirdi. Akademik Zərifə Əliyevanı gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, fitri istedada malik alim kimi xarakterizə etdi.
Məruzə ətrafında Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Elnarə Əhmədova “Zərifə xanım Əliyeva Əziz Əliyev ocağının yetirməsidir”, Fizika və elektroenergetika fakültəsinin dekanı, Əməkdar müəllim dosent Tamella Əhmədova “Mehriban Əliyeva Zərifə xanımın xeyirxahlıq əməllərinin davamçısıdır”, Kimya və biologiya fakültəsinin III kurs tələbəsi Kənan Namazov “Leyla Əliyeva – Xocalıya ədalət kampaniyasının təşkilatçısıdır” mövzularında çıxış etdilər. Natiqlər çıxış zamanı ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı Zərifə xanım Əliyevanı təkcə respublikamızda deyil beynəlxalq aləmdə də tanınmış alim, ziyalı, ictimai xadim kimi dəyərləndirərək, dünyada ilk dəfə olaraq elm aləmində yeni bir istiqamətin–peşə oftalmologiyasının əsasını qoyduğunu qeyd etdilər. Bildirdilər ki, onun elmi tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsindəki xidmətləri danılmazdır.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az