Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Xarici dillər kafedrasının təşkilatçılığı ilə doktorant və dissertantların “Sözün işığı” adlı onlayn formatda elmi seminarı keçirildi
SDU-nun Xarici dillər kafedrasının təşkilatçılığı ilə doktorant və dissertantların “Sözün işığı” adlı onlayn formatda elmi seminarı keçirildi
Aprelin 21-də SDU-nun Xarici dillər kafedrasının təşkilatçılığı ilə doktorant və dissertantların Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Sözün işığı” adlı onlayn formatda elmi seminarının ilk iclası keçirildi.
Seminarda SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov, Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminli, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov, Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova və kafedraların professor-müəllim heyəti ilə yanaşı, Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekanı dosent Nizami Zeynalov, MDU-nun Xarici dillər kafedrasının müdiri dos. Zemfira Əzizova və həmin universitetin professor-müəllim heyəti də iştirak etdilər.
Seminarı giriş sözü ilə SDU-nun Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova açaraq, qonaqları və tədbir iştirakçılarını salamladı, elmi seminarın məqsədi və məramı haqqında məlumat verdi. Kafedra müdiri bu seminarın da bu il keçirilən bir çox elmi, maarifləndirici və mədəni tədbir kimi, Nizam Gəncəvinin 880 illik yubileyinə həsr olunduğunu tədbir iştirakçıları və qonaqların nəzərinə çatdırdı. Qeyd etdi ki, ölkə Prezidenti bu ili “Nizami Gəncəvi İli” elan edib. Bunun Azərbaycanımızı tanıtmaq, milli və mədəni mənsubiyyətimizi təsdiqləmək, azərbaycanlı şair Nizami Gəncəvinin ümumbəşəri ideyalarını təbliğ etmək yolunda çox vacib və lazımlı hadisə olduğunu bildirdi. Eyni zamanda SDU-nun geniş fəaliyyət planına uyğun olaraq, Filologiya fakültəsində 2 beynəlxalq konfrans planlaşdırılıb.
Seminarın Xarici dillər kafedrasının iclasının qərarı ilə təşkil olunduğunu deyən Nigar xanım seminarın məqsədinin kafedranın doktorant və dissertantlarını bir araya gətirmək, onların elmi araşdırmalarının nəticələri ilə tanış olmaq, onlarda sərbəst diskussiya aparmaq və çıxış etmək vərdişlərini formalaşdırmaqdan ibarət olduğunu qeyd etdi.
Sonra kafedra müdiri Xarici dillər kafedrası haqqında məlumat verdi. Kafedrada hal-hazırda 36 nəfər işçinin çalışdığını, onlardan 14-nün SDU, ADU, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktorant və dissertantları olduğunu qeyd etdi. Gənc tədqiqatçıların SDU-da, Azərbaycanda və xarici ölkələrdə keçirilən bir çox konfraslarda tez-tez iştirak etdiklərini, nüfuzlu jurnallarda məqalə və tezislərinin çap olunduğunu qeyd etdi. Bugünkü seminarın ilk iclasında gənc tədqiqatçılarımızdan beş nəfərin öz elmi nəticələrini təqdim edəcəklərini diqqətə çatdırdı.
Daha sonra isə söz məruzəçilərə verildi. Xarici dillər kafedrasının müəllimi, eyni zamanda Azərbaycan Dillər Universitetinin dissertantı Aytən Bünyatova “Dillərarası ünsiyyətdə konsept (“ruh”) və dil (“hərf”) problemi” adlı mövzu ilə çıxış etdi. Konsept və dilin sıx vəhdətdə mövcudluğunu, onları bir-birindən təcrid olunmuş şəkildə nəzərdən keçirməyin mümkün olmadığını qeyd etdi.
Xarici dillər kafedrasının əməkdaşı, eyni zamanda Sumqayıt Dövlət Universitetinin dissertantı Samirə Rzayeva “Dildə emotivlik və koqnisiya mexanizmlərinin əlaqəliliyi barədə “Emosiya” konseptinin tədqiqi tarixi kontekstində” adlı mövzu ilə çıxış etdi. Son illərdə linqvistik ədəbiyyatlarda ənənəvi dilçiliklə passiv və aktiv linqvistika arasında fərqləndirmə aparılması zəruriliyi vurğulandı.
Xarici dillər kafedrasının baş müəllimi, eyni zamanda Sumqayıt Dövlət Universitetinin dissertantı Xatirə Yusibova “İngilis dilinin sözəmələgəlmə prosesində prefikslərin rolu” adlı məruzə ilə çıxış etdi.
Xarici dillər kafedrasının müəllimi, eyni zamanda Azərbaycan Dillər Universitetinin dissertantı Aynurə Xanlarova “Yazıçının idiostili və frazeoloji transformasiya” adlı məqaləsi ilə çıxış etdi.
Xarici dillər kafedrasının müəllimi, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Jalə Məmmədova “Müasir təhsildə elektron lüğətlərin qısa təsnifatı” adlı məqaləsi ilə çıxış etdi.
Hər bir məruzəçiyə iştirakçılar tərəfindən suallar verildi, maraq doğuran məsələlər ətrafında müzakirə və diskussiya aparıldı.
Seminarın sonunda çıxışçılar Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynova bu təhsil müəssisəsində elmin inkişafına və gənc alimlərin formalaşmasına göstərilən diqqət və dəstəyinə görə minnətdarlıqlarını bildirdilər. Eyni zamanda Xarici dillər kafedrasında yaradılan seminarın doktorant və dissertantlar üçün əhəmiyyətini, onların gələcək elmi işlərində atdıqları addımlara dəstək olduğunu, müdafiələrində akademik auditoriya qarşısında nitqlərini düzgün qurmaq və həyəcanlarını azaltmaq kimi məsələlərdə də yardımçı olduğunu vurğuladılar.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az