Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da «Regional iqtisadiyyat: müasir aspektlər və aktual məsələlər» mövzusunda onlayn formatda Respublika elmi konfransı keçirildi
SDU-da «Regional iqtisadiyyat: müasir aspektlər və aktual məsələlər» mövzusunda onlayn formatda Respublika elmi konfransı keçirildi
Aprelin 22-də Sumqayıt Dövlət Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş «Regional iqtisadiyyat: müasir aspektlər və aktual məsələlər» mövzusunda onlayn formatda Respublika elmi konfransı keçirildi.
Konfransda Millət vəkili akademik Ziyad Səmədzadə, Milli Məclisin deputatı Vüqar Bayramov, AMEA-dan və ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrindən nümayəndələr iştirak etdilər.
Konfransı SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq, iştirakçılara rektor professor Elxan Hüseynovun salamını çatdırdı və Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən danışdı. Prorektor qeyd etdi ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Qələbə böyük geosiyasi məkanda proseslərin geniş və bütöv mənzərəsini dəyişməkdədir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə başlamış genişmiqyaslı xarakter daşıyan islahatlar respublikada yüksək dayanıqlı iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələndirilməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşkili üçün zəmin yaratmışdır.
Konfransın əhəmiyyətindən bəhs edən prorektor qeyd etdi ki, məruzəçilər və konfrans iştirakçılarının məzmunlu tədqiqatları, əldə etdikləri elmi nəticələr və praktiki təkliflər ölkəmizin regionlarına aid problemlərin aşkara çıxarılması və aradan qaldırılması istiqamətində əməli töhfə verəcək. Prorektor konfransı açıq elan etdi və konfransın işinə uğurlar arzuladı.
Millət vəkili akademik Ziyad Səmədzadə çıxış edərək bildirdi ki, ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Möhtəşəm qələbə Azərbaycan dövlətinin qarşısında yeni hədəflər və vəzifələr qoyub. Möhtərəm Prezidentin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində Böyük Qayıdışın ayrıca prioritetlərdən biri kimi müəyyən edildiyini diqqətə çatdıran akademik Qarabağın dirçəldilməsi istiqamətində həyata keçirilən düşünülmüş və sistemli dövlət tədbirlərindən də bəhs etdi.
Milli Məclisin deputatı Vüqar Bayramov “Regional iqtisadi əməkdaşlıq prespektivləri Qarabağ Zəfəri kontekstində” adlı məruzə ilə çıxış edərək konfransın mövzusunun aktuallığından danışdı, tarixi Zəfərin qazanılması nəticəsində ölkəmizdə iqtisadi baxımdan yeni inkişaf mərhələsinə keçid üçün geniş imkanların yarandığını bildirdi. Böyük iqtisadi potensiala malik olan Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarının uzun müddət işğal altında qaldığını və erməni vandalları tərəfindən vəhşicəsinə talan edildiyini bildirən millət vəkili bu iki mühüm iqtisadi bölgənin düşmən təcavüzündən azad edilməsinin perspektiv dövrdə Azərbaycanın iqtisadi artımında əhəmiyyətli rol oynayacağını vurğuladı.
AMEA-nın İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri AMEA-nın müxbir üzvü, professor Akif Musayev “İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin seçilməsi” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin maliyyə xərclərini dəfələrlə üstələyəcəkdir. Bu ərazilərin bərpası çoxlu sayda yeni iş yerlərinin açılmasına səbəb olacaq. Belə ki, yeni infrastruktur layihələrinin həyata keçirilməsi vətəndaşlarımızın işlə təminatına müsbət təsir göstərəcək.
İqtisadiyyatın inkişafı yeni iş yerlərinin açılmasına zəmin yaradacaq.
Azərbaycan Dövlət İqtisad Universitetinin Ticarət və gömrük işinin təşkili kafedrasının müdiri professor Arif Şəkərəliyev, Bakı Dövlət Universitetinin Dünya iqtisadiyyatı kafedrasının müdiri professor Hacıağa Rüstəmbəyov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Əlövsət Əliyev və digər natiqlər çıxış edərək bildirdilər ki, Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.
SDU-nun İqtisadiyyat kafedrasının dosenti Səadət Hümbətəliyeva “Regional iqtisadiyyatın inkişafının sosial istiqamətləri” adlı məruzəsində bildirdi ki, Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək, sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı, cəmiyyətdə dövlətçilik ənənələri gücləndi, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirildi.
Konfransın sonrakı işi haqqında məsul katib Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov məlumat verdi. Bildirdi ki, konfransın təşkilat komitəsinə respublikamızın 17 elm və ali təhsil müəssisəsindən daxil olmuş 125 məruzə və tezis Proqram komitəsi tərəfindən seçilmiş, plagiatlığı yoxlanılaraq, konfransın gündəliyinə 101 məruzə daxil edilmişdir.
Konfrans öz işini 4 bölmə üzrə iki gün ərzində davam etdirəcək.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az