Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Nizami Gəncəvi irsində pedaqoji fikirlər” mövzusunda onlayn formatda görüş keçirildi
SDU-da “Nizami Gəncəvi irsində pedaqoji fikirlər” mövzusunda onlayn formatda görüş keçirildi
Aprelin 14-də Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsinin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Nizami Gəncəvi irsində pedaqoji fikirlər” mövzusunda onlayn formatda görüş keçirildi.
Görüşdə Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva çıxış edərək rektor professor Elxan Hüseynovun salamlarını tədbir iştirakçılarına çatdırdı və görüşün keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.
Dekan “Nizami İli”nin əhəmiyyətindən və dahi şairin bənzərsiz irsindən bəhs etdi, “Nizami Gəncəvi İli” çərçivəsində Sumqayıt Dövlət Universitetində həyata keçirilən silsilə tədbirlər barədə məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsinin ölkədə böyük sevinclə qarşılandığını, Sumqayıt Dövlət Universitetinin şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olduğunu, Prezident cənab İlham Əliyevin bu Sərəncamının dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ərəfəsində bəşəri əhəmiyyət kəsb etdiyini diqqqətə çatdırdı. Vurğuladı ki, Heydər Əliyevlə başlanan ənənələr Prezident cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. 2021-ci ilin “Nizami Gəncəvi İli”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir. İnanırıq ki, ölkə Prezidentinin imzaladığı bu xüsusi əhəmiyyətli dövlət sənədi, ilk növbədə, ədəbiyyatşünas alimlərimizin yeni tədqiqat sahələrini araşdırmaq üçün stimul olacaqdır.
Dosent Sevinc Həmzəyeva sonra proqramda nəzərdə tutulmuş mövzuları diqqətə çatdırdı və sözü məruzəçilərə verdi.
Tədbirdə Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının dosenti Təranə Babayeva “Nizaminin irsində insan konsepsiyası, şəxsiyyət problemi” mövzusunda çıxış edərək Nizami irsinin öyrənilməsi və təbliği baxımından tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Bildirdi ki, Azərbaycan ədəbiyyatı klassikləri içərisində yaradıcılığı qeyd olunan cəhətlərə görə ciddi maraq doğuran və dərindən tədqiq edilməyə, öyrənilməyə layiq olan sənətkar, ilk növbədə, dahi şair və mütəfəkkir Nizami Gəncəvidir. Belə ki, Nizaminin təkcə Azərbaycan ədəbiyyatına deyil, ümumən Şərq ədəbi-ictimai və fəlsəfi-psixoloji fikir tarixinə gətirdiyi ən mühüm yeniliklərdən biri məhz təsvir etdiyi surətlərin daxili aləmini, mənəvi keyfiyyətlərini ön plana çəkməsi, onların davranış və hərəkətlərini psixoloji cəhətdən əsaslandırmasıdır.
SDU-nun Pedaqogika və psixologiya kafedrasının dosentləri: Şikar Hüseynov “Nizaminin yaradıcılığında musiqinin tərənnümü”, Sevinc Kərimova “Nizaminin pedaqoji irsində insanın yaş dövrləri”, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Şəlalə Adıgözəlova “Nizaminin müəllim və onun şəxsiyyəti haqqında düşüncələri”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Röyya İsmayılova “N. Gəncəvinin tərbiyə nəzəriyyəsində tərbiyə məsələləri (əxlaq, fiziki, ailə tərbiyəsi, ailə-övlad münasibətləri)” mövzularında çıxış edərək Azərbaycan poeziyasında dahi Nizaminin tərənnümündən, onun yaradıcılığında sənət və sənətkarlıqdan, ədəbi irsində pedaqoji fikirləri və fəlsəfəsindən, mütəfəkkirin ictimai görüşlərindən söhbət açdılar. Bildirdilər ki, dahi şair və böyük tərbiyəçi olan N.Gəncəvi təhsil, təlim, tərbiyənin bir sıra ümumi məsələləri haqqında elə dəyərli fikir və ideyalar irəli sürmüşdür ki, bu gün də öz əhəmiyyətini itirməmişdir. Nizami əsərlərində daima elmə, biliyə, yüksək əxlaqa qiymət vermiş, elmsiz insanın qüvvətsiz olduğunu bildirmişdir. Nizami xalqı öz taleyinə laqeyd qalmamağa, hüquqlarını başa düşüb, haqlarını tələb etmək üçün maarifə, biliklərə yiyələnməyə, həm də hər cür biliklərə deyil, insana xeyir gətirən, faydalı biliklərə yiyələnməyə çağırırdı.
Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova çıxış edərək dünya ədəbiyyatı xəzinəsinə böyük töhfələr vermiş dahi şairin zəngin ədəbi irsinin öyrənilməsi və təbliğinin aktuallığından danışdı, dahi şairin yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırdı, məruzəçilərə təşəkkürünü bildirdi.
Sonra çıxışlar ətrafında müzakirələr aparıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az