Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fakültəsində Xocalı soyqırımına həsr olunmuş onlayn formatda tədbir keçirildi
Kimya və biologiya fakültəsində Xocalı soyqırımına həsr olunmuş onlayn formatda tədbir keçirildi
Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı onlayn formatda silsilə tədbirlər keçirilir.
Universitetin bütün fakültələrində ilk dərslər Xocalı faciəsinə, soyqırım qurbanlarının xatirəsinə həsr edilib. Dərslərdə müəllimlər Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətləri haqqında məlumat veriblər.
Fevralın 24-də Kimya və biologiya fakültəsində Xocalı soyqırımına həsr olunmuş onlayn formatda tədbir keçirildi.
Tədbir Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Fakültənin dekanı dosent Mahal Muradov çıxış edərək Xocalı soyqırımını ötən əsrin ən dəhşətli faciəsi adlandırdı. Qeyd etdi ki, ermənilərin bu qədim türk torpağında törətdikləri vəhşiliklər qeyri-insani və müharibə qanunlarına sığmayan cinayətdir. Dinc şəhər sakinləri qəddarcasına qətlə yetirildi. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə terror aktlarının ən dəhşətlisi Xocalıda baş verən soyqırımı hadisəsi idi. Ermənilər bu mənzərəni yaratmaqla Azərbaycan xalqının gözünü qorxutmaq, Qarabağın taleyini öz xeyirlərinə həll etmək istəyirdilər. Lakin 2020-ci il 44 gün davam edən Vətən Müharibəsi nəticəsində Ali Baş Komandanımız İlham Əliyevin müdrik siyasəti və müzəffər ordumuzun rəşadəti nəticəsində tarixi qələbə qazandıq və 30 ildir düşmən tapdağı altında olan dədə-baba yurdumuzu yenidən azad etdik. Ümumiyyətlə, biz mənfur düşmənin törətdiyi faciələri, soyqırımları, vandallıqları da unutmayacağıq. 26 fevral tarixində mənfur düşmənin Xocalıda törətdiyi soyqırımı da bizim qan yaddaşımızdır.
Dekan müavini dosent Sabir Əkbərov, Kimya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Musa Mustafayev çıxış edərək bildirdilər ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş və faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş vermiş soyqırımıdır. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə bir sırada durur. Belə ki, bir gecənin içində qədim Xocalı şəhəri yerlə-yeksan edilmişdir. Soyuq, qarlı fevral gecəsində yüzlərlə soydaşımız əsir düşmüş, girov götürülmüşdür. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl iş aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu təbliğat aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur.
Tədbirdə 319-cu qrup tələbəsi Kənan Namazov “Xocalı həqiqətləri”, 328-ci qrup tələbəsi Şəfa İsayeva “Xocalıya ədalət!” kompaniyası” mövzularında çıxış etdilər. 327-ci qrup tələbəsi İnci Məmmədovanın ifasında “Xocalı”, 317-ci qrup tələbəsi Elnarə Mehdizadənin ifasında “Ağlama, bəsdir” şeirləri səsləndirildi.
Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı videoçarxlar nümayiş olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az