Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoruna Ufa Dövlət Neft Texniki Universitetinin Fəxri professoru diplomu təqdim edildi
SDU-nun rektoruna Ufa Dövlət Neft Texniki Universitetinin Fəxri professoru diplomu təqdim edildi
Müstəqil Azərbaycan dövlətinin dünya ölkələri arasında nüfuzunun ildən-ilə yüksəlməsində, bütün sahələrdə çiçəklənib qüdrətli və tolerant bir respublika kimi tanınmasında elm və təhsilin böyük rolu vardır. Məhz buna görədir ki, prioritet sahə olan təhsilə dövlət qayğısı daim diqqət mərkəzində olmuşdur.Bu diqqət və qayğının nəticəsidir ki, bu gün SDU-da da inkişaf və fərqlilik göz önündədir. Aparılan yenidənqurma və abadlıq işləri universitetin görkəmini tamamilə dəyişmişdir. İndi Sumqayıt Dövlət Universiteti yalnız elm və təhsil müəssisəsi kimi deyil, həm də şəhərin zəka ocağı və mədəniyyət mərkəzi kimi öz fəaliyyətini bütün sahələrdə davam və inkişaf etdirir.
Əsaslı təmir işləri universitetin bütün tədris binalarında aparılmış, laboratoriyalar, tədris otaqları yeni cihaz və avadanlıqlarla təchiz olunmuşdur. Yaradılan tədris və elmi-tədqiqat laboratoriyaları, aparılan struktur dəyişiklikləri, beynəlxalq əlaqələrin ildən-ilə genişlənməsi və sair bütünlüklə universitetin yeniliklərlə dolu zəngin mənzərəsini əks etdirir.
Heç təsadüfi deyil ki, möhtərəm Prezidentimiz İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar imzaladığı Sərəncamda “Sumqayıt Dövlət Universiteti artıq respublikamızın nüfuzlu ali təhsil ocaqlarındandır” qeyd etmişdir.
SDU-da təhsilin bütün pillələri, o cümlədən elmlər doktoru proqramı üzrə kadr hazırlığı aparılır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarına əsasən Sumqayıt Dövlət Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 6 ixtisas üzrə təqdim olunan dissertasiyaların müdafiəsini keçirmək üçün 3 Dissertasiya Şurası yaradılmışdır.
Beynəlxalq əlaqələrini ildən-ilə genişləndirən universitet bu gün ölkəmizin dünyaya inteqrasiyasında önəmli bir körpü rolunu oynayaraq, Xəzəryanı Dövlət Universitetləri və Rusiya–Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyalarının üzvü olmuşdur. Universitet Türkiyə, İran, ABŞ, Rusiya, İngiltərə, Almaniya, Avstriya, İsveç, Litva, Macarıstan, İspaniya, Polşa, Ukrayna, İsrail, Tacikistan, Qazaxıstan və s. ölkələrin ali təhsil müəssisələri ilə iki- və çoxtərəfli müqavilələr və beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq həyata keçirir.
SDU-da elmin təhsilə, Avropa dəyərlərinə inteqrasiyası, tədris prosesinin qabaqcıl təcrübədən faydalanmaqla təkmilləşdirilməsi məqsədilə bir sıra uğurlu layihələr həyata keçirilir. Universitet imza atdığı uğurlarla MDB məkanında, Türkiyədə, bir sıra Avropa ölkələrində fəaliyyət göstərən elm-təhsil mərkəzləri tərəfindən də qəbul olunaraq, təkcə maddi-texniki bazası ilə deyil, hazırladığı yüksəkixtisaslı mütəxəssislərlə də şöhrət qazanıb.
Sumqayıt Dövlət Universiteti bir neçə beynəlxalq layihələrdə tərəfdaş qismində işini uğurla davam etdirir. Bu uğurların nəticəsidir ki, 2015-ci ildə SDU ilə UDNTU arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Əməkdaşlıq müqaviləsinə uyğun olaraq, SDU-nun professor-müəllimləri, tələbələri dəfələrlə Ufa Dövlət Neft Texniki Universitetində olmuş, elmi konfranslarda, Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının Forumlarında, tələbə forumlarında iştirak etmişlər. Eyni zamanda UDNTU-nun əməkdaşları mütəmadi olaraq SDU-da təşkil olunan elmi konfranslarda iştirak etmiş, elmi-tədqiqat işlərinin nəticələri qarşılıqlı olaraq hər iki universitetin elmi jurnallarında nəşr olunmuşdur. Sumqayıt Dövlət Universiteti Təhsil Nazirliyinin dəstəyi, Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının təşkilatçılığı ilə 14–21 iyul 2019-cu il tarixlərində “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay məktəbinə yüksək səviyyədə ev sahibliyi etmişdir.
18 dekabr 2020-ci ildə Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki Universiteti arasında Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının fəaliyyətinin 5 illiyinə həsr olunmuş telekörpü keçirildi. Ufa Dövlət Neft Texniki Universitetinin Elmi Şurasının qərarı ilə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynova “UDNTU-nun Fəxri professor” adı verildiyi elan olundu.
11.02.2021-ci il tarixində isə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynova Ufa Dövlət Neft Texniki Universitetinin Fəxri professor diplomu və mantiyası təqdim edildi.
SDU-nun kollektivi adından universitetin rektoru professor Elxan Hüseynovu “UDNTU-nun Fəxri professor” adına layiq görülməsi münasibətilə təbrik edirik!
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az