Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Elmi Şuranın növbəti onlayn iclası keçirildi
SDU-da Elmi Şuranın növbəti onlayn iclası keçirildi
Dekabrın 22-də Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti onlayn iclası keçirildi.
Universitetin rektoru, Elmi Şuranın sədri professor Elxan Hüseynov iclası giriş sözü ilə açaraq, gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırdı və şanlı qələbə münasibətilə onları təbrik etdi. Bildirdi ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi, ordumuzun rəşadəti sayəsində mənfur düşmənin tapdağı altında qalan dədə-baba torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və biz qalib ölkənin qalib vətəndaşları kimi tarixi torpaqlarımıza, doğma Qarabağımıza qayıdırıq. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək Şəhid olmuş tələbə və məzunlarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olundular. Bu, Müzəffər Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” nidası ilə tarix yazan əsgərinə ehtiramının nümunəsidir! İndi təkcə biz – Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti deyil, ölkəmiz, xalqımız onlarla fəxr edir! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Rektor COVID-19 pandemiyasının tədrisdə yaratdığı çətinliklər, Vətən Müharibəsi dövründə onlayn dərslərin təşkilində yaranmış texniki problemlər, cəbhə bölgəsində yaşayan, onlayn dərslərə müntəzəm qoşula bilməyən tələbələr nəzərə alınaraq SDU-nun Elmi Şurasının iclasında ötən imtahan sessiyasında olduğu kimi, bu imtahan sessiyasında da tələbəyönümlü qərarlar qəbul olunduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikası Təhsil nazirinin Ali və orta ixtisas müəssisələrində 2020–2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkil edilməsi barədə F-530 saylı 11.12.2020-ci il tarixli əmrinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetində payız semestrinin imtahan sessiyasında tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün hər cür şərait yaradılıb. SDU-da 2020–2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının onlayn rejimdə təşkili nəzərə alınaraq, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahanların mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılaraq lazımi tədbirlərin görülməsi məqsədilə sessiya başlamazdan öncə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub.
Sonra gündəliyə çıxarılan SDU-da 2020–2021-ci tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə olundu.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent NatiqTalıbov bakalavriat səviyyəsi barədə məlumat verərək bildirdi ki, mövcud şəraitə uyğun olaraq, bütün tələbələrin cari semestrdə tədris olunan fənlər üzrə imtahanlara buraxılması qərara alınmışdır. Pandemiyanın yaratdığı çətinliklərlə əlaqədar olaraq, tələbələrə kömək məqsədilə 2020–2021-ci tədris ilinin payız semestrində cari qiymətləndirmənin həyata keçirilməsində Elmi Şuranın qərarı ilə bir sıra sədələşdirilmiş qaydaların tətbiq olunacağını diqqətə çatdırdı:
1.Davamiyyətə görə tətbiq olunan 50%-lik limit ləğv olunur və bütün tələbələr imtahanlara buraxılır.
2.Əvvəlcədən müəyyən edilmiş sərbəst işlərin sayı 10-dan 2-yə endirilərək azaldılır.
3. İmtahana giriş balı kimi tələbələrə 20 bal verilir, bunlardan 10 bal sərbəst işə görə, 10 bal isə məşğələ və laboratoriya dərslərinə görə. Məşğələ və laboratoriya dərslərinin hər birinə 5 bal olmaqla, əgər bu dərslərdən hər hansı biri olmazsa, digəri üçün 10 bal verilir.
4.İmtahan sualları azaldılaraq, 90 suala endirilir və imtahan suallarının maksimum sayı 90 sual olacaq.
Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov magistratura səviyyəsi ilə bağlı, “Fakültə Elmi Şuralarında magistrant, doktorant və dissertantların attestasiyasının nəticələri”, Elmi hissənin müdiri dosent Samir Orucov “SDU-da 2020-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatının təsdiqi” barədə ətraflı məlumat verdilər.
Elmi katib professor Muxtar Səmədov “Elmi Şuranın qərarlarının yerinə yetirilməsi” ilə bağlı ətraflı çıxış etdi. Bildirdi ki, pandemiya ilə əlaqədar mart ayının 3-dən tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, universitetimizdə Elmi Şuranın iclasları müntəzəm olaraq hər ay keçirilmişdir. 2020–2021-ci tədris ilinin I semestrində Elmi Şuranın iclasları onlayn formada ardıcıl keçirilmiş, bugünki iclasın qərarlarını da nəzərə almaqla, I semestr ərzində Elmi Şuranın iclaslarında 76 qərar qəbul edilmişdir. Bu qərarlar bütün dekanlıqlar, kafedralar və digər struktur rəhbərləri tərəfindən diqqət mərkəzində saxlanılır və yerinə yetirilir.
Cari məsələlərlə əlaqədar qeyd olundu ki, Elmi Şuraya nəşr hüququ (qrif) verilməsi üçün bir dərs vəsaiti və altı fənn proqramı daxil olmuşdur.
Aparılan müzakirələrdən sonra təqdim olunan tədris vəsaitlərinin nəşr olunmasına qərar verildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az