Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki Universiteti arasında telekörpü keçirildi
Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki Universiteti arasında telekörpü keçirildi
Dekabr ayının 18-də Sumqayıt Dövlət Universiteti (SDU) ilə Ufa Dövlət Neft Texniki Universiteti (UDNTU) arasında Rusiya‒Azərbaycan Universitetləri Assosiasiyasının fəaliyyətinin 5 illiyinə həsr olunmuş telekörpü keçirildi.
UDNTU-nin rektoru Oleq Aleksandroviç Baulin tədbiri açaraq Assosiasiyanın Azərbaycan tərəfindən həmsədri, SDU-nun rektoru professor Elxan Hüseynovu və telekörpünün iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikası (AR) ilə Rusiya Federasiyası (RF) arasında olan iqtisadi, mədəni, möhkəm dostluq əlaqələrindən, ölkələrində elm və təhsil sahəsində həyata keçirilən islahatlardan danışaraq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı.
Assosiasiyanın Azərbaycan tərəfindən həmsədri, SDU-nun rektoru professor Elxan Hüseynov öz növbəsində RF tərəfdən tədbir iştirakçılarını salamladı və UDNTU-nun rektoru O.A.Baulini rektor vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi. AR ilə RF arasında bütün sahələrdə əlaqələrin bir nümunə olduğunu bildirdi.
Prof.E.Hüseynov çıxışında SDU-nun fəaliyyətindən, beynəlxalq əlaqələrindən, dünyanın bir çox universitetləri ilə sıx əlaqələr qurmasından danışdı. Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının postsovet məkanında unikal təşkilat olduğunu qeyd etdi. Assosiasiyanın yaradılmasını hər iki ölkənin təhsil həyatında mühüm hadisə kimi qiymətləndirən rektor 5 illik fəaliyyəti dövründə elm və təhsil sahəsində əməkdaşlıq ideyalarının praktik olaraq reallaşdırılmasına, beynəlxalq təcrübənin mənimsənilməsilə təhsil islahatlarının vahid təhsil məkanının və humanitar əməkdaşlığın qorunması və inkişafına yönələn tədbirləri həyata keçirməsinə diqqəti çəkdi. Rektor çıxışında SDU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələrinin dəfələrlə Ufa Dövlət Neft Texniki Universitetində olduğunu, elmi konfranslarda, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Forumlarında, Tələbə Forumlarında iştirak etdiyini bildirdi. Eyni zamanda UDNTU-nun əməkdaşlarının mütəmadi olaraq SDU-da təşkil olunan elmi konfranslarda iştirak etdiyini, elmi-tədqiqat işlərinin nəticələrinin qarşılıqlı olaraq hər iki universitetin “Elmi” jurnallarında nəşr olunduğunu diqqətə çatdırdı. Sumqayıt Dövlət Universiteti Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşkilatçılığı ilə 14‒21 iyul 2019-cu il tarixlərində “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay məktəbinə yüksək səviyyədə ev sahibliyi etdi. Burada RF və yerli ali təhsil müəssisələrinin ümumilikdə 70-ə yaxın tələbəsi iştirak etmişdir. Yay məktəbi çərçivəsində tələbələrin müxtəlif seminar, görüşlər, dəyirmi masa, əlverişli turizm məkanlarına ekskursiyası təçkil olundu, onlar ölkəmizin təbiəti, tarixi-memarlıq abidələri, milli mətbəxi ilə tanış oldular.
Telekörpülərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayan rektor bildirdi ki, bu cür tədbirlər Azərbaycan və Rusiya ali məktəbləri arasında qarşılıqlı əlaqələrinin möhkəmlənməsində böyük rol oynayır, belə görüşlərdə bir sıra mühüm məsələlər müzakirə edilir, müxtəlif mövzularda diskussiyalar aparılır və təhsil sahəsində əməkdaşlığın intensivləşdirilməsi istiqamətində birgə razılığa gəlinir.
SDU-nun rektoru həmkarlarına üz tutaraq Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı son hadisələr barədə qısaca məlumat vermək istədiyini bildirərək vurğuladı: “Hörmətli həmkarlar! Bildiyiniz kimi, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. BMT Təhlükəsizlik Şurası işğal olunmuş ərazilərin dərhal azad edilməsini tələb edən 4 qərar qəbul edib. Təəssüf ki, 30 ilə yaxındır ki, bu qətnamələr yerinə yetirilmir. ATƏT-in Minsk Qrupu, bu qrupun həmsədrləri məhz bu məqsədə xidmət etdiklərinə baxmayaraq, münaqişənin həlli və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün praktik olaraq heç bir iş görməyiblər. 30 il ərzində həmsədrlər tərəflərin saysız-hesabsız görüşlərini keçirmişlər, lakin göründüyü kimi, bu görüşlər danışıqlar prosesini təqlid etmək məqsədilə keçirilmişdir. Ermənistan cidd-cəhdlə prosesi uzatmağa və bununla o dövrdə mövcud olan status-kvonu qorumağa çalışır, həmsədrlər isə öz fəaliyyətsizlikləri ilə buna zəmin yaradırdılar. Ermənistanın həm keçmiş, həm də indiki rənbərliyi hər vəchlə yeni bir müharibənin başlanmasına təhrik edirdilər: Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Qarabağdakı azərbaycanlıların məhv edilməsində şəxsən iştirak etdiyini fəxrlə bəyan etdi. Bildirdi ki, Xocalıda (Xocalı soyqırımında) ermənilər dinc, silahsız azərbaycanlıları öldürə biləcəklərini göstərdilər. Ermənistan müdafiə naziri erməni diasporunun nümayəndələri ilə söhbətində belə dedi: “Yeni müharibə və yeni ərazilər haqqında düşünürük”. Ermənistanın hazırkı Baş Naziri Nikol Paşinyan dedi: “ Qarabağ Ermənistandır və nöqtə!" Faktiki olaraq, o, danışıqlar prosesinə son qoydu. Bu ilin iyul ayında Ermənistan Qarabağdan uzaqda yerləşən Tovuz istiqamətində hücuma başladı. Bununla da, müdafiə nazirinin yeni müharibə və yeni ərazilər üçün çağırışını həyata keçirmiş oldular. İkinci Qarabağ müharibəsi ərəfəsində Ermənistan terror aktları törətmək üçün təxribat qrupu göndərdi. Təxribat qrupu aşkar edildi, bir hissəsi Ermənistana qaçdı, qrupun başçısı tutuldu və hazırda ifadə verir. Sentyabrın 27-də erməni tərəfi Azərbaycan mövqelərinə və kəndlərinə atəş etdi. Azərbaycan Silahlı Qüvvələri cavab addımları atdı. 44 günlük müharibə nəticəsində Azərbaycanın Silahlı Qüvvələri işğal olunmuş ərazilərin çoxunu azad etdi. 8 noyabrda Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhəri azad edildi. Azərbaycan Silahlı Qüvvələri artıq Xankəndinin divarları qarşısında idilər. Rusiya Federasiyasının müdaxiləsindən sonra sizə də məlum olan üçtərəfli bəyanat imzalandı. Xüsusi olaraq vurğulayım ki, Ermənistan təmas xəttindən yüzlərlə kilometr məsafədə olan Gəncə, Mingəçevir, Xızı, Bərdə və Tərtər şəhərləri də daxil olmaqla, Azərbaycanın şəhər və kəndlərini atəşə tutdu. Erməni generalları fəxrlə xəbər verirdilər ki, atəş meydanında “Toçka –U” raketləri, ballistik raketlər və digərlərindən də istifadə ediblər. Ürək ağrısı ilə qeyd edim ki, yalnız Gəncə şəhərində atəş nəticəsində, 1 nəfər Rusiya Federasiyası vətəndaşı da daxil olmaqla, 24 nəfər həlak oldu. Təxminən 30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş şəhərlər və kəndlər vəhşicəsinə talanmış və dağıdılmışdır. Bu ərazilərdəki 67 məsciddən 63-ü dağıdılaraq məhv edilmişdir. Ermənilər müsəlman əhalinin hisslərini təhqir edərək məscidlərdə donuz saxlamışlar. Keçən əsrin 90-cı illərinin əvvəllərində işğal etdikləri ərazilərdən çıxan ermənilər onlara məxsus olmayan, vaxtilə azərbaycanlılara məxsus olan, zorla aldıqları evləri yandırmış, dağıtmışdır. Azərbaycanın Vətən müharibəsi dövründə Assosiasiyaya üzv olan bütün universitet rektorlarına məlumat məktubu göndərdim. Ancaq düşündüm ki, bu gün Rusiya–Azərbaycan Universitetləri Assosiasiyasının həmsədri olaraq öz çıxışımda bu məsələ barədə mütləq məlumat verim. Çünki verməyə bilməzdim. İşğaldan azad olunan bölgələrin vəziyyətini gördükcə düşünürsən ki, doğrudan da bu 30 ildə dünyanın gözü qarşısında ən böyük cinayət işlənib, terror aktına imza atılıb. Amma bütün bunlara baxmayaraq, xalqımız, dövlətimiz özündə güc tapıb, yaşayıb, inkişaf edib. Müharibədə qazanılan qələbə Azərbaycanın əsgər və zabitlərinin qəhrəmanlığı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin hərbi liderlik istedadı nəticəsində mümkün oldu. Bu qələbə həm də müharibənin xarakteri ilə təmin edildi. Azərbaycan üçün bu müharibə, sözün əsl mənasında, Vətən, Qurtuluş Müharibəsi idi”.
SDU-nun rektoru professor Elxan Hüseynov çıxışını daha nikbin notlarla başa vuraraq qeyd etdi: “Hörmətli həmkarlar, əziz dostlar! Bu gün biz hamımız 2021-ci ilin astanasındayıq. Ümid edirik ki, üzümüzə gələn ildə ölkələrimiz ötən ildəki bəlanın – koronavirus pandemiyasının öhdəsindən uğurla gələcək. Ümid edirik ki, yeni ildə ənənəvi – əyani ünsiyyət və əməkdaşlıq formatına qayıdacağıq. Ümid edirəm ki, hörmətli rektor Oleq Aleksandroviç Baulininin başçılığı altında UDNTU-nun nümayəndə heyəti universitetimizə gələcək və bizim gələcək əməkdaşlıq yollarını müəyyənləşdirmək imkanımız olacaq. 
Möhtərəm dostlar! Qarşıdan gələn Yeni il münasibətilə sizi və şəxsən Ufa Dövlət Neft Texniki Universitetinin bütün çoxminli kollektivini ürəkdən təbrik edirəm, hamınıza cansağlığı, firavanlıq və yeni-yeni nailiyyətlər arzulayıram! Diqqətiniz üçün təşəkkür edirəm!”
Assosiasiyanın Rusiya tərəfindən həmsədri, UDNTU-nun birinci prorektoru akademik Ramil Baxtizin telekörpü iştirakçılarını salamladı. Qeyd etdi ki, “2015-ci ildə UDNTU ilə SDU arasında Əməkdaşlıq müqaviləsi bağlanmışdır. Müqavilənin müvafiq bəndlərinə uyğun olaraq, SDU-nun rəhbər işçiləri, alimləri, tələbələri dəfələrlə UDNTU-nun dəvəti ilə Ufa şəhərində ezamiyyətdə olmuş, elmi konfranslarda, forumlarda iştirak etmiş, Ufa şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin maddi-texniki bazaları ilə tədrisin idarə olunması təşkil edilmiş, kafedralarda elmi-tədqiqat işləri aparılmış, tələbələr elmi tədqiqatlara qatılmışlar. Eyni zamanda Ufa Dövlət Neft Texniki Universitetinin rəhbər işçiləri, professor-müəllim heyətinin nümayəndələri və tələbələri Azərbaycanın ali təhsil müəssisələrinin elm və təhsil sahələrində fəaliyyətləri, ölkəmizin tarixi və mədəniyyəti ilə tanış olmuşlar. Bir neçə dəfə SDU-nun qonağı olaraq universitetin əməkdaşları və tələbələri ilə görüşmüş, ustad dərsləri keçmişik”. Akademik R.Baxtizin SDU-da olmaqdan və universitetin professor-müəllim heyəti ilə görüşməkdən böyük şərəf hissi keçirdiyini bildirdi və ona SDU-nun Fəxri doktoru adı verilməsinin onun üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.
Rusiya Federasiyasının Ufa Dövlət Neft Texniki Universitetinin Elmi Şurasının qərarı ilə Sumqayıt Dövlət Universitetinin rektoru , Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfindən həmsədri professor Elxan Hüseynova UDNTU-nun Fəxri professoru adı verildiyi elan olundu. Bu ada layiq görülməsindən məmnunluğunu ifadə edən professor Elxan Hüseynov UDNTU-nun Elmi Şurasına təşəkkür etdi. Bundan sonra da Rusiya və Azərbaycan arasında elm və təhsil sahəsində əlaqələrin gücləndirilməsinə çalışacağını bildirdi. Elxan Hüseynova fəxri professor diplomu, medal və mantiya onlayn şəkildə təqdim olundu.
Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov "UDNTU ilə SDU arasında elmi əlaqələr haqqında" mövzusunda çıxış etdi. SDU-nun Rusiyanın ali təhsil müəssisələri ilə əlaqələrinin tarixindən, bugünkü vəziyyətindən danışdı.Qeyd etdi ki, bu iki dövlət universitetləri assosiasiyası təhsil və elmi yaradıcılıq sahəsində qarşılıqlı əlaqələrin möhkəmləndirməsində bir körpüdür. Elm və təhsil sahəsində universitetlərin əməkdaşlığının yüksəlməsinə xidmət göstərən assosiasiya, həm də ölkələrimizin intellektual potensialının artmasına kömək edir.
UDNTU-nun Neft kimyası texnologiyası kafedrasının müdiri T.R.Prosoçkina "UDNTU və SDU-nun neft-qaz-kimya sahəsində əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri", Proseslərin Avtomatlaşdırılması kafedrasının müdiri prof. C.F.Məmmədov "SDU-nun innovativ fəaliyyəti haqqında", SDU Tələbə Elmi Cəmiyyətinin rəhbəri dosent L.N.Bünyatova "UDNTU-nun tələbələrinin TEC xətti ilə elmi əlaqələri haqqında", SDU-nun tələbəsi, “Heç kim unudulmur, heç nə yaddan çıxmır” müsabiqəsinin iştirakçısı Məryəm Ənsar, UDNTU-nun Rus dili və ədəbiyyatı kafedrasının müdiri A.K. Süleymanova "UDNTU və SDU-nun dil kafedralarının əməkdaşlığı: mövcud vəziyyət və perspektivlər" mövzularında çıxış etdilər. Qeyd etdilər ki, belə əlaqələr qarşılıqlı təcrübə mübadiləsinə, birgə innovativ layihələrin reallaşmasına zəmin yaradır, bu isə öz növbəsində ali təhsil müəssisələri arasında əməkdaşlığa, ümumilikdə təhsilin keyfiyyətinə müsbət təsir göstərir. 2019-cu ildə Yay məktəbinin iştirakçısı olan UDNTU-nun tələbəsi Marina Aleksandrova çıxış edərək Sumqayıt Dövlət Universitetinin “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay məktəbinə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğuladı. Mehriban qarşılanmaya görə təşkilatçılara və könüllülərə, eləcə də bütün Azərbaycan xalqına qonaqpərvərliyi, xeyirxahlığı və gülərüzlülüyünə görə təşəkkür etdi. Tədbirin proqramının çox maraqlı və yaddaqalan olduğunu vurğulayaraq, əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyini əminliklə bildirdi.
UDNTU-nun 3 nəfər tələbəsinə akademik A.X.Mirzəcanzadə adına təqaüd və sertifikatlar elmi-texniki konfransların və olimpiadaların qaliblərinə isə akademik A.X.Mirzəcanzadə adına Fəxri diplomlar təqdim edildi.
Telekörpüdə iki universitet arasında müəllim və tələbə mübadiləsinin genişləndirilməsi çərçivəsində əməkdaşlıq müqaviləsinin icrası ilə bağlı qarşıda duran digər vəzifələr müzakirə edildi. Əldə olunan uğurların universitetlər arasında tələbə-müəllim mübadiləsinin, əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd etdilər.
Telekörpünün sonunda SDU-nun tələbələrinin UDNTU kollektivinə musiqi töhfəsi təqdim edildi.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az