Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycan Respublikası Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə birgə #HərZamanTəhsil həştəqi ilə keçirdiyi layihəni Lənkəran Dövlət Universiteti davam etdirir
Azərbaycan Respublikası Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə birgə #HərZamanTəhsil həştəqi ilə keçirdiyi layihəni Lənkəran Dövlət Universiteti davam etdirir
LDU yeni tədris ilini yeniliklərlə qarşılayır. Koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Lənkəran Dövlət Universiteti (LDU) yeni tədris ilinə ürəkaçan yeniliklərlə qədəm qoyur. Əsas yeniliklərdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli qərarına əsasən Lənkəran Dövlət Humanitar Kollecinin Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar Texnoloji Kollecə çevrilmə yolu ilə yenidən təşkilidir. Həm ali təhsil müəssisəsində, həm də kollecdə tədris planlarının eyni ixtisaslar üzrə uyğunluğu kolleci bitirən subbakalavrların ali təhsil müəssisələrinə qəbulu zamanı ali məktəbi normativ təhsil müddətindən tez bitirməsinə imkan yaradacaq.
2020–2021-ci tədris ili üçün Lənkəran Dövlət Universitetinin əsas prioritet istiqamətini nəzəri biliklərin təcrübi bazasını yaratmaq təşkil edib və bu istiqamətdə müəyyən addımlar atılıb. Turizm və otelçilik, Qida məhsulları mühəndisliyi ixtisasları üzrə keyfiyyətli kadr hazırlığını təmin etmək məqsədilə universitetin rektoru vəzifəsini həyata keçirən professor Natiq İbrahimovun təşəbbüsü ilə ölkədə ilk dəfə olaraq məhz LDU-nun nəzdində Turizm Tədris Mərkəzi - Seside Otel istifadəyə verilib. Həmçinin Baytarlıq, Baytarlıq cərrahiyəsi, Qida məhsulları texnologiyası və Qida təhlükəsizliyi və ekologiyası laboratoriyaları üçün xaricdən yeni, modern avadanlıqlar alınıb. Tələbələrin iştirakı ilə 0,6 hektar ərazidə çay, 1,3 hektarda sitrus plantasiyası salınıb, 100 ədəd kivi kolu əkilib. Cənub bölgəsinə xas relikt və endemik bitki növlərindən şitillik təsərrüfatının salınması, modern tipli istixananın inşa olunması cari tədris ilinin ürəkaçan yeniliklərindəndir.Tədris-təcrübə bazası nəzdində bu yay tövlənin inşa edilməsi, bu məqsədlə heyvanların alınması baytarlıq ixtisaslarında təhsil alan tələbələrə nəzəri biliklərini praktik məşğələlərlə zənginləşdirmək imkanı verəcək.
Qeyd edək ki, bu ildən LDU-da ilk dəfə olaraq Müsiqi müəllimliyi, Coğrafiya müəllimliyi, Beynəlxalq ticarət və loqistika, Bitki mühafizəsi kimi yeni ixtisaslarda mütəxxəssis hazırlığı da həyata keçiriləcəkdir. Tələbələrin təhsilə olan maraqlarını artırmaq məqsədilə universitetin gəlirləri hesabına 5 tələbə və magistrant üçün universitet təqaüdu müəyyənləşdirilib ki, bu da semestrlər üzrə ÜOMG-si yüksək olan və heç bir təqaud almayan tələbələrə veriləcəkdir.
Lənkəran Dövlət Universitetində son illərdə təhsilin modernləşdirilməsi, müasir dünya standartları səviyyəsinə çatdırılması, professor-müəllim-tələbə heyəti üçün əlverişli iş, dərs şəraitinin yaradılması istiqamətində böyük layihələrə start verilib. 2 il öncə ilk dəfə olaraq LDU-da professor-müəllim heyətinin mobilliyini təmin etmək məqsədilə hər birinin sahəsi 50,5 kv.m olmaqla, 6 ikiotaqlı mənzil tikilərək istifadəyə verilmişdir.Cari tədris ilində də bu ənənə davam etdirilir və daha 12 mənzilin inşa olunaraq müəllimlərin istifadəsinə verilməsi həyata keçiriləcək. Bu, 45 yerlik keçmiş qızlar yataqxanasının yenidən rekonstruksiya edilərək inşası nəticəsində reallaşdırılır.
Xatırladaq ki, başa çatmaqda olan 2019–2020-ci tədris ili Lənkəran Dövlət Universiteti üçün iki yeni tədris korpusu və 160 yerlik yataqxana binasının istifadəyə verilməsi ilə yaddaqalan olmuşdu. Cari tədris ilində LDU-da daha bir- 1500 yerlik yeni tədris korpusu inşa ediləcək. Yeni tədris binası II tədris korpusunun ərazisində inşa olunacaq. Bu korpusdakı köhnə tədris binasının yenidən rekonstruksiya olunmaqla 350 yerlik yataqxana binasına çevrilməsi, yeni korpusun inşası, ərazidə müasir yeməkxana binasının olması isə tələbə və müəllimlərə kampus mühiti yaratmağa hesablanıb.
LDU-nun elmi kitabxanasının əsaslı təmiri də cari tədris ilində reallaşacaq. Ötən əsrin 70-ci illərində inşa olunmuş köhnə bina müasir tələbləri ödəmədiyindən fasad hissəsi sökülərək yenidən rekonstruksiya olunacaq. Binanın 1-ci mərtəbəsində modern akt zalı, oxu zalları, 2-ci mərtəbədə isə kitabxananın işçi heyəti, bölmələri yerləşdiriləcək. Və ən nəhayət, sentyabrın 1-dən LDU-da əməkhaqlarının növbəti dəfə artırılması kollektivin yeni tədris ilinə xoş ovqatla başlamasına stimul yaradıb. Xatırladaq ki, layihə çərçivəsində görülən işlər, reallaşan tədbirlər barədə məlumat almaq, müzakirələrdə iştirak etmək istəyirsinizsə, müvafiq linkə (https://www.facebook.com/groups/ali.tehsil) daxil olaraq, Facebook qrupuna qoşula bilərsiniz.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az