Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Bu ildən etibarən SDU-nun “Konfrans materialları” toplusu İSSN 2708-955X beynəlxalq standart seriya nömrəsi ilə nəşr olunacaqdır
Bu ildən etibarən SDU-nun “Konfrans materialları” toplusu İSSN 2708-955X beynəlxalq standart seriya nömrəsi ilə nəşr olunacaqdır
Ali Təhsil Müəssisəsinin beynəlxalq rəqabətqabiliyyətliliyinin çox vacib göstəricilərindən biri də elmin müxtəlif sahələri üzrə aktual problemlərin müzakirəsinə və həllinə yönəlmiş respublika və beynəlxalq səviyyəli elmi konfransların, simpozium və konqreslərin, dəyirmi masaların və s. elmi tədbirlərin keçirilməsi və onların nəticələrinin elmi ictimaiyyətə, geniş oxucu auditoriyasına çatdırılmasıdır. Bu baxımdan, Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən elmi konfransların materiallarının Clarivate Analitics şirkətinin Web of Science (WoS), Elsevier-in Scopus və ya EEK-in e-Library kimi tanınmış beynəlxalq elmi məlumat bazalarında yerləşdirilməsi olduqca vacibdir. Bu məqsədlə konfrans materiallarının beynəlxalq elmi məlumat bazalarının tələblərinə uyğunlaşdırılması istiqamətində ardıcıl işlər aparılmalı və ilkin mərhələdə həmin bazalarda təmsilçilik üçün minimal tələblərə uyğunluq təmin olunmalıdır. Belə tələblərdən biri də elmi konfrans materialları üçün Fransanın paytaxtı Paris şəhərində fəaliyyət göstərən Beynəlxalq Mərkəzdə qeydiyyatdan keçərək, dövri nəşrlər üçün nəzərdə tutulan İSSN (International Standard Serial Number) – Beynəlxalq Standart Seriya Nömrəsinin alınmasıdır.
Sumqayıt Dövlət Universitetində hər il Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı və Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə təsdiq olunan “Ali təhsil müəssisələrində keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium və konqreslərin siyahısı”na daxil edilən 9−12 beynəlxalq və respublika səviyyəli elmi konfrans keçirilir.
2020-ci ildən etibarən SDU-da keçirilən respublika və beynəlxalq səviyyəli elmi konfransların materiallarının müasir beynəlxalq standartlara uyğun “Conference Proceedings” (Konfrans materialları) adı ilə vahid toplu formatında nəşr olunmasının əsası qoyulmuşdur. ”Konfrans materialları” toplusunun qeydə alınması üçün universitet tərəfindən göndərilmiş müraciətə İSSN-in Beynəlxalq Mərkəzində baxılmış və müsbət qərar qəbul edilmişdir. 18.08.2020-ci il tarixində Beynəlxalq Dövri Yayımları Qeydiyyatı Mərkəzi (CIEPS – İSSN International Centre) tərəfindən SDU-nun “Konfrans materialları” toplusuna İSSN 2708-955X beynəlxalq standart seriya nömrəsi təyin olunmuş və mərkəzin direktoru xanım Qayölle Bequetin imzası ilə bunu təsdiqləyən sertifikat universitetimizə təqdim edilmişdir.
Qeyd edək ki, universitetimizdə keçirilən elmi konfransların materiallarının geniş elmi ictimaiyyət tərəfindən tanınmasını təmin etmək istiqamətində işlər davam etdirilir. Növbəti mərhələlərdə SDU-da keçirilən konfransların məxsusi URL ünvanı ilə veb-səhifəsinin yaradılması, online resurslara verilən İSSN-in alınması və beynəlxalq elmi məlumat bazalarında indekslənməsi nəzərdə tutulur.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az