Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da keçirilən imtahanlarda tələbələr yüksək fəallıq nümayiş etdirir
SDU-da keçirilən imtahanlarda tələbələr yüksək fəallıq nümayiş etdirir
Sumqayıt Dövlət Universitetində 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn formatda keçirilən imtahan sessiyası uğurla davam edir.
Dövrümüzün qlobal sağlamlıq böhranına çevrilən koronavirus (COVİD-19) pandemiyası ölkəmizdə bir çox sahələr kimi təhsil sisteminə də təsirsiz ötüşmədi. Pandemiya səbəbilə yaranmış ekstremal vəziyyət zamanı digər ali məktəblər kimi Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində onlayn dərs prosesi başlandı və bu, öz müsbət nəticəsini göstərdi. Bunun nəticəsi olaraq universitetin Elmi Şurası COVİD-19 pandemiyası dönəmində imtahan sessiyasının keçirilmə prosesi ilə bağlı tələbəyönümlü qərarlar qəbul edərək, onlara böyük güzəştlər etdi. Bütün tələbələrin hər bir fənn üzrə cari qiymətləndirilməsinin 49 bal olaraq müəyyən edilməsi qərarı onların ruh yüksəkliyinə səbəb oldu. Eyni zamanda hər bir fənn üzrə tərtib olunmuş imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək azaldılaraq sadələşdirildi.
Qeyd edək ki, imtahan nəticələri imtahanın gedişində tələbələrə elan edilir. İmtahanların gedişi rektor, prorektorlar, dekanlar, kafedra müdirləri tərəfindən mütəmadi izlənilir. Həmçinin tələbə müraciətlərinin operativ araşdırılması üçün Apelyasiya Komissiyası fəaliyyət göstərir. Komissiyaya müraciətlər onlayn formada həyata keçirilir.
İyunun 8-dən başlayan onlayn imtahan sessiyası uğurla davam edir, imtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyyətlə verirlər. Həm əyani, həm də qiyabi formada təhsil alan tələbələr, eləcə də magistrantlar yaradılan şəraitdən və imtahanların təşkilindən razı qaldıqlarını bildirirlər.
İmtahan sessiyası beş həftə ərzində onlayn qaydada şifahi formada davam edəcək.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az