Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Magistrantların XX Respublika elmi konfransının onlayn formatında bağlanış mərasimi keçirildi
SDU-da Magistrantların XX Respublika elmi konfransının onlayn formatında bağlanış mərasimi keçirildi
İyunun 3-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş Magistrantların XX Respublika elmi konfransının onlayn formatda bağlanış mərasimi keçirildi.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov tədbir iştirakçılarına rektor professor Elxan Hüseynovun salamını çatdırdı və konfransın mühüm elmi əhəmiyyətə malik olduğunu qeyd etdi. Bildirdi ki, bu konfrans Ulu öndərin xatirəsinə hörmət əlaməti olmaqla yanaşı, eyni zamanda universitetimizin respublikamızda fəaliyyət göstərən digər ali məktəblərlə əlaqələrinin dərinləşməsinə imkan yaratdı və magistrantlar arasında əlaqələrin qurulmasına böyük töhfə oldu.
Prorektor onu da vurğuladı ki, ümummilli lider Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı prezident cənab İham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan təkcə regionda deyil, dünya miqyasında lider dövlətlərdən və Avropanın mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Yaşadığımız pandemiya dövründə ölkədə iqtisadi sabitliyi təmin etmək, pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirilən tədbirlər inkişaf etmiş bir sıra dünya dövlətləri tərəfindən də maraqla qarşılanır və nümunə kimi qəbul edilir. Bu gün Sumqayıt Dövlət Universitetində Prezident cənab İham Əliyevin müdrik siyasi kursuna uyğun olaraq, iqtisadi potensialı intellekt kapitalına çevirmək məqsədilə yüksəkixtisaslı kadrların hazırlanması, cəmiyyətin ziyalı təbəqəsinin nümayəndələrinin sayının artırılması istiqamətində mühüm addımlar atılır. Əlbəttə ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər ölkəmizin təhsilinin parlaq gələcəyindən xəbəb verir.
Ölkəmizdə ali təhsilin inkişafı istiqamətində mühüm işlər görülür, elm və təhsilin inteqrasiyasına nail olmaq, ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi istiqamətində uğurlu layihələrə imza atılır. Təhsil Nazirliyinin təşəbbüsü ilə Sumqayıt Dövlət Universiteti hər il magistrantların və gənc tədqiqatçıların respublika elmi konfransına ev sahibliyi etməklə, magistrantlarda elmə, elmi tədqiqatlara olan marağı daha da artırır. Artıq ənənəvi hal alan bu konfrans da həmin siyasətin tərkib hissəsidir. Magistrantların XX Respublika elmi konfransı videokonfrans formatında 02-03 iyun tarixlərində 18 bölmədə öz işini davam etdirmişdir. Sonra konfransın bağlanış mərasimində bölmə rəhbərlərinə söz verildi.
Bölmə rəhbərləri: prof. M. Zərbəliyev, prof. N. Qurbanov, prof. A. Hüseynov, prof. C. Məmmədov, prof. Q. Ramazanov, prof. Ş. Səlimov, prof.T. Ağayev, prof. A. Məmmədov, prof. A. Bayramov, dos. Q. Mansurov, dos. L. Abdullayev, dos. A. Baxşəliyev, dos. Q. Abdullayev, dos. R. Əhmədova, dos. B. Eminli, dos. A. Məmmədova, dos. İ. Ağayev, dos. C. Məmiyev müvafiq olaraq bölmələrin işi barədə hesabat verdilər. Bölmə rəhbərləri magistrantların müzakirə üçün təqdim etdikləri elmi-tədqiqat işlərinin əsasən aktual məsələlərə həsr olunduğunu qeyd etdilər və konfransın işini yüksək qiymətləndirdilər.
Bölmə rəhbərlərinin tövsiyə və təklifləri hərtərəfli müzakirə edildikdən sonra Magistrantların XX Respublika elmi konfransının təşkilat komitəsi müvafiq qərarlar qəbul etdi.
Bununla da, Magistrantların XX Respublika elmi konfransı müvəffəqiyyətlə başa çatdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az