Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarının üzvləri üçün “Plagiat.pl” şirkəti tərəfindən vebinar keçirildi
SDU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarının üzvləri üçün “Plagiat.pl” şirkəti tərəfindən vebinar keçirildi
Mayın 1-də Sumqayıt Dövlət Universitetində onlayn formatda “Antiplagiat təhlili üzrə Oxşarlıq hesabatının qiymətləndirilməsi” mövzusunda vebinar keçirildi. Vebinarda SDU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarının üzvləri, eləcə də Elmi seminarların üzvləri, Elmi hissənin, Doktorantura və magistratura şöbəsinin əməkdaşları, universitetin professor-müəllim heyəti, o cümlədən prorektorlar, fakültə dekanları, kafedra və şöbə müdirləri, elmi rəhbərlər, doktorantlar və dissertantlar da iştirak etdilər.
Tədbiri giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq, iştirakçıları salamladı, bütün dünyada geniş vüsət alan koronavirus pandemiyası ilə bağlı ətraflı məlumat verdi. Billdirdi ki, bu çətin zamanda ölkədə vəziyyətin nəzarət altında olması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birillik əməkhaqlarını həmin fonda ianə etməsi, pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün maliyyə vəsaitinin ayrılması və həssas təbəqənin də maddi təminatı ilə bağlı göstərişi dövlət başçısının müdrik rəhbərliyinin, uğurlu siyasətinin nəticəsidir. Prorektor onu da vurğuladı ki, virusun ölkəmizdə geniş yayılmaması üçün dövlətin gördüyü tədbirlərlə bərabər, biz də əlimizdən gələni edirik və etməliyik. Təhsil Nazirliyinin göstəriş və tövsiyələrinə uyğun olaraq, təhsilin davamlılığının təmin edilməsi məqsədilə Sumqayıt Dövlət Universitetində tədris onlayn (məsafədən) formada davam etdirilir, eyni zamanda tədris, elmi təcrübələrin bölüşdürülməsi və xarici layihələr, konfranslar, görüşlərlər onlayn şəkildə həyata keçirilir.
Bugünkü tədbirin əhəmiyyətindən danışan professor Ramazan Məmmədov universitetin plagiatla mübarizə strategiyasından və bu istiqamətdə SDU ilə “Plagiat.pl” şirkəti arasında qurulan əməkdaşlığın nəticələrindən bəhs etdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən intellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması və antiplagiat məsələlərinə xüsusi diqqət yetirilir. Ölkədə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Müəllif Hüquqları Agentliyi, eləcə də universitetlərdə və müvafiq qurumlarda plagiatlıqla mübarizəyə yönəlmiş innovativ layihələr həyata keçirilir. Universitetimizdə də tətbiq edilən antiplagiat proqramı bakalavr, magistr və doktorluq dissertasiyaları, həmçinin istənilən digər elmi və elmi-metodik işləri yoxlamağa imkan yaradır. Akademik aləmdə plagiatlığa qarşı mübarizənin çox mühüm və aktual bir problem olduğu nəzərə alınaraq, Sumqayıt Dövlət Universiteti rektor professor Elxan Hüseynovun təşəbbüsü və rəhbərliyi ilə ölkənin 25 ali məktəbi, Azərbaycan Elmlər Akademiyasının institutları və respublikada fəaliyyət göstərən bir neçə nəşriyyat ilə əməkdaşlıq edən “Plagiat.pl” beynəlxalq şirkəti ilə strikeplagiarism.com verilənlər bazasında bütün dissertasiya işlərini və elmi əsərləri yoxlamağa imkan verən 3 illik müqavilə imzalamış və qarşılıqlı əhəmiyyət kəsb edən əməkdaşlığı davam etdirir. Müqaviləyə əsasən şirkətin nümayəndələri SDU əməkdaşları mütəmadi olaraq ilə antiplagiat proqramından istifadə bacarığı və qaydaları haqqında təlim görüşləri keçirir. Növbəti görüşün tarixi koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar karantin dövrünə düşdüyü üçün bugünkü tədbirin onlayn keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
“Plagiat.pl” şirkətinin Biznesin inkişafı üzrə direktoru Aygül Səmədova vebinarın əhəmiyyətindən bəhs edərək, təmsil etdiyi şirkətin bu istiqamətdə gördüyü işlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, “Plagiat.pl” şirkəti Azərbaycanda nümayəndəliklə təmsil olunan yeganə antiplagiat şirkətidir və strikeplagiarism.com Azərbaycan dilində axtarış həyata keçirən və Azərbaycan dilində interfeysi olan yeganə antiplagiat sistemidir. Strikeplagiarism.com SCOPUS, Web of Science bazalarına daxil olan elmi jurnallar, 2 milyarddan çox internet-səhifə və 1 milyondan çox elmi işlərin məlumat bazaları ilə indeksləşdirən antiplagiat sistemidir. Antiplagiat sistemi Moodle və Ldap kataloqu ilə inteqrasiya olunub. Aygül Səmədova onu da vurğuladı ki, alim, mütəxəssis və tələbələrin tədqiqat işlərini plagiatlıqdan qorumağa xidmət edən Ümumdünya Antiplagiatlıq Şəbəkəsinin yaradılması məqsədilə ali məktəblər, hökumət orqanları və nəşriyyatlar ilə sıx əməkdaşlıq əlaqələri qurulub. O cümlədən şirkətlə Sumqayıt Dövlət Universiteti arasında əməkdaşlıq uğurla davam etdirilir. Bildirdi ki, antiplagiat tədbirlərinin kompleks həlli təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin inkişafı üçün əlverişli infrastrukturun yaradılması, elmi işlərin orijinallığını təsdiqləyən etibarlı informasiyanın əldə edilməsi və cəmiyyətdə şəffaflığın təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir. Daha sonra təlimçi strikeplagiarism.com antiplagiat sisteminin yeni interfeysi, proqramın işləmə mexanizmi barədə vebinar iştirakçılarını məlumatlandırdı. Aygül Səmədova təhsil müəssisələri üçün tətbiq olunan yeni interfeysin üstünlükləri, daha rahat və intuitiv olması ətrafında geniş təqdimatla çıxış etdi.
Antiplagiat təhlili üzrə Oxşarlıq hesabatının qiymətləndirilməsi istiqamətində keçirilən vebinarda “Müəllimlər/rəyçilər üçün elmi işlərin qiymətləndirilməsi metodologiyası”, “Antiplagiat yoxlanışları prosesinə ümumi baxış”, “LMS ilə inteqrasiya, bütün növ sənədlərin yoxlanılması və intizam tədbirləri” mövzuları ətrafında vebinar iştirakçılarının sualları cavablandırıldı, çıxışlar oldu, ətraflı müzakirələr aparıldı. 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az