Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da COVID-19 pandemiyasına həsr olunmuş onlayn maarifləndirici seminar keçirildi
SDU-da COVID-19 pandemiyasına həsr olunmuş onlayn maarifləndirici seminar keçirildi
Aprelin 24-də universitetin Kimya və biologiya fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə COVID-19 pandemiyasına həsr olunmuş onlayn maarifləndirici seminar keçirildi.
Seminarı giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov açaraq, son günlər bütün dünyada geniş vüsət alan koronavirus (2019-nCoV) epidemiyası ilə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, ölkəmizdə dövlətin və onun müvafiq orqanlarının Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alaraq, koronovirusla (COVID-19) mübarizə məqsədilə həyata keçirdikləri qabaqlayıcı tədbirlər bu virusun yayılmasının qarşısının alınmasında və nəzarətdə saxlanılmasında böyük əhəmiyyətə malikdir. Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin yaydığı məlumatlara əsaslanaraq deyə bilərik ki, Azərbaycanın, bir çox böyük dövlətlərdən fərqli olaraq, pandemiyaya qarşı mübarizəsi effektiv nəticələr verir. Prezident cənab İlham Əliyevin uzaqgörənliyi, baş verənlərə dərhal ciddi reaksiya verməsi, qısa vaxtda gördüyü işlər analoji mübarizə aparanlar üçün nümunəyə çevrildi. Koronavirusla mübarizə fondu yaradıldı, ilk olaraq cənab İlham Əliyev ora birillik əməkhaqqını keçirdi, bu xeyirxah missiyanı Birinci vitse-prezident Mehriban xanım Əliyeva davam etdirdi, Azərbaycan Prezidentinin təşəbbüsü ilə respublikamızda yaradılan koronavirusla mübarizə fonduna vəsait köçürənlər də çox oldu. Bu gün ölkə başçısının koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarları vətəndaşlarımız böyük razılıqla qarşılayır. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Prezident cənab İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi ilə bağlı verilmiş qərar tələbə və valideynlər tərəfindən də yüksək qiymətləndirilir, dövlət başçısına təşəkkür məktubları ünvanlayırlar. Ölkə ictimaiyyəti bu çətin günlərdə bir daha yanında öz liderini, onun qayğısını, dəstəyini gördü. Hər zaman olduğu kimi, Prezident İlham Əliyev xalqımızın və dövlətimizin bu qlobal təhlükədən alnıaçıq çıxması və insanların çətinlik çəkməməsi üçün nə lazımdırsa, etdi.
Prorektor onu da qeyd etdi ki, Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən bir neçə dəfə Sumqayıt Dövlət Universitetinin bütün tədris binalarında: dəhlizlərdə, auditoriya və laboratoriyalarda, mərkəzlərdə, ictimai-iaşə obyektlərində və sanitar qovşağında koronavirusa qarşı dezinfeksiya işləri aparılmışdır. Onu da xatırlatdı ki, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirilmişdir.
Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov bu virusun törətdiyi fəsadlar və onlardan necə qorunmaq barədə çıxış etdi. Koronovirusla mübarizədə dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlərlə yanaşı, ayrı-ayrı fərdlərin də bu prosesdə böyük rolu olduğunu bildirdi, insanların şəxsi gigiyena qaydalarına əməl etməsinin vacibliyini vurğuladı.
Dekan müavini dosent Müşkünaz Nəzərova “Fakültədə keçirilən onlayn dərslərin təşkili”, Biologiya və onun tədrisi metodikası kafedrasının dosentləri: Lalə Bünyatova “COVID-19-un etiologiyası, yoluxma yolları, uşaqlarda və böyüklərdə müşahidə olunan simptomları haqqında məlumat”, Xanəhməd Həsənov “COVID-19 virusunun biologiyası”, 323-cü qrup tələbəsi Anar Güllərli “COVID-19 pandemiyası ilə əlaqədar olaraq Prezident cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi qabaqlayıcı tədbirlər” mövzularında çıxış etdilər. Xəstəliyin profilaktikası, ondan qorunma yolları, müalicəsi ilə bağlı ətraflı məlumat verdilər.
Sonda çıxışlar ətrafında geniş fikir mübadiləsi aparıldı, koronavirusla mübarizənin gücləndirilməsi və maarifləndirmə işlərinin genişləndirilməsinə dair bir sıra təkliflər səsləndirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az