Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun tələbələri “Evdə qal” aksiyasında fəal iştirak edirlər
SDU-nun tələbələri “Evdə qal” aksiyasında fəal iştirak edirlər
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq, Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetində tədris prosesi onlayn və oflayn formada təşkil olunmuşdur.Tədris olunan fənlərin xüsusiyyətindən asılı olaraq, dərslərin bir hissəsi yaradılmış WhatsApp qrupları əsasında keçirilir. Burada dərslər universitetdə keçirilən dərs cədvəllərinə uyğun aparılır, mühazirə müəlliminin mühazirəsi WhatsApp qrupuna daxil olan tələbələrinin iştirakı ilə oxunulur. Mühazirə və məşğələ müəllimlərinin birgə işləməsi nəticəsində tələbələrə dərslər aydın şəkildə izah edilir.
Universitetdə daha çox istifadə olunan sistemlərdən biri tələbələrin dərslərinin oflayn qaydada təşkilinə hədəflənən, SDU-nun da tərəfdaşı olduğu ERASMUS+ layihəsi çərçivəsində hazırlanmış Moodle sistemidir. Müəllim və tələbələr sistemdən istifadə etmək üçün yaradılmış moodle.sdu.edu.az saytında qeydiyyatdan keçirlər. Müəllimlər dərsin mənimsənilməsi üçün tələb olunan materialları sayta yerləşdirir, tələbələr isə istədikləri vaxt bu materiallardan istifadə edərək dərslərə hazırlaşırlar.
Universitetdə, həmçinin dərslərin təşkili üçün “Zoom meeting online” və “Trueconf online” sistemlərindən də istifadə edilir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Microsoft” şirkətinin texniki dəstəyi ilə tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanların təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadə məsləhət görülmüşdür. Bunu nəzərə alaraq, Sumqayıt Dövlət Universitetinin tələbələri “Microsoft Teams” onlayn platforması üzərindən canlı rejimdə təşkil edilən onlayn dərslərdə iştirak edirlər.
Eyni zamanda tələbələr dərsləri ilə yanaşı, asudə vaxtlarını da səmərəli keçirirlər. Tələbə Gənclər Təşkilatı, Tələbə Gənclər Klubu “Evdə qal” aksiyasına könüllü dəstək olur, onlayn formada görüşlər təşkil edirlər.
Ümumdünya Səhiyyə Təşkilatının qlobal pandemiya elan etdiyi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində universitetin Tələbə Gənclər Təşkilatı onlayn psixologiya dərnəyi, intellektual oyunlar, şeir müsabiqəsi, kitab, conversation, rəsm klubları ilə keçirdikləri onlayn görüşlər nəticəsində təşkilatın üzvləri ilə birliklərini nümayiş etdirirlər. Universitetin “Səma” rəqs ansamblının kollektivi milli rəqsləri ilə könülləri riqqətə gətirir. Klubda fəaliyyət göstərən rəssamlıq və dekorativ sənətlər dərnəyinin üzvləri sənət nümunələrini onlayn nümayiş etdirirlər (keçirilən onlayn tədbirlərin linkləri sonda göstərilmişdir).
Bu günlərdə Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı fəaliyyətinin 15 illik yubileyini onlayn formada qeyd etdi. Ölkəmizdə fəaliyyət göstərən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və bir çox ali təhsil müəssisələrinin tələbələri Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının 15 illik yubileyini onlayn formada təbrik etdilər və fəaliyyətlərinə uğurlar arzuladılar. Onu da qeyd edək ki, təşkilatın yubileyi pandemiya əleyhinə tədbirlər sona çatdıqdan sonra universitetdə geniş qeyd olunacaq.
Hazırda SDU-da Tələbə Gənclər Klubu və Tələbə Gənclər Təşkilatı gənclərin asudə vaxtının səmərəli təşkili, onların dövlətçilik ruhunda tərbiyə olunması, vətənpərvərlik ruhunun artırılması və s. istiqamətdə görülən tədbirləri onlayn formada davam etdirirlər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az