Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Tələbə Gənclər Təşkilatı fəaliyyətinin 15 illik yubileyini onlayn formada qeyd etdi
SDU-nun Tələbə Gənclər Təşkilatı fəaliyyətinin 15 illik yubileyini onlayn formada qeyd etdi
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq, Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetində tədris prosesi onlayn formada təşkil olunmuşdur. Eyni zamanda universitetin Tələbə Gənclər Təşkilatı da fəaliyyətini onlayn formada davam etdirir, görüşlər təşkil edir. Onlayn psixologiya dərnəyi, intellektual oyun, conversation, kitab, rəsm klubları ilə keçirdikləri onlayn görüşlər nəticəsində təşkilatın üzvləri birliklərini, əzmkarlıqlarını nümayiş etdirmiş olurlar. Martın 29-da Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı fəaliyyətinin 15 illik yubileyini onlayn formada qeyd etdi.
Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı təşkilatın üzvlərini yubiley münasibətilə təbrik etdi. Bildirdi ki, ölkəmizdə təhsilin inkişafı, gənclərin təhsilə marağının artırılması və tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman dövlətimizin diqqətində olub. Bu gün ölkədə çoxsaylı gənclər təşkilatları fəaliyyət göstərir. Həmin təşkilatların qarşıya qoyduğu hədəflər sırasında gənc nəslin ictimai həyatda iştirakının dəstəklənməsi mühüm yer tutur. Həmin təşkilatlar sayəsində gənclərin potensialları üzə çıxarılır və onların daha fəal sosial həyat sürmələri təmin olunur. Bu baxımdan Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tələbələrin ictimai həyatda fəallığının artırılması istiqamətində də əhəmiyyətli addımlar atır. Tayfun Hacılı onu da qeyd etdi ki, ölkəmiz koronavirus (COVİD - 19) infeksiyasından tamamilə xilas olduqdan sonra Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının fəaliyyətinin15 illik yubileyi qeyd olunacaq.
Tayfun Hacılı onu da bildirdi ki, ölkəmizdə fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin tələbələri Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının 15 illik yubileyini təbrik etdilər və fəaliyyətlərinə uğurlar arzuladılar.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının 15 fevral 2005-ci il tarixli, 41 №-li Sərəncamına əsasən Təhsil Nazirliyinin 28 fevral 2005-ci il tarixli, 89 №-li Əmri ilə SDU-da 29 mart 2005-ci il tarixində Tələbə Gənclər Təşkilatının təsis konfransı keçirilmişdir. Təşkilatın əsas məqsədi Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial-iqtisadi həyatında onların fəal
iştirakını təmin etməkdir. Bu gün SDU-da gənclərin maraq, istək və qabiliyyətlərinə uyğun hər cür imkanlar yaradılmışdır. Müasir idman kompleksi, zəngin kitabxana, geniş akt zalı, incəsənət sahəsində bacarığı olanlar üçün müxtəlif dərnəklər və s. tələbələrin ixtiyarındadır.
Təşkilat həmçinin təhsillə və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün dövlət orqanları, QHT və beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
Hazırda SDU-nun Tələbə Gənclər Təşkilatı gənclərin asudə vaxtının səmərəli təşkili, onların dövlətçilik ruhunda tərbiyə olunması, vətənpərvərlik ruhunun artırılması və s. istiqamətdə görülən tədbirləri onlayn formada davam etdirir. 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az