Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da dərslər onlayn formada davam etdirilir
SDU-da dərslər onlayn formada davam etdirilir
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığı nəzərə alınaraq, Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetində tədris prosesi onlayn və oflayn formada təşkil olunmuşdur. Tədris olunan fənlərin xüsusiyyətindən asılı olaraq, bəzi dərslər yaradılmış WhatsApp qrupları əsasında keçirilir. Belə ki, tədrisin təşkili üçün təyin olunan qrup rəhbəri təhsil alan bütün tələbələrin və dərs deyən müəllimlərin adlarını WhatsApp qrupuna daxil edir. Müəllim mühazirə materiallarını tələbənin e-mail ünvanına göndərir və nəticə etibarilə tələbə lazımi ədəbiyyatla təmin olunur.
Burada dərslər universitetdə keçirilən dərs cədvəllərinə uyğun aparılır, mühazirə müəlliminin mühazirəsi WhatsApp qrup tələbələrinin hamısının iştirakı ilə oxunulur. Mühazirə və məşğələ müəllimlərinin birgə işləməsi nəticəsində tələbələrə dərslər aydın şəkildə başa salınır.
Universitetdə daha çox istifadə olunan sistemlərdən biri tələbələrin dərslərinin oflayn qaydada təşkilinə hədəflənən, universitetin ERASMUS+ layihəsi çərçivəsində hazırlanmış Moodle sistemidir. Müəllim və tələbələr sistemdən istifadə etmək üçün yaradılmış moodle.sdu.edu.az saytında qeydiyyatdan keçirlər. Müəllimlər dərsin mənimsənilməsi üçün tələb olunan materialları sayta yerləşdirir, tələbələr isə istədikləri vaxt bu materiallardan istifadə edərək dərslərə hazırlaşırlar.
Onlayn formada dərslərin təşkili üçün istifadə olunan digər sistemlər “Zoom meeting online” və “Trueconf online” sistemləridir. Qeyd olunan sistemlərin üstünlüyü eyni zamanda bütün tələbələrin iştirakı ilə onlayn dərslərin təşkilidir. Lakin bu sistemlərin nisbətən çətinliyi internetin sürəti ilə bağlıdır. Belə ki, SDU-nun respublikamızın 60-a yaxın bölgəsindən tələbələri olduğundan və regionlarda internetin sürəti ilə əlaqədar bu sistemlər daha az istifadə olunur.
Onu da qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən “Microsoft” şirkətinin texniki dəstəyi ilə tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanların təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadə məsləhət görülmüşdür. Bunu nəzərə alaraq, Microsoft şirkəti hazırlıqları tam bitirdikdən sonra qısa zaman ərzində, Sumqayıt Dövlət Universitetinin tələbələri “Microsoft Teams” onlayn platforması üzərindən canlı rejimdə təşkil edilən onlayn dərslərdə iştirak edə biləcəklər. Hal-hazırda universitetdə Təhsil Nazirliyi ilə koordinasiyalı şəkildə qeyd olunan platformaya qoşulmaq üçün hazırlıq işləri aparılır.
Dərslərin məsafədən onlayn və oflayn formada təşkil olunması valideyn və tələbələr tərəfindən razılıqla qarşılanır və gələcəkdə tədris prosesi normal vəziyyətə qaytarıldıqdan sonra da fənlərin mənimsənilməsi üçün əlavə vasitə kimi düşünülür.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az