Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Xocalı soyqırımını unutma” adlı tədbir keçirildi
“Xocalı soyqırımını unutma” adlı tədbir keçirildi
Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarının daha bir dəhşətli təzahürüdür. Fevralın 25-də Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Mühəndislik fakültəsində tədbir keçirildi.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə açan fakültə dekanı dosent Ulduz Ağayev bu soyqırımını xalqımıza qarşı həyata keçirilən qəsbkarlıq, etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi adlandırdı. Qeyd etdi ki, bu siyasətin 200 ilə yaxın tarixi var. Bəşər tarixində daim işğalçılıq siyasəti ilə yaşayan, tarixə öz şərəfsiz imzalarını atmış erməni quldurları öz məslək və əqidə dostları ilə birlikdə həmin gecə Xocalını qan içində boğdular. Bu faciə dünyada baş verən Xatın, Sonqmi, Ruanda kimi soyqırımlarından da faciələrin ən dəhşətlisi idi. Xocalı soyqırımı isə Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biridir. Bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi oldu. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verildi. Bunun nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur, soyqırımı qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl siması göstərilir.
Tədbirdə tələbələr çıxış edərək qeyd etdilər ki, Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş vəhşiliklər bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədlərinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.
Sonra tədbirdə Xocalı soyqırımının dəhşətlərini əks etdirən videoçarx izlənildi.
 
Mətbuat xidməti
   

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az