Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Firudin Məmmədovun xatirə barelyefi açıldı
SDU-da AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Firudin Məmmədovun xatirə barelyefi açıldı
Oktyabrın 18–də Sumqayıt Dövlət Unuversitetində AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Firudin Məmmədovun xatirə barelyefi açıldı.
Açılış mərasimində rektor professor Elxan Hüseynov görkəmli alim Firudin Məmmədovun səmərəli elmi fəaliyyətindən, fizika elminin inkişafına verdiyi töhfələrdən və onun yüksək mənəvi keyfiyyətlərindən danışdı. Bildirdi ki, ömrünün böyük hissəsini SDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən qocaman alim, gözəl pedaqoq və səmimi insan Firudin müəllimin əziz xatirəsi yetirmələrinin, onu tanıyanların qəlbində daim yaşayır və yaşayacaq. Rektor çıxışında fiziklərin yetişməsində müstəsna xidmətləri olan Firudin Məmmədovun tələbələrin sevimlisinə çevrildiyini vurğuladı.
Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova, dosent Rəna Dadaşova, Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov, professorlar Məhəmməd Əhmədov, Əkbər Ağayev, Fizika və elektroenergetika fakültəsinin IV kurs tələbəsi Xeyranə Məmmədova çıxış edərək bildirdilər ki, Firudin Məmmədov Azərbaycan elmində özünəməxsus yeri olan alim idi. Alimin rəhbərliyi altında onlarla fəlsəfə və elmlər doktoru yetişib. Bu gün yetişdirdiyi böyük alim ordusu elmin keşiyində ləyaqətlə duraraq, onun irsini uğurla davam etdirir. Natiqlər onun adının elm, təhsil tarixinə qızıl hərflərlə yazıldığını vurğuladılar. Qeyd etdilər ki, bir alim və bir insan ömrünü şərəflə yaşamış Firudin Məmmədov elmdə qoyub getdiyi silinməz izlərlə daim ürəklərdə yaşayacaq, onun yetirmələri öz müəllimlərini fəxrlə xatırlayacaqlar.
Mərhumun ailəsi adından çıxış edən oğlu professor Cavanşir Məmmədov alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə universitetin rektoru professor Elxan Hüseynova, professor-müəllim və tələbə heyətinə dərin minnətdarlığını bildirdi.
Qeyd edək ki, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Firudin Məmmədov ömrünün 81-ci ilində vəfat etmişdir. Firudin Məmmədov Azərbaycanda informatika və energetika elminin inkişafında mühüm xidmətlər göstərmişdir. Onun uzun bir dövrü əhatə edən səmərəli elmi fəaliyyətinin başlıca istiqamətini müxtəlif texnoloji proseslərdə məlumat-ölçmə sistemləri, çoxölçülü vericilərin öyrənilməsi təşkil etmişdir. Alimin apardığı fundamental tədqiqatlardan əldə olunan mühüm nəticələr mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir. Firudin Məmmədov elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə daim ahəngdar şəkildə əlaqələndirmiş və Azərbaycanın bir sıra ali təhsil ocaqlarında yüksəkixtisaslı kadrların yetişdirilməsində fəal iştirak etmişdir. O, nüfuzlu beynəlxalq elmi simpozium, forum və konfranslardakı çıxışları ilə Azərbaycan elmini ölkənin hüdudlarından kənarda da layiqincə təmsil etmişdir. Firudin Məmmədov respublikamızda və xaricdə nəşr edilmiş 250-dən artıq elmi əsərin, 10-dək dərs vəsaiti və monoqrafiyanın, 30-dan çox ixtiranın müəllifidir. Alimin rəhbərliyi ilə 10-dan çox fəlsəfə doktoru hazırlanmışdır. Professor Firudin Məmmədovun elmi fəaliyyəti lazımınca qiymətləndirilmişdir. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə o, müxtəlif fəxri ad və medallara, o cümlədən 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az