Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nümayəndələrimiz Boloniya konfransında iştirak etdilər
Nümayəndələrimiz Boloniya konfransında iştirak etdilər
Sentyabrın 25-də Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyinin dəstəyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD, Bonn) DAAD Bakı Məlumat Mərkəzinin birgə təşkil etdiyi “Boloniya əməkdaşlıq forumu” mövzusunda konfrans keçirildi.
Tədbirdə Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri, mütəxəssislər, ERASMUS+Milli ofisinin direktoru, Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova iştirak etdilər.
Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq Azərbaycan-Almaniya əlaqələrindən bəhs etdi. Səfir DAAD-ın elmi əlaqələrin genişlənməsində, mübadilə prosesində xüsusi rolu olduğunu bildirdi.
Alman Akademik Mübadilə Xidmətinin siyasi dəstək şöbəsinin icraçı direktoru David Flores forumun əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, tədbirin ümumi hədəfi Azərbaycan və Avropa Ali Təhsil Məkanına – Boloniya prosesinə qoşulan digər ölkələrin ali məktəbləri arasındakı əməkdaşlığı dəstəkləməkdən ibarətdir. Forum Boloniya təhsil sisteminin bütün sahələrini əhatə edir.
Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev ölkəmizdə təhsilə xüsusi önəm verildiyini dedi, bu sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən və proqramlardan danışdı. Qeyd olundu ki, Azərbaycan Avropa Ali Təhsil Məkanına – Boloniya prosesinə 2005-ci ildə qoşuldu. Həmin dövrdən Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsilə əlçatanlığın genişləndirilməsi istiqamətlərində əsaslı islahatlar aparılır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini qeyd edən Yaqub Piriyev ali təhsil sahəsində əldə olunan uğurları da diqqətə çatdırdı.
Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Qurbanova Azərbaycanın ali təhsil sistemi haqqında məlumat verdi, DAAD-ın səmərəli fəaliyyəti ilə bağlı fikirlərini söylədi.
Sonra ali təhsil sahəsi, universitetlər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıldı.
Qeyd edək ki, konfransda Avropa Ali təhsil müəssisələrindən Köln Texniki Universiteti (Almaniya), Potsdam Universieti (Almaniya), Eses Universiteti (İngiltərə), Zigen Universitetinin (Almaniya) alimləri iştirak etdi, Avropa Ali təhsil Məkanında Keyfiyyət Təminatı təşkilatı da təmsil olundu. İştirakçıların hər biri Boloniya sisteminin tarixi, cari vəziyyət və problemlər haqqında, o cümlədən kredit sistemi, öyrənmə nəticələri, kompitensiyalar, sillabusların yazılması, Avropa standartlarına uyğunlaşdırılması mövzularında faydalı təqdimatlarla çıxış etdilər. Köln Texniki Universitetinin professoru Reza Talebi Deryani Azərbaycanda həyata keçirilən 5 Avropa layihəsindən danışdı, həmin layihələrdə Azərbaycan tərəfdən tərəfdaş kimi iştirak edən Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəaliyyətini vurğuladı.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirildi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az