Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Yay məktəbinin iştirakçıları BSU-da
Yay məktəbinin iştirakçıları BSU-da
Məlum olduğu kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə iyulun 15-dən Sumqayıt Dövlət Universitetində (SDU) "Odlar Yurdu Azərbaycana səyahət” Tələbə yay məktəbi fəaliyyətə başlayıb. Yay məktəbində Rusiya Federasiyandan Samara Dövlət Texniki Universitetinin, Ural Dövlət Dağ-Mədən Universitetinin, Rusiya Dövlət Pedaqoji Universitetinin, Şimali Qafqaz Federal Universitetinin, Kuban Dövlət Universitetinin, Dağıstan Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti iştirak edir.
Rusiyalı qonaqlar iyulun 19-da Bakı Slavyan Universitetinin (BSU) kollektivi ilə görüşüblər, universitetdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, Erasmus + PETRA layihəsi çərçivəsində yaradılan Tədris-Mədəniyyət Mərkəzi, Rusiya Tədris-Mədəniyyət Mərkəzi, Akt zalı, universitet kitabxanası və muzeyi, Şəhidlər guşəsi ilə yaxından tanış oldular.
Qonaqları universitetin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov qəbul etdi, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri, bakalavriat və magistratura səviyyələrində müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı, tədris proqramları barədə ətraflı məlumat verdi. O, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində daha da dərinləşən Rusiya-Azərbaycan dostluq əlaqələrinin bu gün Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirildiyini bildirdi. Prorektor ölkələrimiz arasında iqtisadi, mədəni sahədə əməkdaşlıqla yanaşı, elm və təhsil sahəsində də ikitərəfli münasibətlərin genişləndiyini qeyd etdi. O, 2015-ci ildə əsası qoyulan, bu gün hər iki dövlətin 53 universitetini birləşdirən Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təhsil sahəsində əməkdaşlığının möhkəmlənməsi istiqamətində ciddi addımlar atdığını bildirdi. T.Cəfərov rusiyalı professor-müəllim heyətinin və tələbələrin BSU-ya bugünkü səfərini də həmin assosiyasiyanın uğurlu layihəsinin tərkib hissəsi kimi dəyərləndirdi.
Sonra Akt zalında universitet həyatından və BSU-nun nəşr etdiyi “Azərbaycanda rus dili və ədəbiyyatı” elmi-kütləvi jurnalının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Əcnəbi tələbələrlə iş üzrə dekan Ülviyyə Məmmədova rusiyalı tələbələrə BSU-da təhsil imkanları, əcnəbi tələbələr üçün yaradılmış şərait barədə məlumat verdi.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az