Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində ekoloqların peşə bayramı qeyd edildi
Sumqayıt Dövlət Universitetində ekoloqların peşə bayramı qeyd edildi
Prezident İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə hər il mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur. Sumqayıt Dövlət Universitetində (SDU) Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının bu münasibətlə hazırladığı “Ekoloji maarifləndirmə” mövzusunda elmi-praktiki seminar keçirildi.
Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Ekologiya kafedrasının müdiri Rəhilə Əhmədova qonaqları salamlayaraq ekoloqları peşə bayramı münasibətilə təbrik etdi. Bildirildi ki, Sumqayıt Dövlət Universitetində mütəmadi olaraq mütəxəssislər tərəfindən gənclər arasında ətraf mühitin mühafizəsini geniş təbliğ etmək məqsədilə maarifləndirici tədbirlər keçirilir. Ekoloji problemlər, onların həlli ilə əlaqədar ölkəmizdə görülən işlər barədə ətraflı məlumat verən Rəhilə Əhmədova eyni zamanda ekoloji maariflənmənin vacibliyini vurğuladı. O, seminarın keçirilməsində məqsədin gənclərin ekoloji sahəyə marağını artırmaq, onları bu sahədə maarifləndirməkdən ibarət olduğunu diqqətə çatdırdı.“Ekoloji maarifləndirmə zamanı əldə olunan biliklər, qazanılan təcrübələr ekoloji mədəniyyətin, ekoloji cəmiyyətin formalaşmasında başlıca amildir”, - deyən Rəhilə Əhmədova qeyd etdi ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür və bu sahədə hüquqi baza təkmilləşdirilmişdir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir. Natiq Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın rəhbərliyi ilə ətraf mühitin, o cümlədən nadir növ heyvanların müdafiəsi sahəsində bir çox işlərin görüldüyünü bildirərək Azərbaycanda ekoloji proqramlara və layihələrə böyük diqqət yetirildiyini diqqətə çatdırdı.
Sumqayıt şəhər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Elmar Musayev “Bərk məişət tullantılarının idarə edilməsi sahəsində maarifləndirmə işinin təşkili”, həmin idarənin aparıcı məsləhətçisi Vüsal İbrahimli “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti”, Kimya və biologiya fakültəsinin tələbələri: Rəna Əlizadə, Selcan Ələsgərova “Xəzər dənizinin çirklənməsi”, Aytən Baxışova “Torpağın çirklənməsi”, Sabrina Fərzəliyeva, Pərvin isgəndərova “Radiasiya” mövzularında məruzə ilə çıxış etdilər.
Kimya və onun tədrisi metodikası kafedrasının müdiri Musa Mustafayev, Coğrafiya və onun tədrisi metodikası kafedrasının dosenti Kamil Abdulov, Sumqayıt şəhər Təmizlik Departamentinin şöbə müdiri Anar Mustafayev, Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini Musa Həsənov, AZƏRTAC-ın müxbiri Ətrabə Rzayeva çıxış edərək, ölkəmizdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpasından söz açdılar. Bildirildi ki, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir. 70 illik yubileyini qeyd etməyə hazırlaşan Sumqayıtın sənaye zonasına və ekoloji problemlərinin həllinə son illər daha çox diqqət ayrılır və burada sağlam ekoloji mühitin yaradılması, ətraf mühitin mühafizəsi istiqamətində mühüm tədbirlər görülür. Natiqlər bu gün Sumqayıtın ekoloji baxımdan təmiz şəhərlərdən olduğunu fərəhlə vurğuladılar.
“Sağlam mühit, sağlam gələcək” QHT–nin icraçı direktoru Vüsal Hətəmov ekoloqları peşə bayramı münasibətilə təbrik edərək Sumqayıt şəhər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bir qrup əməkdaşını və SDU-nun Ekologiya kafedrasının müdiri Rəhilə Əhmədovanı “Əhalinin ekoloji maarifləndirilməsi” sahəsindəki fəaliyyətinə görə sertifikatla təltif etdi.
Tədbirdə videoçarx və “Zeytun” səhnəciyi nümayiş olundu. Sonra tələbələr sözləri və musiqisi II kurs tələbəsi İlham Babayevə aid “Təbiəti qoruyaq” mahnısını oxudular.
Sonda mütəxəssislər tələbələrin suallarını cavablandırdılar.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az