Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fizika və elektroenergetika fakültəsinin tələbə və müəllim heyəti Şirvan Kondensat Elektrik Stansiyasına ekskursiya etdilər
Fizika və elektroenergetika fakültəsinin tələbə və müəllim heyəti Şirvan Kondensat Elektrik Stansiyasına ekskursiya etdilər
Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsində Energetika ixtisasları üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını artırmaq məqsədilə 2018-2019-cu tədris ilinin payız semestrində Sumqayıt Elektrik Stansiyasında və Mingəçevir Su Elektrik Stansiyasında ekskursiyada olmuşlar. Bu ekskursiyada tələbələr elektrik enerjisinin istilik enerjisindən necə alındığını və paylandığını əyani olaraq görmüş, eyni zamanda bu prossesin Su Elektrik Stansiyasında da (SES) necə yerinə yetirildiyini yaxından izləmişlər.
Kondensasiyalı Elektrik Stansiyası (KES), SES və İES-də elektrik enerjisinin alınması müxtəlif qurğularla yerinə yetirildiyindən alınan fərqi əyani formada görmək üçün mayın 18-də Fizika və elektroenergetika fakültəsinin "Elektrotexnika və energetika" kafedrasının müəllimləri dosentlər: Ş.H.Məmmədov, G.A.Ələsgərov, baş müəllimlər: S.C.Abdullayeva, K.R.Hacıyeva, S.M.Cabbarova, Elektroenergetika, Enerji maşınqayırması, Elektrik və istilik energetikası mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr kafedra müdiri dosent Nadir Hacıbalayevin rəhbərliyi ilə Şirvan Kondensat Elektrik Stansiyasına ekskursiya etdilər.
“Cənub” Elektrik Stansiyasında nümayəndə heyətini stansiyanın baş mühəndisinin müavini Ələsgər İsmayılov və elektrik sexinin rəisi Səfər Cəfərov çox səmimi qarşıladı və stansiya haqqında geniş məlumat verdi. Bildirdilər ki, qoyuluş gücü 780 MVt olan “Cənub” elektrik stansiyasının təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 24 dekabr 2007-ci il tarixində qoyulmuş və 1 iyul 2013-cü il tarixində işə salınmışdır.
“GİS” tipli qapalı 330/220/110 kilovoltluq yarımstansiyanın, burada xidmətə ehtiyacı olmayan qazla izolə edilmiş üç qapalı yarımstansiyada hər birinin gücü 180 meqavolt amper olan 6 yüksəldici transformator, hər birinin gücü 250 meqavolt amper olan 4 sistem transformatoru və hər birinin gücü 25 meqavolt amper olan 4 xüsusi sərfiyyat transformatoru quraşdırılıb. Tələbələr yarımstansiyada ümumi uzunluğu 50 kilometr olan 330, 220 və 110 kilovoltluq kabel və hava xətləri, həmçinin uzunluğu 130 kilometr olan 220 kilovoltluq ikidövrəli “Cənub Elektrik Stansiyası – Böyük Şor Yarımstansiyası” hava xətti çəkilişinin fəaliyyəti ilə maraqlandılar.
Səfər zamanı qeyd olundu ki, 110 kilovoltluq xətlər Sumqayıt Texnologiyalar Parkının istehsalıdır. Ümumilikdə stansiyada Sumqayıt Texnologiyalar Parkının istehsalı olan 150 kilometr uzunluğunda 6 və 0.4 kilovoltluq güc, həmçinin min kilometrdən çox siqnal və ölçü kabelləri çəkilib. Stansiyanın baş korpusunda ən müasir avadanlıq quraşdırılmışdır. Burada hər birinin gücü 128 meqavat olan 4 qaz turbini, 135 meqavat olan 2 buxar turbini, məhsuldarlığı saatda 186 ton olan 4 qazan-utilizator, gücü 160 meqavolt amper olan 6 generator və digər zəruri avadanlıq qoyulmuşdur. Baş korpusda 1,5 milyon kubmetrdən çox torpaq işləri görülmüşdür.
Burada dəmir-beton məmulatının həcmi 82 min kubmetrdir. “Cənub” Elektrik Stansiyasının faydalı iş əmsalı 52 faiz, bir kilovat/saat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı isə 237 qramdır. Müqayisə üçün deyək ki, əvvəlki “Şirvan” Elektrik Stansiyasında bu göstəricilər müvafiq olaraq 26 faiz və 460 qram təşkil edirdi. Digər analoji stansiyalardan fərqli olaraq, burada üç yanacaq növündən: qaz, mazut və dizel yanacağından istifadə etmək imkanı vardır. Stansiyanın fəaliyyəti yüksəkkeyfiyyətli olmaqla yanaşı, həm də qənaətcilliyi ilə seçilir. Bu nəhəng infrastruktur qurğusunun fəaliyyətə başlaması ilə ildə 780 milyon kubmetr qaza və 650 min ton mazuta qənaət etmək mümkündür. Stansiya ildə 6 milyard kilovat/saat elektrik enerjisi istehsal etməyə imkan verəcəkdir.
Baş mühəndisin müavini Ələsgər İsmayılov, elektrik sexinin rəisi Səfər Cəfərov, Qazan-turbin sexinin rəisi Fəyyar Nuriyev və kimya sexinin rəisi İlham Əliyev tələbələrin bütün suallarını cavablandırdılar.
Ekskursiyanın təşkili üçün başda Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov olmaqla, fakültəmizin dekanı dos.Tamella Əhmədovaya, Azərenerji ASC-nin vitse-prezidenti Z.M.Quliyevə, stansiyanın baş mühəndisinin müavini Ələsgər İsmayılova, elektrik sexinin rəisi Səfər Cəfərova, kimya sexinin rəisi İlham Əliyevə, qazan-turbin sexinin rəisi Fəyyar Nuriyevə dərin təşəkürlərimizi bildiririk.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az