Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Gəncə Dövlət Universitetində təlimlərdə
Əməkdaşlarımız Gəncə Dövlət Universitetində təlimlərdə
Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi PETRA” layihəsi çərçivəsində bir həftəlik Gəncə Dövlət Universitetində beynəlxalq təlimlər başladı.
Beynəlxalq təlimdə məruzəçi qismində Yuvaskülə Universiteti (Finlandiya), Vyana Tətbiqi Elmlər Universiteti (Avstriya), Valensiya Politexnik Universiteti (İspaniya), Qazi Universiteti (Türkiyə), Debreçen Universitetindən (Macarıstan) nümayəndələr iştirak etdilər.
Təlimlərdə 7 Azərbaycan Universitetini 50-ə yaxın nümayəndə, ERASMUS Milli ofisinin rəhbəri Pərviz Bağırov və ofisin əməkdaşı Zəfər Həsənov təmsil edirdi. SDU tərəfindən təlimlərdə Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova və həmin şöbənin metodisti Aliyə Xəlilbəyli iştirak etdilər.
Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə son illər ali təhsil müəssisəsində elm və təhsilin inkişafı istiqamətindəki nailiyyətlərdən danışdı.
Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d Samirə Məmmədova layihə çərçivəsində SDU-da fəaliyyət göstərən Təlim və Öyrənmə Mərkəzi, Elektron laboratoriyanın hazırkı vəziyyəti və gələcəkdə fəaliyyət istiqaməti haqqında təqdimatla çıxış etdi. Mərkəzdə araşdırmaçılar üçün tədqiqat mexanizmləri, tədqiqatların aparılması vasitələri, yerli və müxtəlifdilli elmi ədəbiyyatlardan istifadə və istinadlar mövzularında seminarlar və təlimlər təşkil ediləcəyini vurğuladı. S. Məmmədova Region TV-yə müsahibə verdi, layihənin SDU-ya töhfəsi, Avropa tərəfdaşları ilə mövcud əlaqələrin möhkəmlənməsi və gələcəkdə əlaqələrin inkişaf etməsi üçün imkanlar açdığını qeyd etdi, layihə müəllifinə, təlimə ev sahibliyi edən GDU rəhbərliyinə və PETRA komandasına təşəkkür etdi.
Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd Azərbaycanın ali təhsil müəssisələrində tədris və təlimin təkmilləşdirilməsi sahəsində Avropa universitetləri ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. Məhz bu layihənin həyata keçirilməsi ilə universitetin müəllim və doktorantları istənilən sahə üzrə elmi tədqiqatlarında beynəlxalq akkreditasiya olunmuş kitabxanalardan, elm mərkəzlərindən onlayn yararlana biləcəklər. Layihənin gənc tədqiqatçı alimlərin beynəlxalq elmi arenada müasir elmin imkanlarından yararlanmasında böyük köməyi olacaqdır.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az