Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt hadisələri ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı cinayət və təxribatlardan biridir
Sumqayıt hadisələri ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı cinayət və təxribatlardan biridir
Sumqayıt hadisələri haqqında universitetin Elm və innovasiyalar üzrə prorektoru, hadisələrlə bağlı araşdırmaların, bir neçə kitabın və məqalələrin müəllifi olan professor Ramazan Məmmədov AZƏRTAC–a müsahibə verdi.
Ermənilər tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər və təxribatlar törədiblər. 1988-ci il fevralın sonlarında Sumqayıt şəhərində törədilən kütləvi iğtişaşlar da onlardan biri idi. Bu hadisələr ermənilərin və onların havadarlarının Azərbaycan xalqı ilə bağlı dünyada mənfi imic yaratmaq məqsədini güdürdü. Belə ki, fevralın 27–29-da Sumqayıtda cərəyan edən hadisə nəticəsində müxtəlif millətlərdən olan 32 nəfər, o cümlədən 26 erməni həlak olub, 400-dən çox insan yaralanıb, 200-dən çox mənzil talan edilib, 50-dən artıq mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomaşın yararsız hala salınıb, şəhərə böyük maddi ziyan vurulub.
Professor Ramazan Məmmədov bildirib ki, “Sumqayıtın yaşlı və orta nəslinin nümayəndələri 31 il əvvəl şəhərdə erməni millətçilərinin xaricdə yaşayan havadarlarının, "Daşnaksutyun" partiyasının dəstəyi ilə necə qanlı aksiya törətdiyini yaxşı xatırlayırlar. O vaxt ölkədə “yenidənqurma” siyasəti elan edən Mixail Qorbaçovun “islahat”larından biri də millətlərarası ədavəti qızışdırmaq, xaos yaratmaq idi. Dağlıq Qarabağ məsələsi qaldırılan zaman Qorbaçov ermənilərə hər cür kömək göstərəcəyini vəd etmişdi. Şovinist Aqanbekyanın Parisdəki məlum çıxışı hadisələri alovlandıran ilk qığılcım oldu.
Sumqayıtda baş verən hadisələrlə bağlı apardığımız araşdırmaların nəticələri professor Həsən Sadıqovla birgə yazdığım "Sumqayıt: milli əsarət, ya milli səxavət?" və Əməkdar jurnalist Eyruz Məmmədovun və mənim həmmüəllifi olduğumuz “Sumqayıt, 1988. Cinayət və cəza” kitablarında əksini tapıb. O dövrdə “Krunk” adlı erməni təşkilatı fəaliyyət göstərirdi. Demək olar ki, bütün qatı millətçilər oraya toplaşmışdılar. Təşkilatın yeganə məqsədi Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan ayırıb Ermənistana birləşdirmək idi. Bu məqsədlə ermənilərdən kütləvi şəkildə pullar yığılırdı. Sumqayıt ermənilərinin qarşısında da belə bir tələb qoyulmuşdu.
Təkcə bir ayda Sumqayıt bankından 1 milyon rubla yaxın pul çıxarılmışdı. Sadə ermənilər bunu ona görə edirdilər ki, millətçi “Krunk” və “Daşnaksutyun” təşkilatları onlardan məcburi şəkildə ianə qopara bilməsin. Ermənilər faktları qətiyyətlə inkar etməyə çalışsalar da, həqiqət dəyişməz olaraq qalır. Belə ki, müttəhimlər kürsüsünə Eduard Qriqoryan adlı erməni də çıxarılmışdı. O erməni ki, ilk olaraq beş nəfəri qətlə yetirmiş və bununla da insanları kütləvi iğtişaşlara təhrik etmişdi.
Yeri gəlmişkən, araqarışdıranlar təkcə insanları öldürməklə kifayətlənmir, hadisələrin miqyasını böyütmək üçün evlərə hücum çəkir, avtomobilləri yandırır, ticarət obyektlərini qarət edirdilər”.
Həmin hadisələri xatırlayan professor qeyd edib ki, fevralın 27-də Sumqayıta daxil olan təxribat qrupunun üzvləri əhali arasında ekstremist ruhlu təbliğat aparırdılar: “Şəxsən şahidəm ki, Sumqayıtın mərkəzi meydanında, bazar və univermaq ətrafında camaatı başına toplayan meşin gödəkcəli bu naməlum şəxslər özlərini Ermənistandan qovulmuş azərbaycanlılar kimi qələmə verir, ermənilərin onlara necə divan tutduqlarından “yana-yana” danışırdılar. Qızışdırıcı, təxribat ruhlu söhbətlər təsirsiz qalmadı. Təhrikçilər şəhərdəki qeyri-sağlam qüvvələri, xüsusən də gəncləri inandırıb meydana topladılar. Mitinqlər başlandı və Sumqayıtda yaşayan ermənilərə divan tutmaq çağırışları səsləndi. Şəhərin “başbilənləri” əhalini şayiələrə uymamağa, təmkinli olmağa çağırsa da, artıq gec idi, düşmən öz işini görmüşdü. Fevralın 28–29-da təhrikçi dəstə şəhərin azyaşlı, emosiyalara uymuş gənclərinin kortəbii axını ilə faciəli hadisələrə yol açdı və aradan çıxdı. Ondan sonra meşin gödəkcəliləri şəhərdə “gördüm” deyən olmadı”.
Ramazan Məmmədov qeyd edib ki, həmin günlər Sumqayıt şəhərinin rəhbərliyi məzuniyyətə göndərilmiş, milis rəisi işdən azad edilmiş, DTK şəhər şöbəsinin rəisi isə başqa işə keçirilmişdi: “Şəhəri sanki bilərəkdən başsız qoymuşdular. Fevralın 28-də Sumqayıtda iğtişaşlar daha geniş miqyas aldı. İtaətsizlik baş alıb gedirdi. Hüquq-mühafizə orqanları iflic vəziyyətdə idi. Bütün bunlar Sumqayıtda baş verən hadisələrə əvvəlcədən ciddi hazırlıq görüldüyündən və nəzarətdə saxlanıldığından xəbər verir. Sübut və dəlillər hadisənin DTK divarları arasında hazırlandığını açıq-aydın göstərir. Respublika Baş Prokurorluğunun apardığı istintaqla müəyyən edilib ki, o vaxt Sumqayıt şəhərində yaşayan ermənilərin əksəriyyəti kütləvi iğtişaşların baş verəcəyindən əvvəlcədən xəbərdar olub. Belə ki, aparılan əlavə istintaq zamanı Sumqayıt şəhərində yaşayan 100-dən çox ailənin hadisələrə qədər əmanət kassalarında olan pullarını götürüb, şəhərdən köçüb getdikləri müəyyən edilib. Onların əksəriyyəti imkanlı ailələr idi. Həmin ərəfədə intensiv beynəlxalq telefon əlaqələri də ermənilər tərəfindən yaradılıb. İstintaq onu da müəyyənləşdirib ki, Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları Bakı və Sumqayıt şəhərlərinə gələrək buradakı mehmanxanalarda yerləşib, ermənilərlə görüşərək gizli söhbətlər aparıblar. Beləliklə, süni yaradılan bu təxribat ocağı bilərəkdən vaxtında söndürülməyib. Bu hadisənin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən qoparmaq üçün düşünüldüyü artıq təkzibolunmaz faktdır”.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az