Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında yeni əməkdaşlıq müqaviləsi imzalandı
Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında yeni əməkdaşlıq müqaviləsi imzalandı
“Web of Science Azerbaijan-2018” mükafatları alimlərimizə təqdim edildi
Dekabrın 5-də Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunmuş mərasim keçirildi.
Mərasimdə çıxış edən cənab Ceyhun Bayramov son illər ali təhsilin davamlı inkişafına nail olunması, universitetlərin beynəlxalq elmi bazalara çıxışının asanlaşdırılması və alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində mühüm addımlar atıldığını bildirdi. O, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın elmin inkişafına daha da təkan verəcəyini, ali təhsilin digər komponentləri ilə yanaşı, universitetlərin elmi fəaliyyətinin modernləşdirilməsi baxımından müstəsna rol oynayacağını vurğuladı. 2015-ci ildə Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı "Thomson Reuters") şirkəti arasında əməkdaşlıq sazişinin imzalandığını xatırladan təhsil naziri bildirdi ki, nəticədə, Azərbaycanın 40 ali təhsil müəssisəsi “Web of Science®” elmi platformasına çıxış əldə edib. “Clarivate Analytics” ilə əməkdaşlığın artıq müsbət nəticələr verdiyini deyən cənab Ceyhun Bayramov diqqətə çatdırdı ki, son 5 ildə Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda çap olunmuş məqalələrinin ölkə üzrə ümumi sayı 74 % artıb, ali təhsil müəssisələri üzrə müvafiq göstərici 88 % təşkil edib. “Web of Science®” elmi bazasında 2017-ci ildə 1160 elmi-tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə Azərbaycan üzrə publikasiya sayında rekord göstəricidir. Həmin məqalələrin təxminən 43 %-i ali təhsil müəssisələrinin payına düşüb. “Web of Science®” bazasına daxil olan məqalələrin artım dinamikasına görə Azərbaycan son 3 ildə Cənubi Qafqaz ölkələri arasında davamlı olaraq 1-ci yerdə qərarlaşıb. 2015-ci ildə Azərbaycandan cəmi 2 jurnal “Web of Science®” bazasında indeksləşdirilmişdisə, 2017-ci ildə bu göstərici 7-yə çatıb. Nazir “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığın növbəti 3 il ərzində davam etdirilməsinə dair qərar qəbul edildiyini bildirdi. Həmçinin Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2018-2021-ci illəri əhatə edən əməkdaşlıq üzrə Fəaliyyət Planının, ölkəmizin “Web of Science®” bazasında cari durumuna dair şirkət tərəfindən ildə iki dəfə əhatəli hesabatın hazırlanmasını təklif etdi.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev “Clarivate Analytics” ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi üçün müvafiq addımlar atılmasının vacibliyini vurğuladı. Azərbaycanda elm və təhsilin inkişafına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini qeyd edən E.Babayev bu sahədə müvafiq sərəncam və fərmanların imzalandığını xatırlatdı, ölkəmizə müasir texnologiyaların gətirildiyini və kadr hazırlığına böyük önəm verildiyini söylədi. Qeyd edildi ki, bütün bunların bəhrəsi özünü elm sahəsində göstərməlidir. Növbəti mərhələ isə bu nəticələrin məhz nüfuzlu jurnallarda nəşr olunması, elmi işlərə olan istinadların verilməsi və bunun sayəsində də beynəlxalq əməkdaşlığın qurulmasıdır. Elçin Babayev dedi: “Elmi nəticələr o vaxt əhəmiyyətli olur ki, ona müasir dövrün tələblərindən olan innovasiyalar tətbiq olunur və xarici alimlərlə əməkdaşlıq yüksək səviyyədə həyata keçirilir. Təhsil Nazirliyi tərəfindən hər zaman “Clarivate Analytics” şirkəti ilə əməkdaşlıqda qətiyyətli addımlar atılıb”.“Web of Science Azerbaijan-2018” mükafatları barədə məlumat verən icraçı direktor buraya yeni nominasiyaların daxil edildiyini də söylədi.
“Clarivate Analytics” şirkətinin konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reiss, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev ölkədə elmin inkişafı istiqamətində atılan addımlardan, Azərbaycanda əldə olunan elmi nəticələrin dünyada tanıdılmasının vacibliyindən danışdılar.
Tədbirdə “Clarivate Analytics” tərəfindən “2015-2018-ci illərdə “Web of Science” elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər” adlı təqdimat keçirildi.
Sonra Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalandı. Müqavilə mövcud əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsini, “Web of Science®” platformasının rusdilli elmi nəşrlər bazasına və ölkə üzrə elmi fəaliyyətin əhatəli təhlilinə imkan verən InCites platformasına çıxışın təmin olunmasını nəzərdə tutur.
Daha sonra “Web of Science Azerbaijan-2018” mükafatları müxtəlif kateqoriya və nominasiyalar üzrə azərbaycanlı alimlərə təqdim edildi.
 
Mətbuat xidməti
   
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az